Главная > Aktual > Gürcüstanda yüksək rütbəli məmurlar Əfqan Muxtarlıya görə istefaya göndərildi

Gürcüstanda yüksək rütbəli məmurlar Əfqan Muxtarlıya görə istefaya göndərildi


21-07-2017, 09:09.

Gürcüstanda Dövlət Sərhəd Xidməti polis idarəsinin və Milli Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat idarəsinin rəhbərləri azərbaycanlı jurnalist Əfqan Muxtarlının işi ilə bağlı vəzifələrindən kənarlaşdırılıblar.

Bu haqda Gürcüstanın Rustavi2 telekanalı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, iki önəmli fiqurun istefaya göndərildiyini Gürcüstanın daxili işlər naziriGeorqi Mqebrişvilijurnalistlər üçün brifinqdə açıqlayıb.

Nazir bildirib ki, qərar Əfqan Muxtarlı ilə bağlı araşdırma başa çatanadək qüvvəsində qalacaq: "İctimaiyyətdə istintaqın obyektivliyi ilə bağlı hər hansı tərəddüd olmamalıdır. Ona görə də qərara gəldik ki, sərhəd xidmətinə və əks-kəşfiyyata cavabdeh olan şəxsləri istintaq gedən müddətdə işdən uzaqlaşdıraq. Biz əməkdaşlarımızın bu işdə iştirakının olmadığına əminik. Amma istintaq hər hansı versiyanı istisna etmir. İstənilən halda sərhəd qaydaları müəmmalı şəkildə pozulub. Ona görə də belə bir qərar qəbul olundu. Həmin məmurların müvəqqəti uzaqlaşdırılması bu işdə əsassız yozumlara yol açılmaması üçün çox mühüm addımdır”.

Əfqan Muxtarlının xanımı Leyla Mustafayeva "Basta”nın sualına cavab olaraq qeyd edib ki, idarə rəislərinin istefaya göndərilməsi müvəqqəti xarakter daşıyır.

"Bu qərardan dərhal sonra Əfqan Muxtarlı ilə bağlı işin araşdırılmasını Gürcüstan Prokurorluğu öz üzərinə götürüb. Lakin gərək araşdırmanı əvvəldən prokurorluq aparaydı. Əfqan Muxtarlının oğurlanması ilə bağlı bir çox izlər silinib”, – Leyla Mustafayeva bildirib.

Qeyd edək ki, Əfqan Muxtarlı mayın 30-da Azərbaycanda həbs olunub. O, öz ifadəsində mayın 29-da Tbilisi şəhərində oğurlandığını bildirib.//bastainfo.com

 


Вернуться назад