Главная > Türk Dünyası > İraq türkmənləri Xocalını andılar – Ankarada

İraq türkmənləri Xocalını andılar – Ankarada


12-02-2017, 17:37.

Fevral ayının 11-də "İraq Türkləri Mədəniyyət və Yardımlaşma Dərnəyi” Ankara şöbəsinin qərargahında Xocalı Soyqırımının 25 illiyinə həsr olunmuş anım konfransı keçirib.

 

Bu haqda saytımıza tədbirin təşəbbüsçüsü tarixçi Cavid Mövsümlü məlumat verib. 

 

"İraq Türkləri Mədəniyyət və Yardımlaşma Dərnəyinin” təşkilatçılığı ilə gerçəkləşən "Xocalı Soyqırımının” anma proqramında Ankarada yaşayan İraq Türkmənləri, Azərbaycanlılar, Türkiyəlilər, fərqli təşkilat və mətbuat təmsilçiləri iştirak ediblər. Konfrans Xocalı soyqırımı və bütün Türkmən, Azərbaycan, Türkiyə şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilərək, fatihə oxunması ilə başlayıb. Daha sonra qonaqlara Xocalı Soyqırımını anladan qısa-metrajlı film təqdim edilib.

 

Türkmeneli TV-in Ankara təmsilçisi, Türkməneli şairi Qanim Qəssaboğlunun aparıcılığı ilə davam edən konfransda "Təlafər Mədəniyyət Mərkəzinin Ədəbiyyat və İncəsənət” şöbəsinin müdiri, Türkməneli şairi Miqdət Həvdioğlu, Azərbaycanlı tarixçi Cavid Mövsümlü, "İraq Türkləri Mədəniyyət və Yardımlaşma Dərnəyi” Ankara şöbəsinin sədri Abbas Türkmən Xocalı Soyqırımı mövzusunda fərqli mövzularda çıxış ediblər. 

 

Konfransın dəvətli məruzəçisi Cavid Mövsümlü öz çıxışının sonunda İraq Türkmənlərinə qardaşları olan Azərbaycanlıların acısına şərik çıxdıqları üçün öz xalqı adına təşəkkür edib və bu yaxşılığı Azərbaycanlıların heç bir zaman unutmayacağını söyləyib. Öz növbəsində dərnəyin Ankara şöbəsinin sədri Abbas Türkmən də tədbirin təşkilatçılığında əməyi keçən hər kəsə təşəkkür etdikdən sonra bildirib ki, İraq Türkləri hər zaman canı bir, qanı bir Azərbaycanlı qardaşlarının yanında olmağa hazırdılar.

 

Tədbir sonunda "Türkməneli TV” konfransda iştirak edən Azərbaycanlı qonaqlardan müsahibə alıb. Müsahibədə iştirak edən tarixçi-jurnalist Mehparə Sultanova düzənlənən tədbirin əhəmiyyətindən, əslən Şuşadan olub, Ankarada təhsil alan Humay Nəsibova isə Qarabağla bağlı faciəli xatirələrindən danışıblar. Sonda xatirə şəkilləri çəkilib.


 Uluyol.info

 



Вернуться назад