Qarabağdakı əsir qadınların "QARA BAXtları": SOLMAZIN "HƏDİYYƏSİ"...
30 oktyabr 2017-ci ildə Çırağan mərasim sarayına, yaxın qohumumun yas mərasiminə
getmişdim. Çoxdan görmədiyim qohumlarla da fürsət tapıb görüşdüm. Uzaq qohumum
Əlini isə lap çoxdan görmürdüm. Görüşüb hal-əhval tutduq. Əli artıq
yaşlaşmışdı, amma gəncliyindəki təbəssüm, gözlərindəki işıltı hələ də dəyişməmişdi.
Soruşdum ki, yaşayışın necədir, ailə üzvləri, övladlar, nəvələr?...
Bütün məclislərdə olduğu kimi, söhbəti hara fırlatsaq da, sonda millətin yaralı
yeri olan Qarabağ probleminin üzərinə gəlir. Əli dedi ki, təqaüdə cıxdıqdan
sonra, qalmışam Naxçıvanla Bakının arasında. Övladlar burada, biz isə orada. Nəvələrimi
görmək üçün ayda bir-iki dəfə Bakıya gəlirik. Soruşdum:
– Heç İrana gedib gəlirsənmi?
Dedi ki, əvvəllər tez-tez gedərdim. Son zamanlar isə iki-üç ildən bir gedirəm.
-Əli bax, bu yerə döşənmiş çəhrayı rəngli, mərmər daşlarını görürsənmi? Bu
daşlar Ağdamın Gülablı mərmər karxanasından çixarılır. Oradan İrana göndərilir,
ondan bu plitələr kəsilir, cilalanır, sonra isə İran malı adı altında gətirib bizə
satırlar. Ömrümün 30 ilini Azərbaycanın Tikinti Materialları Sənayisi Nazirliyi
sistemində işlədiyimə görə, Əli, mənim sözlərimin doğruluğuna tərəddüd etmədi.
Dedi:
- Mübahisə edə bilmərəm, sən o sahədə işləmisən və bizdən yaxşı bilərsən,
daşaların çıxarılma yerlərini, növlərini, çeşidlərini...
Birdən Əli duruxub susdu və fikrə getdi ... Handanhana dilləndi:
- İran dedin, yadıma bir hadisə düşdü... Hər dəfə o söhbəti xatırladıqca ürəyimdən
qanlar axır. Mərasim zalının foyesində əyləşdik. Əli hadisəni nəql etməyə
başladı...
-Bildiyin kimi, mən işlə əlaqədar tez-tez İrana səfər edərdim. Ən çox getdiyim
yer də Təbriz şəhəri olurdu. Təxminən 15 il olar ki, İrana getmişdim. Yaxın
tanışım olan bir tacirlə onun dükanında söhbət edirdik. Birdən kabinetə bir şofer
daxil oldu (Təbriz ləhcəsində: "Ağa avtoyu verdim darvazanın qapısına,
malları yüklədə bilərsiniz"-dedi. Tacirlə çıxdıq darvazanın qarşısına,
tacir soruşdu:
- Adə Bahari (şoferin soyadı imiş), bu nəmənə avtoydur? Avtoyunu təzələmisən,
köhnəsini satdın.
Bahari:
- Xeyir ağa, yandı.
-Necə oldu yandı, harada yandı.
Şofer:
– Ağa birminci və axırımıncı kərə getmişdim Qarabağə, orada partlatdılar
avtoyumu.
Tacir:
- Gədə danış görüm, necə yəni partlatdılar?
Darvazanın qapısında kətillərdə əyləşdik, bizə çay gətirdilər. Bahari söhbətə
başladı:
-Ağa, həmişə düşünürdüm ki, ədə bu ərməni it uşaqları, Qarabağdan niyə əl çəkmək
istəmirlər, bu Qarabağ nəmənə yerdir belə. Bir tüccar gəlib məni tapdı, erməni
idi. Dedi ki, Qarabağa yük aparmaq lazımdır, gedərsənmi? Qiyməti razılaşdırıb,
səhəri yola düşdük. Mehrini keçib dağ yolu ilə Gorusdan Laçına daxil olduq.
Ağa, bilsəydin mən nə gördüm... Hər tərəf addımbaşı meşəlik, çəmənlik, gül-çiçək,
talalar, sıldırım qayalar...Cənnət məkan. Erməni dedi ki, görürsən, bu gözəlliyi?
Bil ki, biz niyə Qarabağdan ötəri dünyanı ayağa qaldırmışıq. Bir xeyli getdikdən
sonra Laçının bir kəndinə çatdıq. Kənd dağın başında idi, adını xatırlamıram. Hər
tərəf silahlı adamlarla dolu idi. Avtoyun motoru bərk qızmışdı, yəqin ki,
qaynatmışdı. Avtoyu bir dükanın qabağına verdim, təkərlərin arxasına daş qoyub,
kapotu açıb, radiyatoruna su tökməyə başladım. Əsgərlər avtoyun yükünü
boşaltmağa başladılar. Dükanın 20-30 addımlığında bir dəstə erməni silahlı
yeyib içib, bağırırdılar. Bir də gördüm ki, bir qız əlində saz, bunların məclisinə
gətirildi. Qız saz çalıb oxumağa başladı. "Nar ağacı, nar çiçəyi"
oxuyurdu. Sərxoş ermənilər də daş-duş edib bağırışırdılar, ermənicə söyüş
söyürdülər, anqırırdılar. Qız mahnını bitirib qurtqranda bir saqqallı sərxoş erməni
səndirləyərək ayağa qalxdı. Qızı qucaqlamaq istədi, qız kənara çəkildi. Erməni
daş kimi , yerə dəydi. O biri ermənilər öz dillərində nəsə deyib,
hırıldaşdılar. Ermənilərdən biri: " Axçi Solmaz, bir Karabax şikastası
oxu"- deyə qıza bağırdı. Anladım ki, adı Solmazdır. Qız ağlaya-ağlaya
oxumağa başladı. O ağladıqca ermənilər gülürdülər, ələ salırdılar. Oxuyub
qurtadıqdan sonra biri qıza bağırdı: "Ağlama, kuvşini götür, get o
bulaqdan bizə su gətir, üz-gözünü də yu". Qız gəlib yanımdakı bulaqda
üz-gözünü yuyanda soruşdum: " Qız türksən?" Dedi: " Hə, sən də
İran türküsən? Bu alçaqlara niyə qulluq edirsən?" Dedim ki, qazancım
bundandır, yoxsa balalarım ac qalar. Solmaz avtoyun o tərəfində alt tərəfdə dəmir
yeşik var, açım, gir orada gizlən. Hamısı sərxoşdur, səni yada salmazlar,
aparım Təbrizdə verim konsulxanaya, oradanda gedərsən vətənə. Solmaz dedi ki,
yox getmirəm, məni ölmüş bilirlər, qoy elə də bilsinlər. Biz Laçından iyirmi
qız, əsirik. Geri qayıtmarıq, hər şey gecdir, başımıza olmazın müsibətini açıblar,
kimə lazımıq vətəndə. Bizi öldürməklərinə razıyıq.
Ermənilərə baxdım ki, çoxu içkinin təsirində yuxuya getmişdilər. Solmaz saxsı səhəngi
doldurub ermənilərə baxdı. Qız onların yadından çıxmışdı. Avtoyun yükünü
boşaldan ermənilər, avtomat silahlarını beş addımlıqda, divarın dibinə söykəmişdilər.
Birdən, qəfil Solmaz avtomatı götürüb, mağazininə baxıb, tətiyi çəkdi, ermənilərə
atəş açmağa başladı. Elə ani oldu ki, mən də, ermənilrə də özlərini itirdilər.
İki dəqiqə ərzində beş-altı erməni cəhənnəmə vasil oldu. Güllə qujrtaran kimi,
Solmaz ikinci avtomatı götürdü və ermənilər atəş açmağa başladı...
Beş altı erməni mənim avtoyumun dalında gizləndilər. Solmaz bağırdı maşından
uzaqlaş və avtoyumu gülləyə tutdu.
Bakdan tökülən yanacaq alışdı . Avtoy bir anın içində alova qərq oldu.
Partlayış baş verdi, maşın yanmağa başladı. Mən qaçaraq avtoydan uzaqlaşdım.
Bir erməni bağıraraq: "Onu öldürməyin, diri tutun" – deyirdi. Solmaz
atəş aça-aça sıldırıma tərəf qaçdı. Ermənilər də ardınca yerlə sürünərək ona
sarı gedirdilər. Sıldırımın yuxarısında Solmazın avtımatında güllə qurtqdı...
O mənə baxaraq bağıra-bağıra dedi: " Get bizimkilərə de ki, qeyrətləri
olsun, qızlarımızı azad etsinlər!"...
Elə bağıra-bağıra da özünü sıldırım qayadan aşağı atdı. Saydim ki, yerdə, yeddi-səkkiz
erməni cəsədi var. Bir azdan Solmazın ölmüş cəsədini gətirdilər, başı
dağımışdı, üz gözü qan içində idi. Bu hadisədən hamımız donub qalmışdıq. Erməni
tacir dedi ki, avtoyun sənədləri məndədir, Qarabağın sığorta sənədi də içində Məni
apardı Xankəndinə. Orada çoxlu qənimət avtoylar vardı. Seçdim, bunu götürdüm.
Almanın MAN avtoyudur. Mənim köhnə avtoyumdan min kərə yaxşıdır. Bunu mənim
adıma sənədləşdirdilər, qayıtdım İrana. Evdə sordular bu avtoy nəmənə? Dedim
ki, Qarabağdan Solmazın hədiyyəsidir...
Şöfer bunuları danışıb, hönkür-hönkür ağladı, bizi də ağlatdı...
(Hekayə yazmaq əlimdən gəlmir, əslində hövsələm çatmır. Bu yazını da güclə tamamlaya bildim. Sadəcə istədim ki, siz də bu olmuş hadisən xəbərdar olasınız...)
Nadir İsmayılov