Paytaxt Bakıda istifadəsi yararsız olan məktəb
binalarının yenidən təmir edilməsi, yeni sinif otaqlarının şagirdlərin
ixtiyarına verilməsi son 10 ildə dövlətin apardığı əsas təhsil siyasətinin bir
parçasına çevrilib. Buna baxmayaraq, yeni təhsil ocaqlarında valideynlərdən və
müəllimələrdən yığılan rüşvətlər sözügedən təhsil siyasətinə vurulan ən böyük zərbələrdən
biridir.
Bu cür ümumtəhsil müəssəsələrindən biri də Səbail rayonu, Badamdar qəsəbəsində
yerləşən 239 saylı orta məktəbdir. 2008-ci ildə "Yeniləşən Azərbaycana Yeni Məktəb”
layihəsi çərçivəsində ölkəmizin birinci vitse-prezidenti Mehriban Əliyevanın təmir
etdirdiyi məktəb hələ də rüşvətlə idarə edilir.
Ünvanlanan məktubda Bəylərova Süsən adlı oxucumuz məlumat verib.
Məktubda məktəbin direktoru Sədaqət Əzimovanın özünəməxsus qaydalarla məktəbi
idarə etdiyi və müəllimələrdən dərs saatlarına görə rüşvət aldığı qeyd edilib.
Bundan başqa repetitorluqla məşğul olmaq istəyən müəllimələr və repetitor
yanına getmək istəyən uşaqlar mütləq Sədaqət müəlliməni razı salmalıdırlar:
"Məktəbdə müəllimələrə dərs saatı verilməsinə görə, repetitorluq fəaliyyətlərinə
görə, uşaqlar isə repetitor yanına getdiklərinə görə rüşvət verirlər. Bütün
bunlarla yanaşı müəllimələrin "açıq dərs”lərinə görə də rüşvət alınır. Belə ki,
hansı müəllimə Sədaqət Əzimovanın onun qoyduğu dərsə "yaxşı” deməsini istəyirsə,
100-200 manat arası rüşvət verməlidir.Əks təqdirdə həmin müəllimin qoyduğu açıq
dərs hesab olunmur. O özü ixtisasca kimya müəlliməsi olmasına baxmayaraq,
rüblük zamanı bütün müəllimələrin əvəzinə valideynlərdən pul alaraq şagirdlərə
özü qiymət yazır. Öz qızını isə heç bir test imtahanı vermədən ibtidai sinif müəlliməsi
təyin edib. Vaxtaşırı iclas çağırıb, məktəbə birinci sinif şagirdlərinin
yığılmamasına görə müəllimləri təhqir edir. Daha xəbəri yoxdur ki, onun rüşvətxorluğuna
görə valideynlər bu məktəbə uşaq gətirmirlər. Və hər dəfə bizim ondan
yuxarılara şikayət etdiyimizi bildiyini deyir. O "məni heç kim işdən çıxarda
bilməz, çünki mən 30 ildir direktoram. Həm də Naxçıvanlıyam” deyir”.
Məktubda direktorun 7-ci, 8-ci və 9-cu sini şagirdlərinə aşağı qiymətlərin
yazılmaması üçün xüsusi tapşırıq verdiyi də qeyd edilib. Buna səbəb valideynlərin
kütləvi şəkildə şagirdləri məktəbdən çıxarmalarıdır:
"Axır günlər isə 7-ci, 8-ci, 9-cu sinif şagirdlərinə aşağı qiymətlərin
yazılmaması üçün göstəriş verib. Çünki qorxur ki, valideynlər uşaqları məktəbdən
çıxarılar və siniflər azalar. Bu da məktəbin bağlanmasına gətirib çıxarar”.
Şikayətçi direktorun bu əməllərinə görə ona etiraz edən direktor müavini Solmaz
xanımla münasibətlərinin pisləşdiyini də qeyd edib.
Mövzu ilə bağlı 239 saylı məktəblə əlaqə saxlasaq da, direktor S.Əzimovanın
hazırda suallarımıza cavab verə bilməyəcəyi bildirilib.
Вернуться назад
|