Главная > Siyasət > Fransada yeni seçki sorğusu nə göstərir?

Fransada yeni seçki sorğusu nə göstərir?


23-02-2017, 19:05.

Fransada qarşıdan gələn prezident seçkisi ilə bağlı yeni sorğunun nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, BVA İctimai Rəy Mərkəzi ilə "Salesforce” şirkətinin birgə sorğusu prezident seçkisinin ilk turunda (23 aprel) radikal siyasətçi – Milli Cəbhənin lideri Marin Le Penin 27,5% səslə önə çıxacağını göstərir.

Sorğuya qatılanların 21%-i ilk turda "İrəli” hərəkatının lideri, sabiq iqtisadiyyat naziri Emmanuel Makrona səs verəcəyini bəyan edib.

Müxalif sağ və mərkəzçi partiyaların namizədi, sabiq baş nazir Fransua Fiyon respondentlərin 19%-nin səsini alıb.

Mayın 7-də olası ikinci tura gəlincə, rəyi öyrənilənlər Makronu və Fiyonu Le Pendən üstün tutur. Respondentlərin 61%-i ikinci turda Makrona üstünlük verəcəyini bildirib. 39% Le Penə tərəfdar olub.

Sorğuya əsasən, ikinci tura Fiyon çıxacağı halda ona 55%, Le Penə 45% dəstək verəcək.

Hakim Sosialist Partiyasının liderlərindən olan dövlət başçısı Fransua Oland prezident seçkisinə qatılmır. Bu qurumu seçkidə sabiq təhsil naziri Benua Amon təmsil edəcək.

 


Вернуться назад