Главная > Ölkə > Bu gün “İlaxır çərşənbə”dir

Bu gün “İlaxır çərşənbə”dir


14-03-2017, 00:51.

Bu gün ilaxır çərşənbələrdən sonuncusu - Torpaq çərşənbəsidir. Sonuncu çərşənbə artıq yazın gəlişinə daha az vaxtın qaldığına işarədir. Təbiət oyanır, bütün ətraf aləm canlanır. Son çərşənbə torpağın oyanması, ana torpağın yatmış ağacların köklərini isitməsi ilə bağlıdır.

 

Əvvəlki üç çərşənbədə olduğu kimi, ilaxır çərşənbədə də tonqal qalanır.

 

Lakin bu çərşənbə digərlərindən xüsusi mərasimlərlə fərqlənir. Azərbaycanda, ənənəvi olaraq, ilaxır çərşənbə xüsusi təmtəraqla qeyd olunur. Bu gün evlərimizdə açılacaq süfrəyə gəlincə, süfrəyə mütləq yeddi cür nemət düzülməli, qırmızı yumurta boyanmalı, şamlar yandırılmalıdır.

Bir çox bölgələrdə, məsələn, Naxçıvanda, Təbrizdə, Ərdəbildə ilaxır çərşənbəyə "Yeddi ləvin” bayramı da deyilir. Bu sözün mənası "yeddi növ”, "yeddi cür nemət” deməkdir. Bu yeddi nemətə səməni, halva, şəkərbura-paxlava, yumurta, meyvələr, qoz-fındıq, meyvə qurusu daxildir. Bu da ona işarədir ki, bütün il boyu süfrəmiz bolluq içərisində olsun.

Süfrənin üstünə xeyir-bərəkət rəmzi olan səməni qoyular. Səmənini belinə qırmızı lent bağlayarlar. Hər kəs bu gün ayaqqabıdan tutmuş papağacan təzə geyinməlidir. Çünki köhnə paltar köhnə ilin qalığıdır. Köhnə ilin ağrı-acısından qurtulmaqdan ötrü isə mütləq təzələnmək lazımdı. Səhər çaydan çərşənbə suyu gətirib balatanı təzələyər, evə çiləyər, içərlər.

Axır çərşənbədə meydan tamaşaları göstərirlər. Qodu-qodu mərasimi keçirilər. Süfrəyə şərbətlər, paxlava, qoğal, fəsəli, qatlama, şəkərbura qoyular, aş qazanı asılar. Axır çərşənbədə təkcə ev-eşik yox, insanların qəlbi də təzələnir. Küsülülər barışar, hamı xoş sözlər deyər, bir-birinin könlünü alar. İlaxır çərşənbə el arasında həm də niyyət çərşənbəsi, dilək günü kimi məşhurdur. İnanca görə, bu gün ürəkdə tutulan diləklərin hamısı hasil olur. Bu gün evlərdə mütləq xoş sözlər danışılmalıdır. Kimsə qulaq falına çıxıb, qapıya gələ bilər. Əgər evdə yaxşı sözlər danışılsa, qapıya gələnin ürəyindəki istəyi gerçəkləşər.

 

 

 

xonça ile ilgili görsel sonucu

Bundan başqa, qız-gəlinlər iki iynəni sapa bağlayıb su dolu qaba sallayırlar, əgər iynələr qabın dibində ağız-ağıza gəlsələr, deməli, bunu sınayan istəyinə çatacaq. İynələr uzaqlaşsalar, işləri müşkülə düşəcək. Yaxud gənc qızlar arxası qapıya dayanıb ayaqqabılarını qapıya doğru atarlarsa və ayaqqabının burnu qapıya tərəf düşərsə, deməli, qız həmin il nişanlanacaq. Bir inanc da var ki, almaları nişanlayıb suya atırlar. Almalar suda bir-birinə yaxınlaşsa, bu da niyyətə çatmağa işarədir.

Ruzi-bərəkətinizin bol, süfrələrinizin dolu olması diləyi ilə ilaxır çərşənbəniz mübarək olsun!

 

(musavat.com)

 


Вернуться назад