Главная > Region > Devalivasiyadan milyon qazanan şöbə müdiri

Devalivasiyadan milyon qazanan şöbə müdiri


5-01-2016, 14:19.
Devalivasiyadan milyon qazanan şöbə müdiri
 
Laçın mədəniyyət və turizm şöbəsinin müdiri Yusif Hüseynov bir gecəyə milyonçu olub

Azərbaycan Mərkəzi Bankının məlum 21 dekabr devalivasiya qərarı ölkə iqtisadiyyatına müəyyən qədər zərər vursa da, bəzi məmurlar bundan bəhrələnərək böyük pullar qazanmağı bacarıb. İşin maraqlı tərəfi odur ki, bu prosesdən qazanclı çıxanlar arasında rayondakı şöbə müdirləri də var. 

Laçın Mədəniyyət və Turizm Şöbəsinin fəaliyyəti göz qabağındadır. İşğal altında olan rayonun hər hansı bir turistik yeri və ya mədəniyyət abidəsi mövcud deyil. Ermənilər tərəfindən vandalcasına dağıdılmış rayondan didərgin düşmüş insanların heç kitabxanalardan da istifadə etdikləri məlum deyil. Lakin şöbənin müdiri Yusif Hüseynov öz işini dövlət qurumunun fəaliyyətindən daha çox, şəxsi biznesə çevirib. 

Demokratiya.info xəbər verir ki, Yusif Hüseynov ölkənin bütün rayonlarına dağılmış laçınlılara kağız üzərində «kitabxanalar» açıb, mədəniyyət evləri «tikib». Onlara ştatlar da açıb, işçi də götürüb. Amma ortada adları çəkilən obyektlərin heç birinin nə özü var, nə də işçiləri. 
Düzdür, işçilərin adları kağız üzərində var, onların adına əmək haqqılar yazılır. Amma pulu kim alır? Aydın məsələdir ki, «ölü canlılar»ın xidmətlərindən istifadə edən şöbə müdiri onların əmək haqlarını özünə götürərək, böyük imkanlara sahib olub. 

Yusif Hüseynovun bacarıqlı biznesmen olduğunu da bilməyən yoxdur. Onun Bakıda, Ağcabədidə dükanlarının varlığını da hər kəs bilir. Laçın camaatı deyir ki, Mədəniyyət və Turizm Şöbəsinin müdirini yerində tapmaq mümkün olmasa da, onu obyektlərində görmək mümkündür. Hətta bəziləri şikayətlərini ərz etmək üçün onun dükanlarına getmək məcburiyyətində qalır. 

Yazının əvvəlində qeyd etmişdik ki, Yusif Hüseynov devalivasiyadan xeyli qazanclı çıxıb. İddia olunur ki, şöbə müdiri möhkəm dollar həvəskarıdır. Elə işçilərin adına yazılmış maaşların pullarını da alan kimi, dollara çevirib, evində saxlayıb. Devalivasiyada manatın dəyərdən düşməsi səbəbindən yığdığı dollarlar isə onu milyonçuya çevirib. Yaxın adamlarının Demokratiya.info-ya verdikləri məlumata görə, Hüseynovun dollarla olan kapitalını manata çevirmək mümkün olarsa, onun artıq rəsmi milyonçu kimi təqdim etmək mümkündür. 

Təbii ki, bu qədər pul təkcə əmək haqqından toplanan məbləğlər hesabına ortalığa çıxmayıb. Həmçinin biznesindən gələn pulların hesabına da milyonçu olmaq kimi bir imkanı olmayıb. İşin içində tenderlərdən əldə olunan pullar, bəzi gizli-qapalı ödəmələrin həyata keçirilməsi, habelə tenderlər zamanı alınıb-satılan inventar və mebel dəstlərinin də onun dükanlarından alındığı, bu səbəbdən də qiymətlərinin şişirdildiyi vurğulanır. 
Yusif Hüseynovun bir sıra gizli əməliyyatlar həyata keçirdiyi və bu zaman külli miqdarda pullar qazandığına dair məlumatlar da var. Hazırda onlarla bağlı araşdırma aparırıq və yaxın günlərdə geniş məlumat verməyə çalışacağıq.
Вернуться назад