Главная > Müsahibə > Sabir Rüstəmxanlı: Uşaqlarımızı rus məktəbinə göndərmək günah və milli xəyanətdir
Sabir Rüstəmxanlı: Uşaqlarımızı rus məktəbinə göndərmək günah və milli xəyanətdir12-07-2017, 16:55. |
|
Türk dilinin rəsmən BMT-də və beynəlxalq qurumlarda tanınması və rəsmi dilə çevrilməsi çox zəruridir, çünki bu gün o qurumlarda yeddi türk dövləti təmsil olunur
Musavat.com və Xeber365.com saytları Türk dilinin regionda hakim dilə çevrilməsi istiqamətində yeni bir layihəyə start verir.
Məqsəd Türk dilinin, eləcə də Azərbaycan türkcəsinin Qafqaz və Qara dəniz bölgəsində tam şəkildə "linqva franka” statusuna malik olduğunu isbat etmək və gələcəkdə beynəlxalq status alması üçün əsaslı dəlil kimi istifadə etməkdir.
Layihə çərçivəsində ilk müsahibimiz ictimai-siyasi xadim, Azərbaycan Dil Qurumunun başqanı Sabir Rüstəmxanlıdır: – Sabir bəy, Gürcüstanın Azərbaycan və Türkiyə arasında tranzit ölkə olması türk dilini bu ölkədə ünsiyyət vasitəsinə çevirə bilərmi? Əgər çevirərsə, bunun nə kimi elmi, iqtisadi və siyasi faydaları nə ola bilər?
– Məsələnin Gürcüstandan başlaması mənə qəribə gəldi, çünki Gürcüstan ruslar Cənubi Qafqaza gələnə qədər, yəni onlardan öncəki bütün tarix boyu türk dilinin geniş işləndiyi bölgə olub. Müsəlman acarlar türk dilini biliblər, Cənubi Gürcüstan axıska türklərinin vətənidir, Borçalı türklərin yaşadığı torpaqdır, yəni türk dili, az qala, Gürcüstanın hər yerində anlaşılır və Gürcüstanla bizim (bircə XI-XII yüzilliklərdə, yəni Atabəylər dövrü istisnadır) tarix boyu həmişə yaxşı münasibətlərimiz olub. Xüsusən Səfəvilər dövründə, Avşarlar, Qacarlar dövründə Gürcüstanda çox ciddi bir islamlaşma həvəsi olub, gürcülər Azərbaycan türklərinin başçılıq elədiyi orta əsrlər imperiyalarında və dövlətlərində həmişə iştirak ediblər və müəyyən yuxarı yerləri də tutublar. Söhbət türk dilinin, ümumiyyətlə, böyük dünya dillərindən birinə çevrilməsindən getməlidir. Azərbaycan dilinin təkcə Azərbaycan dili şəklində qoyulması bir az yanlış olar. Çünki Azərbaycan dilini Anadolu tükcəsindən, Türkiyə tükcəsindən ayırmaq olmaz. Bir halda ki bir-birimizi başa düşürük, hər ikisinin kökü oğuz türkcəsidir, bugünkü ədəbi dillərdəki müəyyən fərqlərə baxmayaraq bu dillər bir dildir və biz hər şeyi Azərbaycan çərçivəsində götürsək –dilimizi, tariximizi, coğrafiyamızı, mədəniyyətimizi – çoxlu yanlışlıqlara yol verərik. Sovet dövründə bunu ediblər, bunu istəyiblər; bu bölgə üçün ayrı əlifba yaradıblar, ayrı tarix cızmağa çalışıblar və bir bölücülük siyasəti aparılıb. Biz bu siyasətdən qopmalıyıq. Rusiyadan – SSRİ-dən qopmuşuq, 30-cu illərin xofu arxada qalıb, repressiya təhlükəsi yoxdur. Amma Azərbaycanda 30-cu illərin düşüncəsi hələ də davam edir. Hələ də burda bir rus dili hegemonluğu, sevgisi var, bəziləri təkrar rus dilinin ağuşuna qayıtmaq istəyirlər, hətta rus dilini ikinci dövlət dilinə çevirmək istəyirlər, təzələri peyda olub, hətta üçüncü – ingilis dilini də Azərbaycanın dövlət dilinə çevirmək istəyirlər. Azərbaycan normal bir müstəqil dövlətdir, öz dövlət dili var və dilini də inkişaf etdirməlidir. O ki qaldı, türk dillərinin dünya dili olması məsələsinə, buna maneçilik törətmək istəyənlər çoxdur. Mən iki dəfə (bir dəfə Qahirədə, bir dəfə İstanbulda) İslam Ölkələrinin Parlament İttifaqının yığıncağında çıxış edəndə demişdim ki, islam parlamentinin üç işlək dili var; biri ərəb dili, biri ingilis dili, biri fransız dili. Halbuki islamı dünyaya yayan türklər olub. Nədən türk dili burda rəsmi dil deyil? Mən onu müdafiə də elədim, təəssüf ki, mənə kimi o fikri səsləndirən olmamışdı orada. Türk orduları, türk gücü, türk bayrağı İslamı üç qitəyə yayıb, islamın yayılmağında çox ciddi rol oynayıb və təbliğatında rol oynayıb. Osmanlı dağılandan sonra türk dilinin arealı – yayılma dairəsi, işlənmə dairəsi kiçilmişdir. Amma Osmanlı türkcəsi onsuz da ərəb-fars kəlmələri ilə dolu bir dil idi və indi yenilənmiş, daha güclü, daha təmiz və daha gözəl bir Türkiyə türkcəsi var. Azərbaycan türkcəsi də ötən əsrlərin yabançı ibarələrindən təmizlənib və özünə dönüb. Dillərimiz təmizləndikcə bir-birimizə daha da yaxınlaşmışıq. İndi söhbət türk dilinin ortaq ünsiyyət dilinə çevrilməsindən gedir. Yəni türk dili Avroasiya məkanında ortaq bir dilə çevrilməlidir. Türk dili tarixi haqlarını bərpa eləməlidir. Bunun böyük rolu olacaq. Əslində türk dili Şumerdən başlamış altı min il dövr ərzində Avroasiyada izi olan və görünür, qədimdən də çox geniş yayılmış və bu son iki min ildə də yenə Çindən Avropaya qədər geniş bir dairədə işlənmiş bir dildir. Şumercədə dörd yüzə yaxın türk sözü aşkarlanıb və alimlər tərəfindən təsdiqlənib. Bu ya bu dillərin qohumluğunu göstərir, ya da o vaxt türk dili o qədər güclü olub ki, Şumer dilinə təsir göstərib. Mən tarixi qədimləşdirməyi xüsusi bir məqsəd hesab eləmirəm və tarixlə də öyünmək lazım deyil. Sadəcə onu demək istəyirəm ki, türk dilinin izi, təsiri bütün bu bölgədə var. Ərəb dilində türk sözləri var, fars dilində türk sözləri var kifayət qədər, Avropa dillərində də var, rus dilində də. Bu, dilin gücünün əlamətidir. Bu Avroasiya dediyim məkandan, Uzaq Şərqdən Avropanın ortasına qədər, hətta Karpat dağlarına, Macarıstana qədərki torpaqlarda saysız-hesabsız, minlərlə türk adları var; dağ , çay , çöl, göl, yer adları və s. Bu, dilin heç vaxt bizim indiki coğrafiyamız daxilinə sığışmadığını göstərir, indi də şükür yenə o türk coğrafiyası qalır, sadəcə coğrafi uzaqlıq və bu dilin ünsiyyət dili kimi işlənməməsi, hamı üçün ortaq yazı dilinə çevrilməməsi getdikcə dillər arasında fərq yaradır. Ona görə də, məncə, əgər istəyiriksə Türkiyə türkcəsi və Azərbaycan türkcəsi bir yerdə bu bölgənin ortaq ünsiyyət dilinə, ya bir dünya dilinə çevrilsin, onda əvvəla, bu dillərin arasında əlaqələri möhkəmləndirməliyik, əlifba arasındakı xırda fərqləri aradan qaldırmalıyıq və Anadolu türkcəsi ən inkişaf etmiş, dillərimizin arasında ən təmiz bir mövqeyə sahibdir, ona görə də onu xarici dil kimi, heç bundan utanmaq lazım deyil, xarici dil kimi Azərbaycanda, Türkmənistanda, Özbəkistanda, Qırğızıstanda, Qazaxıstanda iki-üç il tədris eləmək lazımdır orta məktəbdə. Qoy türk dilini rus, ingilis dili kimi (o dilləri öyrənmək də vacibdir) oxutsunlar. Çox lazım deyil, üç il, dörd il. Belə bir planlı təhsil sistemi qurulsa, on ildən, on beş ildən sonra türklərin ayrı ünsiyyət dilinə ehtiyacları qalmaz.
– Sadaladıqlarınız həyata keçərsə, türk dilinin beynəlxalq dilə çevrilməsi real görünürmü?
Bu, onları bəyəm inkişaf elətdirib akademikə çevirib? Baxır o dildə nə öyrənir. Ona görə də mən rus dilinin ciddi şəkildə öyrənilməsinin tərəfdarıyam. İngilis dilinin ciddi şəkildə ən ucqar kəndlərimizdə də öyrənilməsinin tərəfdarıyam. Amma söhbət baza təhsilindən gedir. Təhsil ana dilində olmalıdır. Ana dilində olanda onda indiki bu anlaşılmazlıq yaranmaz. Çünki rus dilli məktəblərimizlə, Azərbaycan dilli məktəblərimiz arasında fərq var. Bizim Azərbaycan dilli məktəbləri qurtaranlar rus ədəbiyyatını, rus mədəniyyətini, rus dilini öyrənirlər, yaxşı öyrənirlər, Bakıdakı rus məktəblərində Azərbaycan dilini öyrətmirlər. Elə müəllimlər, elə dərsliklər, elə proqramlar var və onu elə keyfiyyətsiz, aşağı səviyyədə tədris edirlər ki, rus məktəblərində Azərbaycan dilini sevmək əvəzinə, ona istehza ilə baxırlar. Azərbaycan ədəbiyyatını, Azərbaycan mədəniyyətini ortaya qoymurlar. Bizim Bakıdakı rus dilli azərbaycanlılarla azərbaycanca oxuyanlar arasında fərq var. Rus dillilərin əksəriyyəti (böyük ziyalılarımız istisnadır) Azərbaycan mədəniyyətini bilmir. Bunu mənə rusca oxuyan ziyalılarımız deyirlər. Deyirlər, təəssüf ki, bizim öz mədəniyyətimizin bu faktlarından xəbərimiz yoxdur. Ona görə də o qədər rus məktəbinin olması, orada o qədər azərbaycanlının oxuması və öz dilini, mədəniyyətini pis bilməsi millətimizi iki yerə parçalayır – türkdilli azərbaycanlılar və rusdilli azərbaycanlılar. Daha Üzeyir Hacıbəylilər, Mirzə Cəlillər vaxtı deyil. O vaxt Əhməd Ağaoğlu, Əlimərdan bəy Topçubaşov rus məktəblərində oxuyurdular, amma öz dilini mükəmməl bilirdilər və elə mühit də onlara öz dilini öyrədirdi. Amma indi Bakı mühiti kosmopolit bir mühitdir və burada kimi görürlər, onun dilini öyrənməyə hazırdırlar. Gələnə öz dilini öyrətməkdənsə, gələnin – qonağın dilini öyrənirlər. Qarışdırmaq lazım deyil. Biz dil öyrənməyin əleyhinə deyilik, rus dili öyrənməyin əleyhinə deyilik. Qoy rusdilli məktəb olsun – nə qədər rus var, ona uyğun. Onlar öz dillərində oxusunlar, hər kəs öz dilində oxusun. Amma azərbaycanlı uşaqların məktəbini zəiflədib, Azərbaycan məktəbi pisdir deyib, onları rus məktəbinə göndərmək, günahdır, milli xəyanətdir. Mən belə deyərdim. Sən istəyirsənsə, uşağının səviyyəsi yüksək olsun, uşağın dünya səviyyəsində oxusun, Azərbaycan məktəblərinin səviyyəsini yüksəlt, müəllimlərin səviyyəsini yüksəlt, təchizatı yaxşılaşdır, dünya məktəbləri ilə əlaqələrini gücləndir. Azərbaycan məktəblərini qaldır inkişaf etmiş ölkələrin məktəbi səviyyəsinə. Yoxsa mənim məktəbim pisdir, mən burda oxumuram, desən– getdikcə bu məktəb bir az da pisləşsə, zəifləsə və beləliklə, valideynlər artıq Azərbaycan məktəblərində müəllimlərin əxlaqı, al-ver əhval-ruhiyyəsi, bir-biri ilə münasibətlərini görüb, bəyənməyib, uşağını rus məktəbinə aparsa, burda günah dildə deyil, burda təhsilin dili günahkar deyil, bu toplumun əxlaqıdır, toplum günahkardır, qanun günahkardır. Sən hüququ möhkəmləndir. Qanun hamı üçün eyni olsun və təhsilin müəllimlərinin səviyyəsini gücləndir ki, Azərbaycan məktəbləri rus məktəblərindən geri qalmasın.
Dil canlı orqanizmdir, öz işini görür, özü yaşayır, zənginləşir, qabarır, çəkilir, artıq şeyləri atır. Yaxud farsın İrandakı şovinist siyasətinə baxmayaraq, dilimizdə olan müəyyən fars sözləri burada vətəndaşlıq qazanıb və ərəb sözləri var ki, bizim dilimizin qanunlarına uyğunlaşıb yaşayırsa, onları niyə dəyişməliyik? "Mədəniyyət” "vətən” , "məktəb” sözünü dəyişməyə nə ehtiyac var? Bir halda ki, dilimizin qanunları ilə yaşayır, qoy yaşasın. Bir vaxt bura gələn çoxlu ərəblər vardı, müəyyən zümrələr gəlib yerləşmişdilər. Ərəb kəndləri də olub. Oranın artıq adı qalıb. Amma onlar hətta öz köklərini aparıb birbaşa Məhəmməd peyğəmbərə bağlasalar da, artıq türkləşiblər, azərbaycanlılaşıblar. Sözlər də elədir. Sözlər də buraya gəlib bizim sözümüzə çevrilib. Onlardan imtina eləmək olmaz.
Вернуться назад |