Главная > İdman > “Qarabağ” bu gün ən ciddi rəqibi ilə qarşılaşır

“Qarabağ” bu gün ən ciddi rəqibi ilə qarşılaşır


26-08-2017, 16:33.

Futbol üzrə Azərbaycan çempionatının 3-cü turunda tarixi qələbə ilə bütün ölkəni sevindirən "Qarabağ” klubu bu gün son illərdə çempionatdakı ən böyük rəqibi "Qəbələ”ni qəbul edəcək.

Axar.az "Qarabağ” futbol klubunun qazandığı böyük uğur sonrası ilk oyunu ilə bağlı millət vəkili Fazil Mustafa və tanınmış idman jurnalisti Emin Abbasovun münasibətlərini öyrənib.

Millət vəkili Fazil Mustafa "Qəbələ”nin də Avropa Liqasında kifayət qədər xoş təsir bağışladığını bildirib və bugünkü oyunda heç bir komandaya azarkeşlik etməyəcəyini bildirib:

"Qəbələ” də Avropa Liqasında kifayət qədər yaxşı oynadı. Sadəcə, rəqibin heyəti daha güclü idi. Təbii ki, "Qarabağ” da, "Qəbələ” də özümüzündür, doğmadır. Yaxşı oynayan komandanın qələbəsinə isə sevinmək lazımdır. Biz yaxşı oyuna baxmağı sevirik. Azərbaycan çempionatında xüsusi azarkeşlik etdiyim klub yoxdu. Beynəlxalq arenada isə "Qarabağ” həm ad, həm də mövqe olaraq fəxrimizdir. Ona görə də beynəlxalq oyunlarda heç bir tərəddüdsüz "Qarabağ”ı dəstəkləyirik. Kaş bütün komandalarımız "Qarabağ” və "Qəbələ” səviyyəsində oyun göstərsin. Beynəlxalq arenada söz sahibinə çevrilsin”.

Emin Abbasov isə "Qarabağ” üçün tarixi uğurun ab-havasından çıxmağın asan olmayacağını dilə gətirib:

"Ölkə başçısından tutmuş sadə vətəndaşlara qədər, ölkədə hamı "Qarabağ”dan danışır. Bu, böyük uğurdu - həm ölkəmiz, həm də futbolumuz adına. Amma futbol elə bir sahədir ki, bir yerdə dayanmaq olmaz. "Qarabağ”ı Premyer Liqada "Qəbələ” ilə oyun gözləyir. Hər nə qədər çətin olsa da, bu oyuna köklənmək lazımdır. Mənə elə gəlir ki, "Qarabağ” "Qəbələ” ilə oyundan qalib ayrılacaq. Ən pis halda heç-heçə olacaq. Özüm isə "Qarabağ”a azarkeşlik edəcəm”.

Qeyd edək ki, "Qarabağ”-"Qəbələ” qarşılaşması bu gün T.Bəhramov adına Respublika Stadionunda saat 20:30-da başlayacaq.

 


Вернуться назад