Главная > Aktual > Eldar Mahmudov niyə vuruldu? – Vaqif Hacıbəylinin yazısı

Eldar Mahmudov niyə vuruldu? – Vaqif Hacıbəylinin yazısı


22-10-2015, 20:29.

mtn2MTN olayını qeyri-ciddi adlandırıb, "buna ciddi yanaşmayın” deyənlərin özləri qeyri-ciddi görünür. Biz bu olayın ortaya çıxmasının konkret detallarını hələlik dəqiq bilməsək də, gedən prosesin ümumi mahiyyəti aydındı.

Qorxu və repressiyalar üzərində duruş gətirən, irticaçı mahiyyətinə görə də hətta regionda analoqu olmayan, öz xalqına münasibətdə qəddarlığına, hakimiyyət hərisliyinə görə bəlkə Suriyadakı Əsəd rejimi ilə müqayisə oluna biləcək Azərbaycandakı mövcud iqtidarın ölkə insanının vahimə içərisində saxlanılmasında həlledici funksiyanı həyata keçirən MTN kimi bir qurumun "başının vurulması" rejimin öz oturduğu budağı kəsməsi kimi görünə bilər. Ölkədə bu rejimin səmimi tərəfdarları olsaydı, bu, həqiqətən də baş verə bilərdi. Amma iqtidar mənsubları da yaxşı bilir ki, seçkiyə olsa-olsa 15-17 faiz arası seçici gəlir, hakimiyyətdə təmsil olunmayanlar da əsasən iqtidarın əleyhinə səs verir. Yəni, reyimin xalq arasında heç bir ciddi dayağı yoxdur. Bu mənada iqtidarın bu olaydan itirəcəyi bir şey yoxdu. Olmayan etimadı necə itirə bilərsən?

Bu səbəbdən də rejim öz sıralarını qətiyyətlə təmizləyir və təmizləyəcək. Məqsəd nədir? Korrupsiyadan qurtulmaq, xalqı müstəbidlərdən xilas etmək, sahibkarlığa yardım? Əsla. Yeganə məqsəd ölkədə totalitar diktaturanı bərqərar etməkdir. Biz gördüyümüz, adət etdiyimiz sovetlər dövrünün totalitarizminə qayıtmırıq. Hazırkı durumla müqayisədə o vaxt indiki yaşlı nəsil " xruşşovskiy ottepel", "qlastnost","perestroyka"kimi dönəmlərdə azad, təhkimçilikdən xilas olan düşüncənin ictimai şüura hakim olmasına şahid olub. İndi isə bizdə ictimai şüur yenidən təhkimçilik rejiminə dönüb. Biz bir toplum olaraq faktiki Rusiyada 19-cu əsrdə mövcud olan çar mütləqiyyətinin daha mürtəce, daha eybəcər, şərq despotizminin xarakterik bir formasına doğru sürüklənməkdəyik. Görünür, hansısa ictimai formasiyanı mexaniki olaraq adlamaq bizim cəmiyyətimizə nəsib deyilmiş.

Qayıdaq MTN olayına. Nə idi Eldar Mahmudovun suçu? İndi hansısa bir saytda yazıblar ki, guya "Evromed"in rəhbərliyi MTN aylıq haqq verirmiş, İlham Əliyevin "hövsələm bitdi" açıqlamasından ruhlanıb ona bu informasiyanı ötürə bilib və bununla da Eldar Mahmudovun qələmi qırılıb. Bu ölkədə qanunla işləyən, haqq almayan hansısa qurum varmı? Deyin, mən də bilim. DİN-in Mütəşəkkil Cinəyatkarlığa və Banditizmə Qarşı Mübarizə İdarəsində sahibkarları azmı incidirlər? Gömrük orqanlarında belə hallar total xarakter daşımırmı? Bunu Azərbaycanda bilməyən varmı? Niyə onlara qarşı tədbir görülmür? Deməli, Eldar Mahmudovun "vurulması"bunlarla bağlı deyil.

Sadəcə, bir iqtidar mənsubunun təbirincə desək, Eldar Mahmudov "qudurubmuş","sədaqət nümayiş etdirmirmiş". Detalları bilməsək də, sədaqətsizliyin nədə ifadə olunduğunu hesablamaq elə də çətin deyil. Bu əslində heç "obşak"a pul atmaq söhbəti də deyil. Belə olsaydı, hədəf təkcə nazirin özü olardı. Yalnız Eldar Mahmudovun hakimiyyət iddiasına düşməsi onu sədaqətli olmamaqda ittiham etməyə əsas verir. Köləlik və hakimi mütləqə sədaqət. Budur rejimin dayanıqlığını təmin edən ideoloji baza.

İndi hamı soruşur, bəs Ziya Məmmədovun axırı nə oldu? Heç nə. Onu elə vəziyyətə salıblar ki, indi istəsələr, vəzifədən ata da bilərlər, həbs edə də bilərlər. Tutaq ki,özünü vəzifədə saxlayıb,Trampla şəriklik eşqinə düşən oğlunu həbs edə bilərlər. Hətta istəsələr, Ziyanı əvvəl oğlundan imtina etdirib, sonra özünə orden də verə bilərlər. Fərq etməz. Artıq ölkədə totalitar sistem qurulub və sistem mütləqiyyət rejiminə qarşı olan, yaxud nə vaxtsa bu rejimə qarşı ola biləcək potensiala malik olan istənilən qüvvəni məhv etməyə qadirdi. Ziya Məmmədov bunları dərk edib və bununla barışıb, ona qarşı olan hər hansı həmləni, hətta Zahid Oruc səviyyəsində olan həmləni dəf etmək gücündə deyil, mütiliklə susur, rejimin köləsi statusu ilə barışıb və bu səbəbdən də artıq taleyi öz əlində deyil.

Bəs biz? Bizim özümüzün taleyimiz əlimizdədimi? Totalitar diktatura şəraitində bu çox çətindir.Pafosla danışsaq, bunun əksini də iddia edə bilərik. Amma mən pafosdan həmişə uzaq olmuşam. Qanunun işləmədiyi yerdə insanları hər an hər şey gözləyə bilər. Lakin mən bədbin deyiləm. İndi iqtidarda,yaxud müxalifətdə olmasından asılı olmayaraq, daxili ləyaqəti olan istənilən şəxsin düşdüyümüz müsibətdən dinc xilas yolu vardır. İnsan azad doğulub və biz kölə deyilik. Bunu hər birimiz dərk etməkliyik, bizi kölə kimi görmək istəyənlərin yalanlarını təsdiq etməməliyik, ən azı bu yalanlarda iştirak etməyib susmaqlıyıq (Soljenitsın), ən azı köləliklə barışmamalıyıq. Bütövlükdə bir millət olaraq potensialımız imkan verir ki, azad cəmiyyətdə yaşayaq və nə vaxtsa bu olacaq. Bu rejimin çirkabına bulaşmadan yaşamağı bacarmaq da imandandı.

Vaqif Hacıbəyli


Вернуться назад