Главная > Yazarlar > Xanım İsmayılqızı :"Biz gələcəyə gedirik..." (ŞEİR)

Xanım İsmayılqızı :"Biz gələcəyə gedirik..." (ŞEİR)


28-03-2017, 20:20.

Xanım İsmayılqızı


Müəllimimiz yarıac,
Yarıtox ağıl öyrədir.
Mühəndisimiz ev tikir,
Komada haqqı çeynədir.
Biz gələcəyə gedirik...


Alimimiz kəşflərini
Yamayıb üst-üstə qoyur.
Yazıçımız kirayədə
Ürəyin fikrini soyur.
Biz gələcəyə gedirik...


Həkimimiz ov axtarır,
Şikarı gözündən vurur.
Siyasətçimiz dil üstə
Möhtəşəm inamlar qurur.
Biz gələcəyə gedirik...


Fəhləmiz külüngü çalır,
Ələ qəpik-quruş düşür.
Ziyalımız öndə gedir,
Olmayacaqla bölüşür.
Biz gələcəyə gedirik...


Körpələrimiz istəklə
Əlçatmaz arzunu əzir.
Qocalarımız sürünür,
Yatmağa bir qəbir gəzir.
Biz gələcəyə gedirik...


Torpaqların gözü yolda,
Ocaqları qan ağlayır.
Qaçqınları, köçkünləri,
Heç nəyə ümid bağlayır.
Biz gələcəyə gedirik...


Aparıcımız efirdə
Şüar deyir, meydan alır.
Xanəndəmiz muğam üstə
Öz dəfinə çırtma çalır.
Biz gələcəyə gedirik...


Çarəsizlər çarəsini,
Ruhsuzlar ruhunu gəzir.
Vicdansızlar, insafsızlar,
Allahsızlar kölə, əsir.
Biz gələcəyə gedirik...


Adamların üz-gözündən
Sevinci qeybə çəkilib.
Belə dövranın əlində
Çoxunun evi tikilib.
Biz gələcəyə gedirik...

 

(27 mart 2017)

 


Вернуться назад