Главная > GÜNDƏM > ATƏT-in Minsk Qrupunun yeni amerikalı həmsədri təyin edilib

ATƏT-in Minsk Qrupunun yeni amerikalı həmsədri təyin edilib


24-08-2017, 19:29.

ATƏT-in Minsk Qrupunun yeni amerikalı həmsədri Endrü Şefer olacaq. Bu barədə Amerikanın indiki həmsədri Riçard Hoqland Vaşinqtonda Mətbuat Evində keçirilən "dəyirmi masa”dakı çıxışında bildirib.

"Amerikanın səsi”nin məlumatına görə, E.Şefer avqustun 28-də öz vəzifəsinin icrasına başlayacaq.

"Məmnunluqla bildirmək istəyirəm ki bazar ertəsindən yeni həmsədr Endrü Şefer olacaq. O, çox təcrübəli, yüksək vəzifəli diplomatdır, beynəlxalq təşkilatlarda ABŞ məsələləri üzrə müvəkkil olub. Həmsədrin dəyişməsindən asılı olmayaraq, ABŞ-ın indiki administrasiyasının mövqeyi bu məsələdə dəyişməz qalır”, – R.Hoqland bildirib.

O qeyd edib ki, Kipr və digər münaqişələrin nizamlanmasında E.Şeferin real təcrübəsi var. "Düşünürəm ki, Dövlət Departamenti yaxşı həmsədr seçib”, – o vurğulayıb.

Sonra o, Qarabağ münasişəsinin nizamlanması yollarına toxunub və deyib ki, gələcək sülh bir neçə elementə əsaslanmalıdır: keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti hüdudlarındakı ərazilərə müvəqqəti status verilməlidir ki, bu, minimum olaraq ərazinin təhlükəsizliyini və özünü-idarəçiliyi təminat altına alsın; Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilər Azərbaycanın nəzarətinə qaytarılmalıdır; Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən təhlükəsiz dəhliz mövcud olmalıdır; bütün məcburi köçkünlər və qaçqınlar öz yaşayış yerlərinə qayıtmalıdır; regiona üçüncü ölkələrdən sülhməramlı qüvvələr gətirilməlidir.

 


Вернуться назад