Главная > Ölkə / Problem > Arif Hacılının pulsuz efir vaxtının ayrılması ilə bağlı müraciəti təmin edilmədi

Arif Hacılının pulsuz efir vaxtının ayrılması ilə bağlı müraciəti təmin edilmədi


22-10-2015, 12:48.

mezahirMərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Müsavat başqanı Arif Hacılının müraciətinə cavab verib. Xatırladaq ki, Arif Hacılı namizədlərin öz platformalarını və mövqelərini seçicilərə çatdırması üçün bütün namizədlərə İctimai Televiziyada pulsuz efir vaxtının ayrılması üçün MSK sədrinin tədbirlər görməsini istəmişdi.

Müsavatın mətbuat xidmətindən "Basta” verilən məlumatda bildirilir ki, bu gün MSK-dan Müsavata daxil olan cavab məktubunda bu müraciətin təmin edilməyəcəyi ifadə olunub. Cavab məktubunda pulsuz efir vaxtının yalnız 60-dan çox seçki dairəsində namizədləri qeydə alınmış siyasi partiyalar üçün nəzərdə tutulduğu və hakim Yeni Azərbaycan Partiyasının bundan imtina etdiyi göstərilib. Xatırladaq ki, 2010-cu ildə keçirilən parlament seçkilərində də DSK-lar YAP-dan başqa heç bir partiyanın 60-dan çox namizədini qeydə almasalar da, MSK sədrinin müraciəti əsasında İTV-də namizədlərin hər birinə 4 dəqiqə pulsuz efir vaxtı ayrılmışdı.

Onu da xatırladaq ki, Arif Hacılı MSK-ya yazdığı başqa bir müraciətində seçkidə iştirak edən siyasi partiya rəhbərlərinin İTV-də debatının təşkili xahişi ilə də MSK-ya müraciət edib. MSK hələlik bu müraciətə cavab verməyib.

"Basta”nın MSK-da olan mənbədən əldə etdiyi məlumata görə, bütün əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də namizədlərə 4 dəqiqəlik pulsuz efir vaxtının ayrılması nəzərdə tutulubmuş. Hətta Məzahir Pənahov bununla bağlı İTV-yə rəsmi müraciət də edibmiş. Lakin Müsavat, ReAl və Nida təşkilatlarının ən azı təbliğat dövründə seçkilərdə iştirakı dəqiqləşdikdən sonra, hakimiyyət pulsuz efir vaxtı ayırmaqdan imtina edib.

bastainfo.com 


Вернуться назад