Özbəkistanda pambıq yığımında "qul əməyi” qadağası - bəs, Azərbaycan?
Xəbər verdiyimiz kimi, Özbəkistanda
bu Orta Asiya ölkəsi üçün sensasion sayıla biləcək hadisə baş verib. Baş nazir
Abdulla Aripov sentyabrın 21-də gecə yarısı iclas keçirərək büdcə təşkilatlarının
işçilərinin, tələbələrin və məktəblilərin zorla pambıq yığımına aparılmasına
son qoymağı əmr edib. Baş nazir hökumətin bu haqda avqustun əvvəllərində qəbul
etdiyi əmrin "qeyd-şərtsiz yerinə yetirilməsini” tapşırıb.
Özbəkistanda pambıq yığımında qul əməyindən istifadə uzun illərdir ki, beynəlxalq
təşkilatları ciddi narahat edir və onlar hökumətdən buna son qoymağı tələb
edirlər. Lakin bu Orta Asiya ölkəsində büdcə zəhmətkeşlərinin, tələbələrin və
orta məktəb şagirdlərinin hər il zorla pambıq yığımına cəlb edilməsi adi
praktikadır.
Qeyd edək ki, bu qadağaya səbəb BMT Baş Assambleyasının sessiyası zamanı Dünya
Bankının prezidenti Jim Yen Kimin Özbəkistan prezidenti Şövkət Mirziyayevlə
görüşündə pambıq yığımında qul əməyindən istifadə məsələsini qaldırması olub.
Prezident isə insanların zorla pambıq yığımına cəlb edilməsinə son qoyacağına
söz verib.
Hamıya məlumdur ki, Azərbaycanda da son illər pambıqçılığın inkişafı ilə bağlı
addımlar atılandan sonra büdcə təşkilatlarının işçilərinin məcburi pambıq
yığımına cəlb edilməsi halları baş verir. Lakin bizdə pambıqçılıq çox geniş
yayılmadığı kimi, bu praktika da Özbəkistandakı qədər kütləvi deyil.
Məsələ ilə bağlı münasibət bildirən iqtisadçı
ekspert Natiq Cəfərli "Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, vaxtilə Özbəkistan
bu məsələyə görə ciddi problemlərlə qarşılaşdı:"Dünyanın
böyük tekstil şirkətləri pambıq yığımında büdcə təşkilatlarında çalışanların əməyindən
istifadə edildiyinə görə Özbəkistan pambığını almaqdan imtina etdilər. Bir çox
yerlərdə Özbəkistan pambığından hazırlanan paltarlar boykot edildi. Bu ölkədə
pambıq yığımında büdcə zəhmətkeşləri ilə yanaşı, uşaq və qadın əməyindən də
istifadə edilməsinə görə dünyada böyük bir kampaniya başladılmışdı. Özbəkistan
hər dəfə belə boykotlardan əziyyət çəkirdi və öz pambığını daha kiçik şirkətlərə
ucuz qiymətə satırdı. Artıq Özbəkistanda hakimiyyət dəyişib, yeni prezident
hakimiyyətə gəlib. Bu prezidentin siyasəti İslam Kərimovun siyasətindən fərqlənir,
belə bir qərarın verilməsi də doğrudur”.
İqtisadçı onu da vurğuladı ki, bu qərarın
ardından Özbəkistanda pambıq sektoru ciddi problemlərlə qarşılaşa bilər:"Özbəkistan
iqtisadiyyatı , o cümlədən pambıqçılıq sahəsi büdcə təşkilatlarında işləyənlərin
əməyinə alışmışdı. Onu necə əvəz edəcəkləri problem olacaq”.
N. Cəfərlinin sözlərinə görə, Azərbaycanda da məlum
praktikadan istifadə edilərsə, gələcəkdə sözügedən boykotla qarşılaşa bilər:"
Ona görə də, daha çox təşviq proqramları ilə , normal işçi qüvvəsinin cəlb
olunması ilə bu işi görmək lazımdır. Ən yaxşısı isə yeni texnologiyanın tətbiq
i yolu ilə daha rentabelli , daha yüksək məhsuldarlıqlı pambıqçılığın inkişaf
etdirilməsinə ehtiyac var. Əl əməyini minimuma endirərək, yeni texnika və
texnologiyaların tətbiqi ilə pambıq əkinini, qulluğu və yığımı həyata keçirmək ən
sərfəli yoldur. Bizdə bu hal Özbəkistandakı qədər kütləvi deyil, çünki pambıq əkini
də o qədər kütləvi deyil. Orada hər il 2,5-3 milyon tona yaxın pambıq yığılır.
Bizdə gələn il üçün hədəf 200 min tondur. Yəni, bu sahədə əkin hələ azdır deyə,
sözügedən problem də nəzərə çarpmır. Lakin ilkin simptomlar ötən il var idi. Müəllimlərin
, tələbələrin ,həkimlərin pambıq yığımına cəlb olunması ilə bağlı xəbərlər gəlirdi.
Ancaq ümid edək ki , bu praktika bu il təkrarlanmayacaq. Çünki həm ölkənin
imicinə görə, həm də rentabelliliyə görə yaxşı hal deyil. Büdcə təşkilatlarında
çalışanların və zorla bu işə cəlb olunanların yığımda heç bir marağı olmur, nəticədə
rentabellilik və gəlirlilik aşağı düşür”.
Nərgiz LİFTİYEVA