Главная > Region > Neftçalada şəhid məzarı uçub-dağılır- İcra hakimiyyəti isə yalan danışır/FOTOLAR

Neftçalada şəhid məzarı uçub-dağılır- İcra hakimiyyəti isə yalan danışır/FOTOLAR


27-02-2017, 23:35.

Şəhid Gözəlov Əfsər Səttar oğlunun qızı, Neftçala rayon sakini Esmira Əzizovadan qaziler.az saytına şikayət daxil olub. O, Qarabağda döyüşüb şəhid olmuş atasının Neftçala rayonu Bankə qəsəbəsi qəbiristanlığındakı məzarının uçub dağıldığını yazıb:

"Atam Qarabağda döyüşlərdə iştirak edib. Azərbaycanın Milli Qəhrəmanı, şəhid Allahverdi Bağırovun batalyonunda erməni quldurlarına qarşı döyüşüb və 1992-ci il martın 6-da 28 yaşında şəhid olub. Onun rayonun Bankə qəsəbə qəbiristanlığındakı məzarı isə uçub dağılıb.

Dəfələrlə Neftçala rayon icra hakimiyyətinə məlumat versək də, məzarı elə o vəziyyətdə qalıb. Əlacsız qalıb Azərbaycan Respublikasının Prezidentinin rəsmi internet saytına məktub yazdıq. Oradan da şikayətimizi Neftçala rayon icra hakimiyyətinə göndəriblər”.

Bundan sonra E.Əzizovaya Neftçala rayon icra hakimiyyətinin başçısının müavini G.Z.Sadıqovanın imzası ilə olduqca əcaib bir məktub gəlib:

"Azərbaycan Respublikasının Prezidentinin rəsmi internet saytına ünvanladığınız ərizəniz aidiyyəti üzrə Rayon İcra Hakimiyyətində baxılmışdır.Müraciətinizlə bağlı bildirir ki, atanız şəhid Gözəlov Əfsər Səttar oğlunun Neftçala rayonu, Banka qəsəbəsi qəbiristanlığındakı qəbirüstü məzarında abadlıq və təmizlik işləri həyata keçirilmiş, qəbirüstü məzarda bərpa işlər aparılmışdır”.

Əslində isə şəhidin məzar üzərində "məktub”da yazılan heç bir iş aparılmayıb. Məzar yenə uçulub dağılmış vəziyyətdədir. Yəqin ki, Neftçala rayon icra hakimiyyəti Prezidentə da belə mətnli bir məktub göndəriblər. Çünki qayda bunu tələb edir ki, cavab yazılmalıdır. Cavab isə yalandır! Çox maraqlıdır, çox cüzi vəsait tələb edən təmiri aparmayan Neftçala rayon icra hakimiyyəti Prezidenti niyə aldadır?! Şəhidə, onun məzarına belə sayğısızlıq qəti yol verilməzdir! Bunu dəfələrlə ölkə Prezidenti cənab İlham Əliyev də deyib!

Ümid edirik ki, Neftçala rayon icra hakimiyyətinin belə yalan-palanla məşğul olan rəsmiləri məsələni həll edəcək və şəhidin ruhunu bundan sonra incitməyəcəklər!(qaziler.az)


Uluyol.info-dan şəhid Gözəlov Əfsər Səttar oğlu haqqında: 
Gözəlov Əfsər Səttar oğlu 1964-cu il aprel ayının 14-ü Neftçala rayonu Bankə qəsəbəsində dünyaya göz açıb.Orta təhsilinidə elə qəsəbədəki orta məktəbdə tamamlayır.Məktəbi bitirdikdən sonra iki illlik hərbi xidmətə Rusiyaya yollanır.Hərbi xidməti bitirdikdən sonra uzun müddət Bakıda yaşayır.
Müharibə başladığı vaxt Bakıdan ərizə yazaraq Milli Ordu sıralarına qatılır.Əfsər Gözəlovun xidməti Milli Qəhrəman Allahverdi Bağırovun batalyonunda olub.Onlarla döyüşlərdə rəşadət göstərib. Beləki, "Həyat" qəzetinin 1992-ci il 10 oktyabr buraxılışında Əfsər Gözəlov haqqında bunlar qeyd edilirdi:
"Əfsər Göəzlov Ağdərə döyüşlərində ağır yaralandı.Özünü düşmən gülləsindən qoruya bilmədi.Əfsər həmişə öndə idi.Sən demə,taleyinə, qismətinə belə yazılıbmış.Ağdərə qana bələnən gün gülləyə tuş gələcəkmiş..."
 Uluyol.info


Вернуться назад