Главная > Ölkə / Cəmiyyət > Vəkil Nemət Kərimli Fuad Qəhrəmanlının müdafiəsinə qoşuldu

Vəkil Nemət Kərimli Fuad Qəhrəmanlının müdafiəsinə qoşuldu


15-01-2016, 14:50.

Vəkil Nemət Kərimli bu gündən etibarən AXCP sədrinin müavini Fuad Qəhrəmanlının hüquqlarının müdafiəsinə qoşulub. Nemət Kərimli yanvarın 15-də Kürdəxanıdakı istintaq təcridxanasında Fuad Qəhrəmanlı ilə görüşüb.  Nemət Kərimli "Basta”ya verdiyi məlumatda bildirib ki, Fuad Qəhrəmanlının saxlanma şəraitindən şikayəti olmasa da, onun səhhətində müəyyən problemlər var.

 F.Qəhrəmanlı bəzi xəstəliklərdən əziyyət çəkir və daimi dərman qəbul edir. Yaxınları narahatdır ki, onun xəstəlikləri təcridxana şəraitində dərmanlarsız şiddətlənə bilər. Vəkil bildirib ki, F.Qəhrəmanlının müalicəsinin təşkili ilə bağlı bəzi tədbirlər görüləcək: "Fuad bəylə bu gün həmçinin, onun müdafiəsinin təşkili ilə bağlı bəzi məsələləri planlaşdırdıq”.

Xatırladaq ki, Fuad Qəhrəmanlı Cinayət Məcəlləsinin 281.1-ci (dövlət hakimiyyətiəleyhinə çağırışlar etmə) və 283.2.1-ci (zor tətbiq etmə hədəsilə milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələrilə təqsirləndirilir.

Baş Prokurorluq F.Qəhrəmanlının həbsi barədə yaydığı məlumatda deyilir ki, guya onun "facebook” səhifəsində vətəndaşları hakimiyyət nümayəndələrinə qarşı itaətsizliyə çağırdığı, islam dininin müxtəlif təriqətləri arasında nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməsinə dair sübutlar toplanıb.

Göründüyü kimi, Baş Prokurorluq açıqlamasında açıq etiraf edir ki, F.Qəhrəmanlı hansısa konkret cinayət əməlinə görə yox, fikirlərinə, hakimiyyətə yönəlik tənqidi yazılarına görə həbs edilib.


Вернуться назад