Mehman Əliyev: "Həqiqətləri
xalqın bilməsindən daha çox qorxurlar, nəinki Amerikadan”; Fərəc Quliyev:
"Hesab etmirəm ki, bir saytın fəaliyyətinə bu qədər önəm verilsin”
Azərbaycanın aparıcı internet-provayderi ölkənin əsas
müstəqil informasiya mənbələrindən birinin - "Azadlıq Radiosu”nun ("Azadlıq
Radiosu”nun Azərbaycan Xidməti) saytına girişi əngəlləyir. Bu barədə "Azad
Avropa / Azadlıq Radiosu” korporasiyasının bəyanatında deyilir. Contact.az məlumatı
yayıb.
"Hesab etmək lazımdır ki, provayder - ”Delta Telecom" şirkəti martın 27-dən
saytı bağlamağa başlayıb. "Freedom House” təşkilatının məlumatına görə, Azərbaycan
hökumətindən lisenziyası olan "Delta Telecom” şirkəti ölkənin iki əsas internet
tədarükçüsündən biridir", deyə bəyanatda bildirilir.
Sənəddə həmçinin qeyd edilib ki, digər müstəqil KİV-lər - "Meydan TV” və
"Azadlıq” qəzeti də eyni problemlə qarşılaşır.
"Azad Avropa / Azadlıq Radiosu” korporasiyasının prezidenti Tomas Kent bunu
pisləyərək, onları alternativ informasiyanın yerli auditoriyaya çatdırılmasını əngəlləmək
məqsədilə Azərbaycan hökumətinin açıq-aşkar sui-istifadəsi kimi qiymətləndirib.
Bəyanatda həmçinin qeyd edilir ki, "Freedom House”un söz azadlığı sahəsində vəziyyət
haqqında hesabatına əsasən, Azərbaycan jurnalistlərin daim dövlət məmurları tərəfindən
təqiblərə məruz qaldığı qeyri-azad ölkələr kateqoriyasına daxil edilib.
"Azadlıq Radiosu” Praqadakı veb-saytından məlumatları yaymağa, rəsmi mətbuatın
mühüm alternativi olaraq qalmağa davam edir.
Bir müddət əvvəl Azərbaycan hakimiyyəti sözügedən internet-resurslardan istifadədə
hər hansı problemlərin yaranmasını inkar edib.
Bəyanatın ardından Azadlıq Radisonun ABŞ Konqresi tərəfindən maliyyələşdirildiyini
önə çəkərək, Azərbaycan-Amerika münasibətlərinin pisləşə biləcəyi ilə bağlı
fikirlər səslənməyə başlayıb. Azərbaycan hökumətinin bir saytın fonunda Amerika
ilə münasibətlərin soyuqlaşma ehtimallarından ehtiyat etməməsi ciddi şəkildə
müzakirə edilir. İqtidarın nə üçün belə etdiyi suallar doğurur. Sanki Azərbaycan
tərəfi dirəniş göstərməklə hər şeyi gözə almış durumda görünür.
"Turan” İnformasiya
Agentliyinin rəhbəri Mehman Əliyev bildirdi ki, Azərbaycan hakimiyyəti Amerikadan
deyil, həqiqətdən qorxur:"Ölkəmizdə
medianın vəziyyətinə baxsaq, görərik ki, media tam nəzarət altındadır. Azərbaycan
hakimiyyəti müstəqil medianın mövcudluğunda maraqlı deyil. Həqiqətlər
ört-basdır edilir. Alternativ fikirlər ölkə daxilində kifayət qədər az qalıb.
Azərbaycanda informasiyaların yayılmaması iqtidar üçün çox vacibdir, hətta
Amerika ilə münasibətlərdən belə üstündür. Çünki həqiqətləri bilən insanların
baxışları dəyişir. Düzgün informasiyanın getməsindən hökumət o qədər narahatdır
ki, hətta münasibətlərə xələl gəlməsindən belə çəkinmirlər. Xalqın özündən daha
çox qorxurlar, nəinki Amerikadan”.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri,
deputat Fərəc Quliyev hesab edir ki, belə problemlər asanlıqla aradan qaldırıla
bilər:"Amerika
ilə Azərbaycan strateji tərəfdaşdır. Nüvə məsələləri, terrora qarşı birgə
mübarizə, narkobiznesə qarşı mübarizə və digər amillər hər iki dövlətin
strateji tərəfdaş olduğunu göstərir. Həm də hər iki dövlət Avropanın enerji ilə
təminatında yaxından iştirak edir. Əlaqələrlə bağlı siyahını uzatmaq mümkündür.
Düşünürəm ki, son zamanlarda bölgədə gedən proseslərdə Azərbaycanın önəmi dəyərləndirilirsə,
ölkəmiz mühüm dövlət sayılırsa, baxışlar dəyişməlidir. Azərbaycana ünvanlanan təbliğat
vasitələri, həmçinin Azadlıq Radiosu fəaliyyətini bu istiqamətdə qurmalıdır. Azərbaycan
cəmiyyətini, dövlətimizin dostlarını ölkə ətrafında birləşdirmək, düşmənlərimizi
ifşa etmək fəaliyyəti ortada olmalıdır. Açığı, hesab etmirəm ki, bir saytın fəaliyyətinə
bu qədər önəm verilsin, onun qarşısı alınsın. İnciklik ola bilər. Dövlətlər
bayaq qeyd etdiyim məsələlər ətrafında razılaşmalıdırlar. Azərbaycan və
Amerikadakı bəzi məmurlar qəbul edilmiş strateji tərəfdaşlıqdan kənarda fəaliyyət
göstərir, özbaşınalıq edirlər. Fərqli bəyanatlar verilir. Ümumi yanaşmaya xələl
gətirən məsələlər olmamalıdır”.
Cavanşir ABBASLI, musavat.com
Вернуться назад
|