Главная > Problem > Sahibsiz itlər Hövsan sakinlərini qorxu içində saxlayır - FOTOLAR

Sahibsiz itlər Hövsan sakinlərini qorxu içində saxlayır - FOTOLAR


19-02-2017, 14:50.

Suraxanı rayonu Hövsan qəsəbəsinin sakinləri küçəyə çıxmaqdan qorxurlar. Buna səbəb isə sahibsiz küçə itləridir.

Musavat.com saytına müraciət edən sakinlərin sözlərinə görə, sahibsiz itlərin sayı getdikcə artır. Hər küçədə azı 4-5 sahibsiz küçə iti dolaşır. İtlərin yoldan keçən sakinlərə hürməsi, bəzən hətta hücum çəkməsi yerli camaatı daim narahatlıq içində saxlayır.

Şikayətçilər deyirlər ki, onların əsas qorxuları övladlarına görədir:"Biz əsasən uşaqlara görə narahatıq. Küçədə oynayırlar. Hər tərəfdə də sahibsiz itlər var. Hər an bədbəxt hadisə baş verə bilər. O itlər sürü şəklində gəzirlər. Adama hücum çəkəndə də hamısı birdən cumur. Biz böyüklər belə qorxuruq, uşaqlara cumsalar, parça-parça edərlər. O zaman buna kim cavab verəcək? Heyvansevərlər bəlkə məni tənqid edərlər, amma mənim üçün insan həyatı hər şeydən öndə gəlir. Sahibsiz itlər insanları dişləyir, uşaqları qorxudur, gərginlik yaradır, bloklara girib orada yatırlar, bilmək olmur sağlamdır, yoxsa xəstə... Təlim görməyən vəhşi heyvandır, küçələrdə böyüyüb, nə qədər olmasa da adam qorxur".

Qəsəbə sakinləri itlərin öldürülməsini istəmirlər:"Qətiyyən belə bir şey istəmirik. İtlər üçün barınaqlar var. Aparıb orada saxlasınlar, öldürməsinlər. Amma belə də qala bilməz. Qorxu içində nə qədər yaşamaq olar? Uşaqlar məktəbə gedəndə narahat oluruq, tək getməyə qoymuruq. Özümüz aparıb-gətiririk".

Sakinlər yerli bələdiyyəyə müraciət etsələr də, faydası olmayıb:"Elə bil ki, kimsə sahibsiz itləri maşınlara doldurub, gətirib məhəlləmizə töküb. Dəfələrlə müraciət etmişik, xeyiri yoxdur, baxmırlar. Sahibsiz itlərlə bağlı hara müraciət edək, nə edək, bilmirik. Neçə aydır ki, eyni durumdayıq. İtlər küçədə rahat dolaşırlar, biz isə bayıra çıxa bilmirik. Tutaq ki, bu itlərdən biri kimisə dişlədi. Mütləq profilaktik olaraq quduzluq əleyhinə peyvənd vurulmalıdır. Onun qudurmamış olduğuna heç kim zəmanət verə bilməz. Yalandan rəsmi məlumat verirlər ki, "Filan qədər itə peyvənd vurulub". O peyvəndlərin qiyməti hamıya bəllidir. 3-4 itə peyvənd vurulursa, qalanlarına vurulmur, vurub öldürürlər, peyvənd pulunu da qoyurlar, ciblərinə..."

Bakı şəhər Mənzil Kommunal Departamentinin Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinə dəfələrlə zəng vursaq da, telefona cavab verən olmadı.

Məhəmməd Türkmən, musavat.com

 


Вернуться назад