Главная > Cəmiyyət > Müsavat başqanı Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib

Müsavat başqanı Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib


19-03-2017, 20:31.

Müsavat Partiyasının başqanı Arif Hacılı Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

"Əziz həmvətənlər!

Novruz bayramı münasibəti ilə Sizi təbrik edirəm. Sizə uzun ömür, can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram.

Novruz – Bahar bayramı uzun illərdir ki, xalqımız tərəfindən ən sevimli bayramlardan biri kimi qeyd olunur. Yeni ilin gəlişi, yeni başlanğıcların rəmzi olan Bahar bayramı həm də bir çox qədim ənənələri, milli adətləri qoruyub saxlamış bayramlarımızdandır. Sovet imperiyası tərəfindən qadağan olunduğu zamanlarda belə, Bahar bayramı Azərbaycanda gizli şəkildə olsa da, həmişə qeyd edilirdi.

Xalqımız bu bayramın layiqli qeyd edilməsi üçün həftələrlə hazırlaşır. Bu bayram vasitəsilə bəzi qədim adət-ənənələrimiz qorunub saxlanır, yeni nəsillərə ötürülür.

Novruz indi ölkəmizdə ən ciddi qeyd olunan rəsmi bayramlardan biridir. Təəssüf ki, cəmiyyətimizi bürüyən ümumi böhran, ərazilərimizin işğal altında olması, əksəriyyətin gündəlik dolanışıqla bağlı qayğıları, kəskin təbəqələşmə və digər problemlər xalqımızın bu bayramı da ruh yüksəkliyi ilə qeyd etməsinə imkan vermir. Ölkədə baş verən haqsızlıqlar, siyasi məhbusların sayının daim artması, tənqidə dözümsüzlük mühitinin sərtləşməsi, hüquq və azadlıqların pozulması cəmiyyəti zəiflədir, insanlarımız depressiya vəziyyətinə düşür. Vətəni tərk edənlərin, intiharların sayı artır.

Bütün bu çətinliklərə baxmayaraq, hüquqi dövlət, azad cəmiyyət quruculuğu uğrunda mübarizə davam edir.

Azad, demokratik, firavan cəmiyyət qurmağa qadir olan və belə cəmiyyətdə yaşamağa layiq olan xalqımızın öz taleyinə sahib çıxmaq üçün bu mübarizəyə hamılıqla qoşulacağına inamım böyükdür. Əminəm ki, Azərbaycan cəmiyyəti Qarabağ problemi də daxil olmaqla bütün problemlərimizin həlli üçün toparlanacaq, dövlətimiz Dünya Birliyində öz layiqli yerini tutacaqdır.

Güclü dövlət, azad, firavan cəmiyyət quraraq bütün bayramlar kimi Bahar bayramını da ruh yüksəkliyi və sevinclə qeyd edəcəyimiz günlər uzaqda deyil.

Əziz həmvətənlər!

Sizi bir daha Novruz bayramı münasibəti ilə təbrik edirəm. Sizə şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram.”

 


Вернуться назад