Главная > Ədəbiyyat > “Sənə bir daş atar yerindən duran” – Ramiz Rövşən

“Sənə bir daş atar yerindən duran” – Ramiz Rövşən


22-08-2017, 18:32.

"Sənə bir daş atar yerindən duran”

(Əbülfəz Elçibəyə ithaf edilib)

 

Sənə bir daş atar yerindən duran,
Səni sevdiklərin daş-qalaq eylər.
Bir əlində daş var, birində Quran,
Daş atan bilirmi nə günah eylər?


 

Silərsən gözündən axan yaşları
Öpüb əzizlərsən sən o daşları.
Deyərsən: "Sağ olun, qan qardaşlarım,
Məni təzə daşa kim qonaq eylər?!”


 

Hər daş özü boyda köz olub yanar,
Cana damğa kimi basılıb yanar,
Qanlı yaraların qızarıb yanar,
Səni başdan-başa çılçıraq eylər.


 

Bircə tilsimin var, sevgi tilsimi,
Kim qırar Tanrıya bağlı bir simi?
Tanrı Tanrıdırsa, öz Elçisini,
Min bir daş altında yenə sağ eylər.


 

Sən dözərsən ağrısına,
Daş dözməz, daş haray eylər.
O daşlardan Tanrı sənə,
Bir ev tikib saray eylər.

 


Вернуться назад