Главная > Media > Baş redaktora Əfqan Muxtarlı ilə bağlı yazılarına görə xəbərdarlıq olunub

Baş redaktora Əfqan Muxtarlı ilə bağlı yazılarına görə xəbərdarlıq olunub


18-06-2017, 08:18.

Azərbaycan Baş Prokurorluğunda aparılmış araşdırmalarla müəyyən edilib ki, "bastainfo.com” internet portalında yayılması qadağan edilən informasiyalar ictimailəşdirilməklə "Kütləvi informasiya vasitələri haqqında”, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan qanunlarının, habelə cinayət və cinayət-prosessual qanunvericiliyin müddəaları pozulub. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatıda deyilir.

Mətbuat xidməti bildirir ki, internet portalının baş redaktoru Mustafa Hacıbəyli Baş Prokurorluğa dəvət edilərək, internet portalında dövlət orqanlarının mətbuat xidmətləri ilə dəqiqləşdirmə aparılmadan sensasiya naminə qəsdən və qərəzli şəkildə ictimai rəyi çaşdırmaq, cinayətkarlığa qarşı mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin üzərinə kölgə salmaq məqsədi ilə konkret faktlara əsaslanmayan məlumatların, eləcə də ibtidai araşdırma məlumatlarının qərəzli olaraq yayılmasını davam etdirəcəyi təqdirdə barəsində daha ciddi tədbirlər görüləcəyi barədə növbəti dəfə rəsmi xəbərdarlıq edilib.

Müsavat Partiyası isə Mustafa Hacıbəylinin Baş Prokurorluğa çağırılaraq Əfqan Muxtarlının işi ilə bağlı yaydığı məlumatlara görə xəbərdarlıq edilməsini pisləyən bəyanatla çıxış edib.

Müsavat Partiyası hesab edir ki, Avropa Parlamentinin bir gün əvvəl qəbul etdiyi "Əfqan Muxtarlı hadisəsi və Azərbaycanda medianın vəziyyətinə dair” qətnamədən dərhal sonra Müstafa Hacibəylinin baş prokurorun müavini Rüstəm Usubovun yanına çağırılması Müsavat Partiyasına qarşı təzyiq, Azərbaycanda tüğyan edən ifadə azadlığına qarşı total basqının davamıdır.

"Müsavat Partiyası mediaya basqılara, ifadə azadlığına qarşı təzyiqlərə son qoyulmasını, eyni zamanda jurnalist Əfqan Muxtarlının dərhal azad edilməsini hakimiyyətdən bir daha tələb edir”, sənəddə qeyd edilir.

Xatırladaq ki, Mustafa Hacıbəyli bu il mayın 23-də Baş Prokurorluğa çağırılaraq xəbərdarlıq alıb.

 


 


Вернуться назад