Azərbaycan Milli Hərəkatının ideoloji əsasları...

1-ci Yazı

 

1917-ci ildə çar Rusiyasında baş verən fevral burjua inqilabı və çarizmin süqutundan sonra Şimali Azərbaycanda baş qaldıran Milli Hərəkat yeni bir mərhələyə qədəm qoymuş oldu. Milli Hərəkatın əsasında: 1) Dinlə milliyyətin fərqləndirilməsi, 2) Türk dilinin, o cümlədən Azərbaycan türkcəsinin inkişafı, 3) Rusiyanın federallaşması, 4) Milli bolşeviklərlə milli istiqlalçılar arasındakı fərqlərin aşkarlanması, 5) "Azərbaycan” anlayışının siyasi-ideoliji anlama çevrilməsi və 6) müstəqil Azərbaycan türkçülüyünün formuləsi kimi məsələlər dayanırdı.

1917-ci ilin martın 17-də Azərbaycanın bir qrup ziyalıları yığışaraq Bakı müsəlman ictimai təşkilatları və kooperativlərinin nümayəndələrindən ibarət büro yaratdılar. Bakı Şəhər Dumasının həyətində keçirilən qurultayında Rusiyadakı Müvəqqəti Hökumətə etimad göstərilməsi barədə qərar qəbul edildi. 1917-ci il martın 27-də bu büro Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsi ilə əvəz olundu. Müvəqqəti Komitənin sədri Məmmədhəsən Hacınski, müavini isə Məhəmməd Əmin Rəsulzadə seçildi. Onlar müsəlmanlara müraciətində birləşməyi təklif edirdi. Martın axırlarında yaradlımış Bakı fəhlə və hərbçi deputatları Soveti isə solçu inqilabi qüvvələrin orqanına çevrildi. Bununla da Rusiyada olduğu kimi, Azərbaycanda - Bakıda da ikihakimiyyətlilik yarandı.

Azərbaycanlı marksist-leninçilər də burjua inqilabından istifadə edərək, yenidən öz siyasi təşkilatlarını on illik fasilədən sonra, 1917-ci ilin martın 3-də "Hümmət" Partiyasının fəaliyyətini bərpa etməklə yaratdılar. Partiyanın Müvəqqəti Komitəsinin sədri Nəriman Nərimanov, üzvləri isə M.Əzizbəyov, M.N.İsrafilbəyov, H.Sultanov və başqaları seçildi. "Onlar bolşevik mövqeyində dayandığını elan etsələr də, "Hümmət"in əyalətlərdəki komitələri menşeviklərə meyl göstərirdilər". N.Nərimanovun redaktorluğu ilə bolşevik "Hümmət"in eyni adlı qəzeti də nəşr olunmağa başladı. RSDFP BK-nın qərarına əsasən 1917-ci il aprelin 15-20-si arasında Bakıda keçirilən Qafqaz müsəlmanlarının I qurultayında da iştirak edən bolşevik-hümmətçilər N.Nərimanov, M.Əzizbəyov və R.Nağıyevin nümayəndələr qarşısında qaldırdığı tələblərə görə, sosialist inqilabının ümumdünya miqyasında qələbəsi uğrunda hamı proletar Rusiyası şüarı altında birləşməlidir. "O, kiçik xalqların taleyini yalnız fəhlə-kəndli Rusiyasının taleyi ilə bağlayırdı".

Uzun müddət müxtəlif ideyalar arasında tərəddüd edən Nəriman¬ov¬un sonda bolşevizm xəttini seçməsində 1917-ci il Rusiya fevral burjua inqilabı və sosial-demokratizmə bəslədiyi ümidlər mühüm rol oynamışdır. Bu mənada, o, həmin inqilabın təsiri altında yalnız sosializm quruluşunda milliyyətindən və dinindən asılı olmayaraq insanların bir-birilə yoldaş olacaqlarını inanmışdır: «Bolşevkilər mənim arzuladığım dünyanın qapısını aça biləcək yeganə hakimiyyəti – xalq hakimiyyətini yenidən yaratmaq ümidi ilə sinfi mübarizədə qan tökürlər». Məhz o, sosial-demokratizmi seçdiyi üçün, sovet dövründə vaxtilə daha çox meyil etdiyi islamlıq və türklüyü deyil, beynəmiləlçiliyi müdafiə etmək zorunda qalıb. Eyni zamanda, Nərimanov yalnız rus bolşeviklərinə qoşulduqdan, hətta onlarla birləşmək fikrinə düşdükdən sonra birmənalı şəkildə türkçülük və islamçılığın əleyhdarına çevrilmişdir. Bu baxımdan Nərimanov Azərbaycan türklərinin Osmanlı türklərinə güvənərək türkçülüyü yaymasını doğru hesab etmirdi. Xüsusilə, Nərimanovun M.Əzizbəyov, S.M.Əfəndiyev kimi Azərbaycanın gələcəyini Rusiyada görməsi və müstəqil Azərbaycana qarşı olması sirr deyildi. Rəsulzadənin təbrincə desək, Nərimanov üçün artıq ümid yeri, çıxış yolu yalnız bolşevik Rusiyası və onun lideri Lenin idi: "O zaman müsəlman sosialistlərin ələmdarı bulunan "Hümmət” firqəsi başda doktor Nəriman olmaq üzrə Azərbaycan muxtariyyətinin ədəvv-canı idi. "Hümmət”ə görə biz milləti fəlakətə çəkir və mən qeyri həqq millət naminə söz söyləyirmişik. Azərbaycan fikri, türklük iddiaları xalqın deyil, bir sıra burjuapərəst "boşboğazlar”ın imiş. Müsəlmanların mənfəəti "qırmızı əmələ bayrağı”nın altına toplanmaq və "Rusiya demokratiyası”ndan ayrılmamaqda imiş”.

1917-ci il oktyabr rus inqilabından sonra bolşevizmə bəslədiyi ümidin artmasının nəticəsi idi ki, Nərimanov 1918-ci ilin əvvəllərində «Hümmət» qəzetində dərc olunan bir məqaləsində üzünü müsəlmanlara tutaraq yazırdı: «Bir ümid yeriniz varsa, o da tazə hökumətdir (Şura hökumətidir – F.Ə.) və var qüvvənizlə ona kömək etməlisiniz. Sizin hər cəhətdən nicat yolunuz Leninin məramnaməsindədir». Fikrimizcə, marksizm-leninizmin Azərbaycanda 1900-1910-cu illərlə müqayisədə iflasa uğradığı bir zamanda N.Nərimanovun Rusiya bolşeviklərinin, xüsusilə onların rəhbərləri Leninin və Stalinin taktikasına uyğun olaraq «Azərbaycan bolşevikləri»nin lideri kimi önə çəkilməsi təsadüfi olmamışdır. Bu, Azərbaycanı yenidən müstəmləkəsi halına gətirmək istəyən rus imperiyasının yeni bir taktikası idi. Lenin başda olmaqla bolşeviklərin fikir dəyişdirməsinə əsas səbəb daşnak Şaumyanın əli ilə nəzərdə tutduqları Azərbaycan türklərinin soyqırımını tamamilə reallaşdıra bilməmələri olmuşdu. Bu baxımdan bolşeviklər taktika dəyişdirərək bu dəfə türk-müsəlman bolşevik liderinin əli ilə Azər¬baycana sahib çıxmağa qərar vermişdilər. Bu taktikaya görə, xalq arasında müəyyən qədər tanınan, eyni zamanda sosial-demokrat əqidəsinə səmimi şəkildə tapınan Nərimanov milli-demokratik qüvvələrə və onun bariz təzahürü olan milli hökumətə qarşı bir «proletar» sima kimi önə çıxarılmalı, həmin «müsəlman-türk sosialist» simasının da razılığı ilə Milli hökumət devrilməli və son olaraq Nərimanovun «müstəqil Sovet Azərbaycanı»nın başçısı olduğunu bəyan etməklə Azərbaycanın işğalına hərtərəfli haqq qazandırılmalı idi. Maraqlıdır ki, Stalin Rəsulzadə ilə söhbətində Nərimanovla onların arasında belə bir anlaşmanın olduğunu gizlətməmişdir.

Doğrudur, hazırda bəzi tədqiqatçılar (Ş.Qurbanov, H.Həsənov və b.) hesab edirlər ki, Nərimanov Sovet Rusiyasının başçıları ilə deyil, onlar onunla anlaşıblar. Hətta, bunu müsbət faktor kimi dəyərləndirən H.Həsənov yazır ki, Leninlə danışıqlarda Nərimanov Azərbaycanın müstəqilliyi, Bakının paytaxt olması və milli adət-ənənələrin nəzərə alınması kimi şərtlər irəli sürmüşdür. Bu prizmadan çıxış edən Şamil Qurbanov da yazırdı ki, ona qarşı irəli sürülən ittihamların heç bir əsası yoxdur: «İndi bəzi alimlər və təsadüfi jurnalistlər nahaqq yerə onu tənqid atəşinə tuturlar, yeri gəldi-gəlmədi tənqid etmədən keçinmirlər». Bizcə, N.Nərimanovla bağlı irəli sürülən bəzi tənqidi fikirlər heç də əsassız deyildir. Belə ki, Azərbaycan Cümhuriyyətinin timsalında Azərbaycan xalqı bir millətin taleyində önəmli rol oynayan ideyaları (istiqlal, müstəqil parlament, müstəqil ordu, bayraq və s.) əldə etdikdən sonra, onu Sovet Rusiyasının əli ilə yıxıb yerində «müstəqil Sovet Azərbaycanı» qurmağın da, bu mənada Nərimanovun Sovet Rusiyasının başçıları ilə əslində tabeçilik anlaşması əsasında, onların qarşısında hansısa şərtlərlə çıxış etməsinin də heç bir anlamı yox idi. Burada qazanan yalnız bir tərəf var idi: Sovet Rusiyası və onun əlaltıları. Fikrimizcə, bu baxımdan Nərimanov Sovet Rusiyasından deyil, Sovet Rusiyası Azərbaycan Cümhuriyyətini işğalı planı çərçivəsində «Nərimanov faktoru»ndan maksimum faydalanmışdır. Bunu, həmin dövrdə Moskvada yaşayan Nərimanovun Azərbaycanda baş verənlərlə bağlı Lenini daima məlumatlandırması, «Qafqazın işğalına baxış» məruzəsi və xüsusilə, Azərbaycanın baş naziri N.Yusifbəyliyə yazdığı məktubundan açıq şəkildə görmək mümkündür.

Nərimanov sonralar özü də etiraf edirdi ki, Moskvada olduğu dövrdə «Azərbaycanda hakimiyyətin bolşeviklərin əlinə keçməsi üçün (əslində müstəqil bir dövləti - Azərbaycan Cümhuriyyətini işğal etmək üçün) hazırlıq işi görülmüş», o, isə bu planın həyata keçirilməsi üçün Leninə xidmət etmişdir. Nərimanov Yusifbəyliyə yazdığı məktubunda bolşeviklərlə bir yerdə olmasını siyasi-ideoloji baxışlarındakı fərqlərlə izah etməyə çalışmışdır: «Siz pantürkizm və panislamizm ideyalarını yayarkən, mən bir kommunist kimi sizin qəti əleyhinizə çıxmışdım, lakin sizin Türkiyə qanadı altına girmək cəhdinizə, bir psixoloq kimi, lütfkaranə baxırdım. Türkiyə «zəfərlə» gəlib rüsvayçılıqla getdi». Çox keçmədi ki, Nərimanovu qanadının altına alan Sovet Rusiyası da Azərbaycana «zəfərlə» gəldi, ancaq şimal ölkəsi Türkiyədən fərqli olaraq ləyaqətlə getmədi, sözün həqiqi mənasında bü ölkəni 70 il müstəmləkəsi kimi idarə etdi. Bunu, yalnız 27 aprel işğalınının üstündən bir qədər keçdikdən sonra dərk edəcək Nərimanov hələ, buna qədər müstəqil Azərbaycanın baş nazirinə yazırdı ki, «qızıl əsgərləri xarüqələr yaradan bütöv bir dövlətin (yəni Rusiyanın – F.Ə.) həyatı ilə oynamaq olmaz, amma siz cinayətkarcasına bu cür oynadınız…». Halbuki çox keçmədi ki, Sovet Rusiyası «Nərimanov faktoru»ndan da istifadə edərək, 1920-ci ilin aprelində Azərbaycanı müstəmləkə halına gətirdi və Azərbaycan türklərinin başına bir çox faciələr gətirdi.

1917-ci il fevral burjua-demokratik inqilabından sonra Şimali Azərbaycanda ən güclü milli partiyaya çevrilən və Milli Hərəkata rəhbərlik edərək, bütün ictimai təbəqələri təmsil edən isə Müsavat Partiyası olmuşdu. Doğrudur, 1917-ci ildə Gəncədə siyasi-ideya baxışına görə, Müsavatdan çox da fərqlənməyən Nəsib bəy Yusifbəyli, Şəfi bəy Rüsitəmov, Həsən bəy Ağayevin rəhbərliyi ilə "Türk-Ədəm-Mərkəziyyət" da Partiyası yarandı. Partiyanın lideri Nəsib bəy Yusifbəyli Rusiyanı federativ şəkildə görür, bu federasiya çərçivəsində isə Azərbaycanın muxtariyyətini tələb edirdi. Bu faktordan çıxış edərək M.Ə.Rəsulzadə sonralar yazırdı ki, N.Yusifbəylinin Azərbaycan istiqlalı hərəkatındakı rolu yalnız maarif naziri və baş nazir olmaqla kifayətlənməmişdir: «Onun hərəkatdakı həqiqi rolu sonra tutduğu bu rəsmi mövqelərdən çox əvvəl başlamışdır. Bu rol onun Gəncədə 1917-də «Türk ədəmi mərkəziyyət xalq firqəsi» namıyla təsis edilən siyasi Azərbaycan firqəsinin təşkilinə təşəbbüs etməsiylə başlayır. Azərbaycan ideyasını siyasi bir tələb maddəsi şəklində formulə etmək şərəfi mərhum Nəsib bəyindir». M.Ə.Rəsulzadə daha sonra qeyd edir ki, əslində Azərbaycan milli ideyası onların tanışlığının ilk illərindən (1914-1915-ci illər) hər ikisində yaranmışdı: «Bu dostluğu bu qədər mətin bağlarla bir görüşmədə bağlayan şey, şübhəsiz, müştərək bir qayə, müştərək bir ruh daşıdığımızı mütəqabilən kəşf edişimiz idi. Bu ruhi-müştərək Gəncədə Nəsib bəyə siyasi bir firqə maddəsinin yazılmasını təlqin etdiyi bir zamanlarda, mənə də Bakıda «Açıq söz» qəzetəsinə eyni tezisi müdafiə edən bir baş məqalə yazdırmışdı».

 

Dos., Dr. Faiq ƏLƏKBƏRLİ

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300