Hadi taleli MÖHTƏŞƏM Aydın Canıyev

Əslində bu yazı çoxdan yazılmalıydı, amma indi alındı. Həmkarımız Əvəz Zeynallı məlum statusu yazdı və məni də tərpətdi...

Bir neçə il əvvəl Aydın Canıyevin indi sizə təqdim etdiyim bir şəklini gördüm və ürəyimdən Aydın haqqında düşüncələrimi yazmaq keçdi. Özünə də zəng edib dedim ki, "Aydın, sənin bir şəklin diqqətimi çəkdi, fikirlərimi yazacam!”

O da şəkillə maraqlandı:

- Çox sağol, Rey, yazmışkən varsan! Amma sən canın, hansı şəkildir elə diqqətini çəkib? - deyə o vaxt maraqla soruşdu. Sonra bir neçə dəfə də özü eyham vurdu ki, "Yazı noldu?” Hər dəfə də deyirdim ki, yazacam...

O "yazacam”, bu "yazacam”, günümüzə qədər yubandı vədim.


*****

...Aydını çoxdan tanısam, əksər yazılarını sevə-sevə oxusam da, özüylə şəxsən yaxından tanışlığım 2001-ci ildə oldu. Sabir Rüstəmxanlının "Vətəndaş Həmrəyliyi” partiyasının eyniadlı qəzetinin redaksiyasında. Yeri gəlmişkən, o zaman qəzetin baş redaktoru Əvəz Zeynallı, müavini İlham Tumas, parlament müxbiri Qənimət Zahid və digər yazarları da çox istedadlı, tanınmış qələm adamları idi. Maraqlı xatirələrim var bu qəzetlə bağlı...

Aydın da, səhv etmirəmsə, həftə də bir dəfə müəllif yazısı ilə çıxış edirdi qəzetdə. Hər gün yox, amma tez-tez gəlirdi redaksiyaya. Əvəzlə görüşürdü, uşaqlarla hal-əhval tuturdu. Yaradıcılıq söhbətlərində isə ustadı, Allah can sağlığı versin, qocaman jurnalist Şakir Yaqubovdan danışırdı.

Yazısını da kompyüterdə çox qısa zamanda yazıb gedirdi. Yazanda da barmaqlarının arasında, mütləq, siqaret tüstüləməliyidi...

Biz həftəyə bir köşəni zülümlə yazan vaxtlarda adam bu işi yarım saata həll edib gedirdi. Yazını bitirib sonuncu nöqtəni qoyanda da klaviaturaya elə vururdu, səsindən dərhal bilirdin ki, artıq işini bitirdi. Bəzən də elə ekrana baxa-baxa özü yazısına ilk reaksiya verirdi:

- Möhtəşəm!

Adamın üstündə Alalh var, yazıları da elə həmişə möhtəşəm olurdu.

Bax beləcə onunla bir müddət eyni qəzetdə, eyni otaqda çalışdıq...


*****

Aydının bu şəklinə kompyüterin ekranında baxdıqca yadıma qeyri-ixtiyari olaraq ötən əsrin əvvəlində yaşamış, acı taleli şair Məhəmməd Hadi gəlirdi. Elə indi də, bu sətirləri yazanda da, şəklinə baxanda o hissləri yaşayıram. Axı talelərində də oxşar cəhətləri var onların. Hər ikisi istedadlı, hər ikisi həbsxana həyatı yaşayıb, hər ikisi bir parça çörəyini çətinliklə qazanıb, hər ikisi dövlətin diqqətindən kənarda...

Təki Hadi qədər az yaşamasın Aydın! Allah uzun və xoş ömür versin ona!


*****

Üzü Nəcəf bəydən bəri Məmməd Nazimoğlu, Adil Qaçayoğlu, Zöhrab Əmirxanlı...ustad yazarlarımız bir-bir bizi tərk edirlər...Və təəssüflər olsun ki, yerləri də boş qalır! O sıradan olan Canıyev dövrümüzün ən istedadlı və MÖHTƏŞƏM jurnalistlərindəndir! Ustaddır! Barmaqla sayıla biləcək qədər qalıblar bunlar! Yaxşı ki, hələ də yazır! Ürəyini boşaldır. Hər yazısı da, maşallah, master - klass!

Yaza bilməyənlərin, jurnalistikanın "J”-dan belə bixəbərlərin qəzet, sayt rəhbəri olub başa çıxarıldığı bir zamanda aydınlara böyük ehtiyac var mediamızın. O, bizə - dövlətimiz, jurnalistikamıza çox gərəklidir. Amma nə yazıqlar olsun ki, o, dövlətin, dövlətin media işini yönəldənlərin diqqətindən kənarda qalıb həmişə! O cümlədən "söz azadlığı” adıyla böyük maliyyələr ayıran beynəlxalq təşkilatların, onların layihələrindən də kənardadır Aydın!

Səbəbi bəllidir!

Aydın çox çətin xarakterli (yəqin məndən inciməz bu fikrimə görə) insandır. Məncə, bu da onun həmişə azadlığa, sərbəstliyə can atması, kimsədən asılı olmaq istəməməsi ilə bağlıdır. Bu da jurnalistikanın inkişafı üçün çox vacib məqamdır. O, belədir, biz onu belə qəbul eləmişik. Adam dəyişəsi deyil ha bundan sonra. Belə də yanaşıb onu yaxşı işlə təmin etmək, onun təcrübəsindən, istedadından, peşəkarlığından faydalanmaq lazımdır!

Aydını qorumaq lazımdır! Qoruyağın mediamızın canlı əfsanəsini! Ən azından özümüz, mediamız üçün!

P.S.Fotoda yanında başqa adam da olub Aydının. Amma onu "fotoşop”un köməyi ilə sildirib. Bəlkə də özü silib? Maraqlıdır kim olub o adam?

Rey Kərimoğlu, qaziler.az


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300