Главная > Ölkə / Ümumi > "Bayrağımıza da,dövlətimizə də biz sahib çıxacağıq!"-Rüfət Muradlı

"Bayrağımıza da,dövlətimizə də biz sahib çıxacağıq!"-Rüfət Muradlı


31-12-2015, 15:22.
Nəhayət ilin sonuna gəlib çatdıq. Acılı və sorunlarla zəngin bir ili arxada buraxırıq. Ağlım kəsəndən bu qədər bayram əhval ruhiyyəsindən uzaq bir illə vidalaşdığımı, ya da bayram keçirdiyimi xatırlamıram. Bəlkə də 1995-ci ilin martında baş verənlər istisna ola bilər.
Şübhəsiz çalışırıq ki, ötən ilin ağrı acılarını gələn ilə aparmayaq. Amma qarşıda olduqca problemli bir ilin olmasını da gözməzdən gəlməməliyik. Belə ki, 2016-ci ilə mövcud iqtidarın 23 ildə qaytara və çözə bilmədiyi Qarabağ yaramızla, ölkənin ayrı ayrı regionlarına səpələnmiş bir milyon qaçqınımızla, əhalinin olduqca ağır iqtisadi- sosial şəraiti ilə, siyasi məhbus problemimizlə, hakimiyyətin önəmsəmədiyi Güney Azərbaycan, Borçalı, Zəngəzur, Dərbənd dərdimizlə yanaşı bir də müstəqilliyimizdən bu günümüzədək qarşılaşmadığımız azalmış, geriləmiş, talanmış büdcəmizi, keyfiyyətcə milli maraqları ifadə etmək iqtidarında olmayan parlamenti, eləcə də dövlətin əsas atributlarından olan, lakin hörmətsiz duruma salınmış manatımızı da özümüzlə daşıyırıq. Durum kritik olmaqla yanaşı hər an ağırlaşmaqda davam edir.

Düşünürəm ki, mövcud idarəetmə fəlakətindən xilas olmaq üçün nə yetərli hökumətə , nə də ləyaqətli parlamentə malikik. Yeni il iqtidar üçün şübhəsiz ki, ağır sınaqlar ili olacaq və bu sınaqlardan dövlətimizin və millətimizin daha az itki ilə çıxması üçün ilk növbədə siyasi islahatlara start verilməlidir. Milli barışığa doğru ciddi addım atılaraq siyasi məhbuslar dərhal azad edilməli, iqtidarla müxalifət bir araya gəlməlidir. Siyasi islahatsız iqtisadi sabitliyin baş verəcəyi nə yazıq ki, qeyri mümkün görünür. Nəzərə alsaq ki, hələ qarşıda bizi olduqca ciddi sanksiyalar da hədələyir. Elə isə hakimiyyət siyasi avantüra meylindən, "əzələ nümayişi " siyasətindən əl çəkib durumun məntiq və zəka ilə çözülməsinə çalışmalıdır. Bu artıq siyasi seçim yox, milli tələb və sosial sifarişdir.

Millət olaraq da bu imtahanda öz sözümüzü deməyi, mövqe sərgiləməyi bacarmalıyıq. Taleyinə biganə qalan millətlərin aqibətini də yaxşı bilirik. Unutmayaq ki, bu dövlətə, bu bayrağa özünü millətdən saymayan, harınlaşmış oliqarxlar deyil, məhz biz sahib çıxacağıq! Ümid edirəm ki, Azərbaycan olaraq bu sınaqdan ləyaqətlə çıxacaq və millət adına keyfiyyətcə yeni bir dönəmə qədəm qoyacağıq! Bu yolda tanrı yardımçımız olsun!

Soydaşlarıma həqiqi həmrəylik diləyilə Yeni ilin Güneyli, Quzeyli Azərbaycanımıza düşərli olmasını arzu edirəm. Qoy 2016-cı il Türk Dünyası üçün birlik ,bəşəriyyət üçün isə barış ili olsun!

Bayramınız mübarək!
Вернуться назад