Главная > Mədəniyyət > Şəhərimdəkilər

Şəhərimdəkilər


2-05-2017, 13:18.

Turan İSAYEVA

Bu gün bir şeyi çox yaxşı başa düşdüm ki, bu şəhərdə (söhbət Bakıdan gedir) roman yazmağa çox gözəl portret var. "Tarqovı” dediyimiz təkcə o küçədən on kitab çıxar. İnanın ki, çıxar.

İnsanlarımız film səhnəsi kimidir. Reallıqları şübhə altında, doğurdanmı mən bu insanlarla eyni şəhəri paylaşıram (yaşamıram) düşüncəsi bürüyür insanı. Hərə bir nağıl qəhrəmanıdı. Hərə birini yamsılayır. Heç kimin özü olmaq istəmədiyi bu şəhərdə bu gün o qədər təkiydim ki. Yanımdakı və yolda qarşılaşıb salamlaşdığımız (dostlar) tanışlar olmasaydı əgər.Yəqin ki, yuxu gördüyümü sanacaqdım. Məni ayıldan sayqılı dostlarımın salamları oldu.


Nə isə indi mövzu bu deyil. İnsanlarımıza aktyor da demirəm. Belə baxanda hamımız artistlik edirik həyatda. Amma niyə kiməsə görə oynayırıq? Bugün gerçək bildiyim tək şey arxamda gələn 7-8 yaşında 3 uşağın söhbəti oldu. Bilərəkdən dinlədiyim o üç uşaqdan biri cənnətdən danışırdı, digərləri onu ürəkdən dinləyib və inanan dostlarına. Cənnəti necə tərif etsə yaxşıdır? Orda istədiyiniz qədər fanta-cola verirlər. Təsəvvür edin bir uşağın zehnindəki cənnət portretini. Fantalı, colalı cənnət. Böyük ehtimalla o oğlan uşagının irəli yaşdakı cənnət xəyalı huri-mələklər olacaq, biraz daha böyüyüb həyatı dərk elədikdə isə ümumiyyətlə cənnətin də bir xəyal olduğunu anlayacaq. Əminəm ki, bu fikirləri dəyişəcək onun.

Başqa cür ola bilməz. Keçək şəhərimizin böyüklərinə. Kaşki böyüklər də cənnətdən fanta-cola gözləsəydilər bu qədər məsum olsaydı düşüncələri. Cənnəti qarşılıqlı alış verişə çevirməyəydilər. Bu da bir yana, bizim millət belə birtəhərdi nəsə. Ya görməmişdilər, ya həddindən çox çoxbilmiş. Ya da özlərini çox bilmiş kimi aparırlar. Mədəniyyətdən dəm vuran xalqın etikadan bixəbər olmağı çox acınacaqlıdır. Hələ avtobuslardan danışmıram. Heç danışmıram, danışmayacam da. Susmaq ən məsləhətlisidir.

 


Вернуться назад