Главная > Səhiyyə > Duzun orqanizmə ZİYANI- (araşdırma)
Duzun orqanizmə ZİYANI- (araşdırma)30-04-2017, 09:30. |
2 gün əvvəl Amerikan Ürək Cəmiyyətinin rəsmi internet saytında verilən bir xəbərə görə Nyu-York Şəhəri Səhiyyə Departamenti ilə Nyu-York restoranlar şəbəkəsi arasında 1 ildən çoxdur davam edən məhkəmə nəticələnmişdir. Məhkəmənin səbəbi duz haqqında verilmiş qərar idi. 2015-ci ildə Nyu-York Şəhəri Səhiyyə Departamenti şəhərdəki
restoran menyularında sağlamlığa zərərli hesab edərək tərkibində ən az 2300
milliqram natrium (yəni 5750 milliqram xörək duzu. Xörək duzu natrium və
xlordan ibarətdir. 100 qram duzda 40 qram natrium, 60 qram xlor var) olan yeməklərin
adlarının qarşısında "duz qabı " şəklinin qoyulmasını məcbur etmişdir. Milli
Restoranlar İttifaqı isə qərara etiraz etmiş və iş məhkəməyə həvalə edilmişdir.
1 ildən çoxdur davam edən məhkəmə isə bu yaxınlarda nəticələnmiş və qərar
Nyu-York Şəhəri Səhiyyə Departamentinin lehinə olmuşdur. Çoxsaylı araşdırmalarda yüksək miqdarda natrium qəbulunun beyin qan dövranının kəskin pozulması (insult) riskini və buna bağlı ölümləri artırdığı sübuta yetirilmişdir. Ürək çatışmazlığı diaqnozu qoyulmuş xəstələrdə duzu azaltmaq, xüsusilə vacib məsələdir. Çünki ürək çatışmazlığı olan xəstələrdə duz bədəndə su tutaraq ağciyərdə, qarında, ayaqlarda su yığılmasına, nəticədə təngnəfəsliyə, qarında və ayaqlarda şişkinliyə gətirib çıxarır.Gündəlik tövsiyə edilən duz miqdarı 5 qramı (˂2300 milliqram natrium) keçməməkdir. Orta-ciddi ürək çatışmazlığı olanlarda isə 2 qramdan artıq olmaz. Yediyimiz duzun təxminən 80%-i işlənmiş qidalardan, 20%-i yeməyə sonradan əlavə etdiyimiz duzdan qaynaqlanır. Səhər yeməkləri, paketlənmiş qidalar, çörək, turşular, ət-toyuq-balıq məhsulları "duzlu” qidalardır. Meyvə və tərəvəzdə isə çox cüzi miqdarda duz var. Duz haqqındakı tövsiyələrə əməl etməklə ürək, beyin, böyrək xəstəliklərinin qarşısını almaq olar. 2010-cu ildə Dünya Xərçəng Tədqiqatı Fondunun məlumatlarına görə ən çox duz yeyən ölkələr Şərqi Avropa və Asiya ölkələridir. Siyahıda ən çox duz istehlak edən top 20 ölkə arasında Azərbaycanın da adı var, 13-cü sırada. Məlumatı xərçəng xəstəliklərini araşdıran bir fonddan götürməyim təsadüfi deyil, çünki mədə xərçənginin ən çox görüldüyü Koreya, Monqolustan, Yaponiya kimi ölkələr eyni zamanda ən çox duz istehlak edən ölkələr arasındadır. Hazırda əhalinin sağlamlığını düşünərək Bakı şəhərindəki restoranların menyularında yüksək miqdarda duz olan yeməklərin qarşısına "duz qabı” şəkli qoymaq bizə çox yüksək səviyyəli bir xidmətmiş kimi görünür. Çünki biz hələ qidalarımızda ölmüş heyvan, at-eşşək ətini halal ətdən ayırmaq üçün çabalayırıq və bu mərhələni aşa bilməmişik. Vüsal Vəliyev, kardioloq
Вернуться назад |