Mühacir Azərbaycan Türk aydınlarının milli tarixi-fəlsəfi irsi...(IV YAZI)

 

Cümhuriyyət ideoloqlarının yeni dövlətə «Azərbaycan» adını vermələrində ikinci hədəfləri dövlətçilik ənənələrinin bərpası və dövlətçilik ideologiyasının yaradılması ilə bağlı olmuşdur. «Azərbaycan» adı qədim dövlətçilik ənənələrini ifadə etmək, eyni zamanda milli dövlətçilik ideologiyasını yaratmaq naminə yeni dövlətə verilmişdir. Bununla da, milli mənsubiyyəti ifadə edən «türkçülük» ideyası ilə yanaşı, milli dövlətçiliyi ifadə edən «Azərbaycan» ideyası yaranmışdır. Çox keçmədən «Azərbaycan» ideyası türkçülüyün rəsmi təbliğinin əsas hissəsinə çevrilmişdir. M.Ə.Rəsulzadə yazır ki, bu Cümhuriyyət Azərbaycan adlansa da əslində bir türk hökuməti, başqa sözlə kiçik Türkiyədir (20, 10). Deməli, «Azərbaycan» sözü dövlətçilik ideologiyası ilə bağlıdır, ölkənin adının nə cür adlanmasından asılı olmayaraq əslində bu dövlət türk dövləti, türk hökumətidir. Görünür, M.Ə.Rəsulzadə «Azərbaycan» sözünə sinonim kimi «kiçik Türkiyə» ifadəsini də bu mənada işlətmişdir. Hər halda açıq şəkildə hiss olunur ki, Cümhuriyyət ideoloqları milli mənsubiyyət, milli dili, milli mədəniyyəti «türkçülük», dövlətçiliyi, dövlət ənənələrini isə «Azərbaycan»-azərbaycançılıq ideyaları əsasında təbliğ ediblər. Məhz bu amildən çıxış edərək M.Ə.Rəsulzadə yazır ki, Rusiyada yaşayan Qafqaz müsəlmanlarını «türk», ölkələrini «Azərbaycan» kimi qəbul etdirmək qazanılmış bir dava idi.

M.Ə.Rəsulzadə Azərbaycan ideyası-azərbaycançılıqla yanaşı, türkçülük, yeni turançılıq məsələlərinə də zaman-zaman münasibətini bildirmişdi. Onun fikrincə, pantürkizm, panturanizm panslavyanizm və s. ideologiyalardan fərqli olaraq xalqın içindən doğan bir məfkurə olmuşdur. O yazır: «Pantürkizm məsələsinə gəlincə, fürsətdən istifadə edən yanıltmaçıların aldatmaq istədikləri zümrəyə birdəfəlik anladaq ki, slavyan millətlərində olduğu kimi, türk irqinə mənsub millətlərdə dəxi, bir birlik məfkurəsi doğmuş və bu doğuş müəyyən bir zaman romantik bir dövr yaşayaraq, o vaxta qədər, islam dini düşünüş alışqanlığında olan siyasi türk-tatar fikri üzərində daha əsri və tərəqqi sevərcəsinə bir təsir yapmışdır. Fəqət panslavyanizmdən daha az real şərait və imkana malik olan panturanizm panslavyanizm çatdığı nəticəyə nisbətən daha az bir zamanda gəlmiş və bu gün ən qatı panturanistlər belə sadə bir kültür birliyini mümkün mərtəbə mühafizəyə qeyrət etməklə kifayətlənmişlər».

M.Ə.Rəsulzadəyə görə, XX əsrin əvvəllərindəki türkçülərlə, turançılarla, bugünkü yeni türkçülər, yeni turançılar arasında da müəyyən fərqlər var. Artıq bugünkü yeni türkçülər, yeni turançılar Türkiyənin-Osmanlının timsalında türklərin böyük imperatorluqunu yaratmaq deyil, hər bir türk milləti istiqlalları uğrunda özləri mücadilə edirlər. Bu baxımdan slavyan birliyi fikri Çexoslovakiya dövlətinin təşəkkülünə mane olmadığı kimi, türk birliyi fikri də Azərbaycanın Qafqaz Konfederasiyasına girməsinə əngəl ola bilməz.

O, açıq şəkildə qeyd edirdi ki, panturanizm ideyası adı altında Azərbaycanın Türkiyə ilə birləşmək niyyəti yoxdur. Çünki mədəniyyət birliyi sahəsinə çəkilən siyasi panturanistlər artıq mövqeyini, türk millətləri reallığına tərk etmişdir. Deməli, bu dövrdə M.Ə.Rəsulzadə siyasi turançılıq, siyasi türkçülükdən imtina edərək, mədəni türkçülük, mədəni turançılığa üstünlük vermişdir. Qeyd edək ki, M.Ə.Rəsulzadənin pantürkizm, panturanizmlə bağlı ən məşhur əsəri Parisdə nəşr olunmuş «Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm haqqında» kitabıdır.

M.Ə.Rəsulzadənin Azərbaycanın istiqlalı ilə bağlı ən çox diqqət yetirdiyi məsələlərdən biri də Sovet Rusiyasının işğalçılıq siyasətinin, o cümlədən bolşevizm «demokratiyası»nın tənqidi, eləcə də kommunist və faşist rejimlərinə qarşı qoyduğu milli təsanüd-həmrəylik sistemi olmuşdur.

1920-ci illərin ortlarında qələmə aldığı «Rusiyada siyasi vəziyyət», «Bolşeviklərin Şərq siyasəti» və b. məqalələrində M.Ə.Rəsulzadə Sovet Rusiyasında gedən baş verən prosesləri diqqətlə izləyir, imperiyadakı «demokratiya» və «sosializm»in iç üzünü açıb göstərməkdə davam edirdi. Eyni zamanda əsl sosial-demokrat ideyası ilə, sovetlərin «sosial-demokrat»iyası arasındakı fərqləri ortaya qoyurdu. M.Ə.Rəsulzadə qeyd edirdi ki, sovetlərin qondarma «demokratiya» və «sosializm» təbliğatı artıq qeyri-rus millətləri arasında özünə yer tapmır. Buna səbəb isə bolşeviklərin sözləri ilə əməllərinin üst-üstə düşməməsidir. Belə ki, Vilson prinsiplərində xüsusi mövqe tutan «millətlərin öz müqəddəratlarını həlli səlahiyyətdar olduqları» şüarını bolşeviklər öz məqsədləri üçün sitifadə etmişdir. Rəsulzadə yazır: «Onların nəzərində bu şüar təqib etdikləri məqsəd uğrunda istifadə etdikləri silahlardan biridir. Digər təbirlə, bu məsələ onlar üçün heç bir zaman bir məqsəd deyil, sadə bir vasitə və alət rolunu oynamışdır».

M.Ə.Rəsulzadə yazır ki, halbuki bolşeviklərin lideri Lenin 1917-ci il oktyabr inqilabına qədər və inqilabın ilk dövrlərində özü də, hər bir millətin ayrı yaşamaq hüququnun olduğunu irəli sürmüşdü. Ancaq bolşeviklər Leninin bu formulunu «mərama müvafiq olarsa» qeydi ilə qəbul etmişlər: «Yəni demək istəmişlər ki, «bəli bir millət dövlətdən ayrılmaya belə haqlıdır. Yalnız bir şərtlə ki, bu ayrılma mərama müvafiq olsun». Mərama müvafiq olan ayrılmanın təqdiri isə bolşevik firqəsinə aiddir. Sonralar «bu təqdir»in miqyası da təyin olundu. «Təyini-müqəddərat» haqqı bir millətin ümumi heyətinə deyil, ancaq o millətin «proletariat» sinfinə məxsus olundu». M.Ə.Rəsulzadə yazır ki, bolşeviklərin milliyyət məsələsində fəaliyyət proqramı kimi qəbul etdiyi bu tezisə görə, guya sovet federalizmi isə müvvəqətidir, ittifaqı təşkil edən üzvlərin hansı istərsə ittifaqı tərk etmək haqqına malikdir: «Ancaq bu xəyali bir istiqlal idi. «Sovetlər ittifaqı» təşkilati-əsasiyyəsi -ölkə ruslar tərəfindən birmənalı şəkildə idarə olunur. MİK «ittifaq şurası» və «millətlər şurası» rusların əlindədir. O birisi cümhuriyyətlərin heç bir səlahiyyəti yoxdur. Sovet federasiyonunu təşkil edən cümhuriyyətlərin yalnız adı cümhuriyyətdir».

Bütövlükdə, bolşeviklərin Şərq siyasətini isə Rəsulzadə, belə dəyərləndirir: «Rus «Lafonten»i məşhur Krılovun «istifadə edə bilmədiyimizi hədiyyə edirik»- deyə bir misrası vardır. Bolşeviklərin Şərq məmləkətləri haqqındakı comərdlikləri də bu yöndəndir. Əlləri çatmadıqlarını hədiyyə edirlər… Bu, parlaq manevr idi. Manevrə idi-deyirik, çünki manevrə olmayıb da Sovet hökumətinin Şərqdəki qonşuları ilə dostluğu həqiqi və hər cürə istismar iştihasından ari həqiqətpərvaranə bir əsasə istinad etmiş olsaydı o zaman biz aradakı siyasi razılıq və uyğunluğa baxmayaraq, Şərq millətləri ilə Sovet arasında sənələrcə davam edən və hələ də bir cürə zəll edilməyən iqtsadi ixtilaflarla ticarət mübarizələrinə şahid olmazdıq».

M.Ə.Rəsulzadə kommunizmə, hitlerizmə və faşizmə qarşı qoyduğu milli təsanüd ideyasını isə 1930-cu illərdə irəli sürmüşdü. Rəsulzadə mümkün qədər çalışrdı ki, dini və milli dəyərləri, sosial-demokrat və liberal dəyərlərlə uzlaşdırsın. M.Ə.Rəsulzadə 1937-ci ildə «Müsavat» bülletenində nəşr olunan «Milli mücadilədə sosial şüarlar» məqaləsində «milli dava və sosial məsələ» ilə bağlı yazır: «Bir kərə «millət»in özü ictimai, yəni sosial bir anlamdır. Milli dava dəxi, əhatəli və ötkün bir baxışla, sosial bir davadır. Bir millət nə zaman müstəqil olur və bu istiqlalı nə üçün istəyir? Bu suallara cavab aradığımız zaman milli istiqlal davası ilə sosial məsələlər arasında ayrılıq deyil, dərin bir bağlılıq olduğunu görürük. Bir millətin dışarıya qarşı həqiqi istiqlalı, içəridəki milli hakimiyyətinin həqiqiliyi ilə mütənasibdir. Dövlətlər arasındakı «milli istiqlal» anlamının bir dövlət içindəki qarşılığı, «milli hakimiyyət» sözündəki mənadır».

Onun fikrincə, hürriyyət, milliyyət və istiqlal kimi mücərrəd siyasi şüarlar, münəvvər kütləyə xitab edən və onları inqilablaşdıran anlamlardır. Çünki geniş xalq təbəqələrini ayaqlandırmaq üçün, sadə şüarlar kafi deyildir. Onlar hərəkətə keçmək üçün, daha maddi və daha aydın şüarlar istər. Rəsulzadə yazır: «Sosial şüarların xalq kütlələrini ayaqlandırmaqda siyasi şüarlardan daha mühüm rol oynadığı hərb sonu hadisələrində bilxassə görülmüşdür. Kütlənin sadə sosial şüarlar və ancaq maddi mənfəətlər sövqi ilə hərəkətə gətirilərək inqilablaşdırıla biləcəyini xeylicə hesaba alan inqilabçı marksizm taktikasına əsas olaraq, sinif mücadiləsini və internasyonal sosializm almışdır. Eyni məktəbin məhsulu və məmləkətimizin bugünkü müstəvisi bulunan bolşevizm dəxi-məlum olduğu üzrə-eyni məktəbin şagirdi və eyni taktikanın sahibidir. Onunca əsas, siniflər və onlar arasındakı mücadilədir. Bu isə milli deyil, beynəlmiləl bir işdir».

M.Ə.Rəsulzadə qeyd edir kir, bolşeviklərdən fərqli olaraq İtaliyada Mussolin, Almaniyada isə Hitler sosial şüarlardan milli mənfəətlər üçün istifadə edir. Bolşeviklər sosial şüarlarını beynəlmiləl proletar sinfi uğrunda mübarizə adı ilə təqdim etdikləri halda, Mussolin və Hitler isə, bütün bunları milli şüarlar kimi qələmə verirlər. M.Ə.Rəsulzadənin fikrincə, bolşevizm olmasaydı İtaliya və Almaniyada faşizm bu dərəcədə uğur qazanmazdı. Yəni rus bolşevizmi təhlükəsi İtaliya və Almaniyada millətçiliyn radikal şəkildə ortaya çıxmasına səbəb ol¬muş-dur. Rəsulzadə rus bolşevizmi kimi, bu formada özünü göstərən millətçiliyi-faşizmi də qəbul etmirdi.

«Milli dava və sosial məsələ» problemindən çıxış yolu kimi milli təsanüdü qəbul edən Rəsulzadə qeyd edir ki, Azərbaycan Cümhuriyyəti dövründə bu məsələlər arasında tam uzlaşmanın olmaması səbəbsiz deyildlir. Belə ki, sosial məsələlərdən o zaman lazımi şəkildə istifadə olunmamasının bir sıra səbəbləri olub: «O zaman bir tərəfdən liberalizm, digər tərəfdən də internasyonal sosializm cərəyanlarının zamana hakim təsirlərinə rəğmən, milliyyətçi qalmağı bacaran «Müsavat» üçün indiki ümumi ruhdan mülhəm olaraq, daha milli bir syiasət də daha təsanüdçü sosial bir sistem təsbit etmək qeyri mümkün idi!…».

Yeni dövrdə, yəni 1930-cu illərdə «Müsavat»ın proqramına sosial məsələlərdə bir sıra dəyişikliklərin edildiyini önə çəkən Rəsulzadə yazırdı ki, bu da milli həmrəylik anlayışıdır. Ona görə yalnız milli təsanüdçülük demokratik dövlətin əsas ideologiyası ola bilər. Bu zaman nə liberalizmə, nə də bolşevizmə ehtiyac qalacaq. Bu, sosial məsələlərlə milli məsələnin uzlaşdığı ən mühüm nöqtə idi. Rəsulzadənin ortaya atdığı bu ideya elmi-fəlsəfi və siyasi baxımdan yeni idi. Burada əsas məsələ milli çərçivə daxilində sosial məsələləri həll etmək cəhdidir. Şübhəsiz ki, bu zaman kommunizmin doğurduğu bolşevizm və s. kimi bəlaları özündən uzaq tutmaqla yanaşı, milli təsanüdçülük kapitalizmin də mənfi tərəflərini rədd edirdi: «Milli istiqlal mücadiləsinin müvəffəqiyyəti və onun bir kütlə hərəkəti olaraq, şumulluluğu üçün milliyyətçilərə sosial məsələlərlə məşğul olmaq zərurət və bu məsələləri milli davanın faydası namına həll etmək isə borcdur! Sadə istiqlal şüarı məmləkətin geniş xalq kütlələrini toplayaraq mücadiləyə çəkmək üçün kafi deyildir. Uğrunda mücadilə edilən «istiqlalın» daşıdığı sosial mənanı da açmalıdır ki, milli hərəkət düşmənlərinə kütləyi şaşırtmaq üçün demaqogiyasına imkan qalmasın!…».

M.Ə.Rəsulzadə hesab edirdi ki, sosial məsələni milli məsələnin bir hissəsinə çevirməklə bolşevikləri sıradan çıxarmaq mümkün olar. Bu baxımdan onun əsas məqsədi o idi ki, sosial məsələnin millətçiliyə zidd olmadığını ortaya qoysun: «Doğrudur- milliyyət şüarı toplar. Fəqət, sosial şüarların da toplayıcıları yox deyildir. Ayırıcı sosial şüarlar sinif mücadiləsini tərvic edən kosmopolit, internasyonal marksist sistemindən doğan şüarlardır. Yoxsa, sinifləri vuruşdurmağa deyil, barışdırmağa baxan təsanüdçü (solidarist) sosial sistemindən gələn şüarlar ayırmaz, toplar və bu surətlə də milli istiqlal anlamı ilə təzad deyil, tam bir ahəng təşkil edərlər!… Düşmənimiz bolşevizm üçün milliyyət, keçici bir taktika məsələsi isə, bizim üçün sosial islahat heç də öylə deyildir. Bu, öz başına təsanüdlü və məsud bir varlıq təsəvvür etdiyimiz ahəngdar milli cəmiyyətin həm davamı, həm də istiqlalının təmini üçün zəruri və daimi bir qayədir!…».

M.Ə.Rəsulzadənin milli təsanüd sistemi ideyası, milli məsələ ilə sosial məsələnin kəsişdiyi bir nöqtə idi. O, bu ideyanı irəli sürməklə sübut etmək istəyirdi ki, sosial məsələləri milli məsələlərə qarşı qoymağın heç bir mənası yoxdur. Rəsulzadə sosial məsələlərin milli məsələlərə zidd olmadığını, əksinə, onunla bağlı olduğuna inanırdı. Beləliklə, milli ideoloq əsas fikirlərini milli məsələ ilə sosial məsələnin təsanüdünə, yəni onların həmrəyliyinə yönəltmişdir.

 

Dos., Dr. Faiq Qəzənfəroğlu (Ələkbərli)

 

Uluyol.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300