Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Əks-Kəşfiyyat
Baş İdarəsinin rəis müavini olmuş general-mayor Hafiz Musayevin tikdirdiyi
otellə bağlı qalmaqal yaranıb. O, Bakının mərkəzində - Ağ Şəhərdə
("Amay”la üzbəüz) tikdirdiyi "Co. Plaza” adlı otelində işləyənlərin
pulunu verməyib, bu da böyük mübahisələrə səbəb olub.
Bu barədə məlumatı iş icraçısı Pərviz Zahidov verib. Onun sözlərinə görə,
otelin içərisində aparılan təmir işlərini həyata keçiriblər, amma haqlarını tam
şəkildə ala bilmirlər: "İşimiz müqabilində 170 min manat almışıq. Onun bizə 20 min 300 manat bir, 10 min
manat da bir borcu qalıb, lakin həmin pulu ödəmək istəmir”.
Şikayətçinin sözlərinə görə, general onları hədələyir, pulu tələb etdikləri təqdirdə
başlarına oyun açacağını bildirir: "Deyir, mən generalam və bu yaxınlarda
yenidən əvvəlki işimə qayıdacağam, elə eləməyin ki, həyatınıza problem yaradım.
Biz isə pulumuzu tələb edirik. Onsuz da biz çox ucuz qiymətə işləmişik. Bizə
çox az pul qalıb bu işdən. Həm də onda qalan pulu alıb sərf etdiyimiz materiala
verməliyik, yəni bizim də bu işə görə borclu qaldığımız şəxslər var. O adam həmişə
hədə-qorxu yoluyla işlərini görüb. Elə bilir, əvvəlki MTN-nin vaxtıdır, hamını
şərləyib istədiyini etdirə biləcək. Biz ondan əl çəkən deyilik. Son qəpiyimizə
kimi tələb edəcəyik”.
İş icraçısı məsələ ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri general Mədət
Quliyevə müraciət edəcəyini, bu məsələdə ondan yardım istəyəcəyini də bildirib.
Bu ittihamlarla bağlı general Hafiz Musayev BakiPost.az-a açıqlama verib. Adıçəkilən
otelin ona məxsus olduğunu təsdiqləyən general şikayətlərin tam əsassız
olduğunu söyləyib: "Onlar dələduzdurlar. Nə deyirlər qələt eləyirlər.
Əslində onlar mənə "atıblar”. 60 min pul verməlidirlər mənə”.
General ondan şikayət edən şəxslərdən prokurorluğa müraciət edəcəyini dilə gətirib:
"Sənədlər, müqavilələr hazırlanır. Onları verəcəm prokurorluğa. Onlar mənə
şər atır”.
Qeyd edək ki, 2015 oktyabr ayında MTN-in Əks-Kəşfiyyat Baş İdarəsinin rəisi
general-mayor Nizami Şirinov tutduğu vəzifədən azad olunandan sonra Hafiz
Musayevin onun yerinə təyin edilməsi barədə məlumat yayılmışdı. Sonradan bu
informasiya təsdiqini tapmadı. Üstəlik, o idarənin rəis müavini postundan
uzaqlaşdırıldı. (bakipost.az)
Вернуться назад
|