Məlum olduğu kimi, ötən ilin sonlarında Azərbaycan Həndbol
Federasiyasında rəhbər dəyişikliyi baş verdi
Bunun İslamiadaya qədər gerçəkləşəcəyini hələ o vaxt yazmışdıq. Çox təəssüf ki,
yeni prezident Saleh Məmmədovun da federasiyaya nə üçün gəldiyi gec-tez ortaya
çıxdı.
Bu postda Heydər Babayevi əvəzləyən "Azəravtoyol”un sədri Saleh Məmmədov gələn
kimi pulunu həndbola yatırmağa başladı. Təbii ki, Heydər Babayevin federasiyaya
pul yatırmaması fonunda onun kişi həndbol millimizin üzvlərinə verdiyi maaş
xeyirxah addım kimi görünə bilərdi.
Ancaq tezliklə müəyyən olundu ki, Saleh Məmmədov da digər federasiya prezidentləri
kimi bu posta ölkə başçısının gözündə ranq qazanmaq üçün yiyələnib. Onun həndbola
gəlişi voleybolumuza ilk növbədə ciddi zərər vurdu.
Məlum olduğu kimi, "Azəravtoyol”un hamilik etdiyi "Azəryol” voleybol
klubu aprelin 1-dən – Azərbaycan çempionatı başa çatdıqdan sonra fəaliyyətini
dayandıracaq. Səbəb Saleh Məmmədovu daha voleybol yox, həndbolun
maraqlandırmasıdır. Halbuki "Azəryol” voleybolda Azərbaycanın iddialı
klublarından sayılırdı. Bu klubun qəsdən və bilərəkdən dağıdılması isə
İslamiada öncəsi neçə voleybolçunun klubsuz qalmasına gətirib çıxaracaq.
Saleh Məmmədovun gəlişi ilə həndbol üzrə Azərbaycan çempionatı ilə bağlı
qaranlıq duruma aydınlıq gəlsə də, bu birinciliyin də gözdən pərdə asmaq üçün
keçirildiyi üzə çıxdı. Dünəndən start götürən 4 komandadan ibarət çempionat öncəsi
Lyudmila Şubinanın rəhbərlik etdiyi "Qaradağ Sement” komandasının mübarizə
aparmayacağı bəlli oldu. Halbuki bu komanda neçə il daxili birincilikdə ABU-nun
əsas rəqibi kimi göstərilirdi. Əvəzində isə Mingəçevirin "Nur” komandası
yaradıldı.
Bəli, məhz gözdən pərdə asmaq üçün bu komanda yaradıldı. Yəni, demək istədilər
ki, biz gələn kimi bölgədə həndbol komandası yaratdıq. Elə bilirsiniz ki, bu
komandada mingəçevirlilər oynayır? Hamısı ruslardır. Məqsəd bu həndbolçulardan
özlərini yaxşı göstərənlərin İslamiadada çıxış edəcək qadın millimizin xeyrinə
milliləşdirilməsidir. Axı, Saleh Məmmədova da İslamiadada ölkə başçısı önündə nəticə
verdiyini göstərən material lazımdır. Elə "Azəryol”a da ukraynalı baş məşqçi
Georgi Voronovun rəhbərliyi ilə artıq legionerlər doluşdurulmağa başlanılıb.
Ən pisi isə bilirsiniz nədir? "Azəryol” komandası bu qədər maliyyə
ayrılması fonunda Avropa Qadınlar Çağırış Kubokunda Polşa komandasına böyük
hesabla yenildi. 2 oyunun cəminə görə 18 top fərqli yenilgi! Halbuki qadın həndboluna
hələ Heydər Babayevin vaxtından diqqət ayrılırdı.
Üstəlik, kişi həndbol millimizə də legionerlərin gələcəyi bəllidir. Həndbol
millimizin üzvləri Saleh Məmmədovun təyinatını eşidəndə çox sevincək olsalar
da, onların sevincləri qısa çəkib. Çünki artıq MDB məkanından legionerlər
millimizə gətirilir. Bunu federasiyanın idman şöbəsinin rəhbəri İsgəndər Əsgərovun
özü də mətbuata açıqlamasında təsdiqləyib.
Yeni prezident köhnə rəhbərdən qalan adları da silməyə başlayıb. Artıq Heydər
Babayevə məxsus olan ABU şirkətinin adı ilə bağlı dəyişikliklər edilməkdədir.
İlk olaraq Azərbaycanın ən köklü klubu olan ABU-nun adı dəyişdirildi. Voleybol
klubunun adı – "Azəryol” məhz bu kluba verildi. İndi yəqin ki, "ABU
Arena”nı da "Azəryol Arena” adı gözləyir. Gələcəkdə bu arenanın yanındakı
ABU Petrolun adının Azəryol Petrol adı ilə əvəzləndiyini də eşitsəniz, heç də təəccüblənməyin.
Yeri gəlmişkən, "Azəryol” voleybol klubunun icraçı direktoru Yusif
Atakişiyevə də bu federasiyada baş katib postu həvalə edilib. Bir sözlə, klub
tamamilə "Azəryol”laşdırılır. Ancaq bu yol yaxşı heç nə vəd etmir...
(Sport7.Az)
Вернуться назад
|