Günel Musayeva: "İnsanın əməyinin
qarşılığını alması əvəzolunmaz bir duyğudur”
Azərbaycanın tanınmış siyasətçisi, Böyük Azərbaycan
Partiyasının sədri Elşad Musayevin övladları Günel və Xeyrənsə Musayeva
bacıları qardaş Türkiyədə tarixi uğura imza atıblar. İstanbulun ingiliscə təhsil
verən ən çox xarici tələbəyə sahib Bahçeşehir Universitetindən böyük nailiyyət əldə
edərək məzun olan bacılardan Günel Musayeva universitet birincisi, Xeyrənsə
Musayeva isə, universitet üçüncüsü olaraq təhsillərini yekunlaşdırıblar.
Birinci olan G.Musayeva Bahçeşehir Univeristeti 2017-ci il dönemi "Altın Beyin"i
fəxri adı ilə təltif edilib və ona "Altın Beyin” ödülü verilib. Tələbələr adına
çıxış edən Günel xanım bu qələbəsini ailəsinə və Azərbaycan-Türkiyə
qardaşlığına həsr etdiyini bildirib. Çıxışını Azərbaycan Xalq Cümhuriyyətinin
qurucusu Məhəmməd Əmin Rəsulzadə və Atatürkü anaraq yekunlaşdırıb.
G.Musayeva İqtisadiyyat, İdarəetmə və Sosial Elmlər fakültəsi Beynəlxalq Maliyyə
Bölümü ilə yanaşı, ikinci ixtisas olaraq İqtisadiyyat, X.Musayeva isə Beynəlxalq
Maliyyə və Biznesin idarəedilməsi bölümlərində təhsil alıblar. Eyni zamanda hər
iki bacı Amerikanın ən yaxşı araşdırma universiteti olan Syracuse
Universitetində Maliyyə bölümündə oxumuş və orada da maksimum 4 not ortalaması əldə
ediblər. Bu tələbələr 2012-ci ildə Azərbaycanda qızıl medal alaraq, ölkə birinciliyi
ilə məzun olublar.
Qələbəsi ilə bağlı "Yeni Müsavat”a açıqlama verən
G.Musayeva təəssüratlarını bölüşdü:"Mən heç bir uğurun təsadüfi
olmadığına, hər bir nailiyyətin əzm, iradə ilə yorulmadan, durmadan çalışmaqdan
keçdiyinə inanıram. Bu səbəbdən də, bu uğuru müəyyən mənada gözləyir, daha
doğrusu istəyirdim. Qalib olmanın, qızıl medaldan sonra qızıl beyini qazanmanın
mənə yaşatdığı sevinci ifadə etməkdə kəlimələr kifayətsizdir, insanın əməyinin
qarşılığını alması əvəzolunmaz bir duyğudur. Xüsusilə, bacımla bərabər ilk
üçlüyə daxil olmaq mənim üçün fərqli bir fəxrdir.
Bu arada bizə ailədə hər zaman bir həqiqət öyrədilib ki, bir uğuru əldə
etdiyimiz zaman bunun yüzdə əllisi bizim əməyimiz sayəsində olubsa, 50%-i bizi
öyrədən insanların sayəsindədir. Bizə etimad edən, üzərimizdə əməyi olan, hər
zaman qələbəmizi gözləyən insanların, dəyərli müəllimlərimizin də sevincinə
şahid olmaq, onlara bu qüruru yaşatmaq bizə ikiqat zövq və xoşbəxtlik nəsib
etdi.
Həmçinin, öyrəndiklərimiz sadəcə bizə dərs verən müəllimlərimizlə sərhədlənmir.
Yaşadığımız hər pozitiv və neqativ şeydən çıxardığımız nəticə həyatımıza girən
insanların bizə qatdıqlarıdır. Buna görə ətrafımızdakı hər kəsə, xüsusilə xoş
bir təsadüf nəticəsində məktəbimizə gəlib bizləri Bahçeşehir Universitetinə gətirən
Envel Yücel`ə təşəkkür edirik. Ancaq iki möhtəşəm insan var ki, onları xüsusilə
vurğulamalıyıq.
Gözlərimizi dünyaya açdığımız andan etibarən varlığını, sevgisini, qəlbinin hərarətini
hiss etdiyimiz ilk müəllimlərimiz, həyatımıza heç bir zaman sərhədlər qoymadan,
müdaxilələr etmədən doğrunu əyridən ayırmaq üçün stimul verən, dünyada ən mötəbər
duyğu olan azadlığın nə olduğunu və önəmini öyrədən, bizi sevən, dəstəkləyən, qələbəmizi,
uğurumuzu gözləyən, bizə daim etimad edən ən böyük dəstəkçilərimiz ata və
anamıza sonsuz təşəkkürlər edirik. Bu uğurumuzu sevgili ailəmizə və Azərbaycan
Türkiyə birliyinə həsr edirik”.
Partiya sədrinin qızı gələcəklə bağlı
planlarını da açıqladı:"Gələcəklə
əlaqəli bir çox planlarım var. Əslində çox da paylaşmağın tərəfdarı deyiləm,
çünki insanın səssizcə çalışıb uğurunun onun səsi olması gərəkdiyinə inanıram.
Qısaca, bunu deyə bilərəm ki, hər ikimiz hələ ki, təhsilimizi ixtisasımız üzrə
davam etdirməyi və bu müddət ərzində özəl sektorda da fəaliyyət göstərərək, ikitərəfli
özümüzü inkişaf etdirməyi və millətimizə, ölkəmizə və dünyaya faydalı insanlar
olmağı hədəfləyirik”.
Qeyd edək ki, Bahçeşehir Universiteti Türkiyədə ən çox xarici tələbəyə sahib
olan, tam ingilis dilində təhsil verən bir universitetdir. 106 ölkədən 3200
xarici tələbəyə sahibdir. Hazırda 3 qitə, 8 ölkəyə yayılmış Silikon vadisindən
Hong Konga qədər uzanan 5 universiteti, 4 dil məktəbi, 5 akademik mərkəzi olan
BAU Global Universiteti Türkiyənin ən nüfuzlu vəqf universitetidir.
Cavanşir ABBASLI, musavat.com
Uluyol.info
Вернуться назад
|