Bir müddət
öncə ölkədə pəhləvanların istifadə etdiyi daşlara verilən qiymət hər kəsin
marağına və təəccübünə səbəb olmuşdu.
Belə ki, Gürcüstan əsilli bir nəfərin 16 kq-lıq çəki daşları axtardığı həm
elan saytlarında qeyd edilmişdi, həm də dildən-dilə gəzirdi. Həmin şəxs
axtardığı ağırlıq daşları üçün 25-50 min dollara qədər pul verəcəyini deyirdi.
Bu daşın özəlliyi isə ondan ibarət idi ki, yerə atılanda böyrü üstdə düşmürdü.
Bu da pul qazanmaq niyyətində olan bir çox gəncin pəhləvanlara üz tutub,
daşları almaq istəyi ilə nəticələndi. Sonradan isə söz-söhbət yayıldı ki, sən
demə, həmin daşların içərisində nəsə maddə var. Hətta bunun civə olduğunu
deyənlər də tapıldı. Həmin daşların bir üzünə çəkisi yazılanda digər üzünə isə
rus dilində "CCCP” yazıldığı bildirilir.
İddialara görə, sonradan həmin şəxs paytaxtda həbs olunub. Bəziləri isə bunun
bir fırıldaq olduğunu yazırdı.
Məsələ ilə bağlı Azərbaycanın tanınmış pəhləvanlarına müraciət etdik.
Yeniçağ.az-a danışan Laçın Pəhləvanoğlu bununla bağlı ona çox müraciət
edildiyini dedi:
"Mən bu barədə biləndə bəlkə də Azərbaycanda heç kimin o daşlardan xəbəri yox
idi. Dəfələrlə bununla bağlı mənə müraciət edənlər də olub. Hətta elə gün olub
ki, telefonumu sondürmüşəm. Çünki əsəblərim korlanırdı. Elə insanlardan zəng gəlirdi
ki… "Alo” deyən kimi başlayırdılar: "qardaşoğlu, əmin qurban, necəsən?”. Mən də
heç o heç soruşmadan əvvəl cavab verirdim ki, o daşdan məndə yoxdur (gülür).
Bilirsiz, o bir neçə insanın ortaya atdığı fərziyyə idi. O daşlar Sovet vaxtı
hazırlanmışdı, yəni rus o qədər ağılsızdır ki, o "gir”in içərisinə civə qoysun,
bütün dünyaya paylasın?
Azərbaycanda bəlkə də ən çox pəhləvan daşı bizdədir. Həyətimdə 60-a yaxın "gir”
var. Bir dəfə "instagram”da girlərin şəklini paylaşdım. Mesaj qutusuna 100-dən
çox insan yazdı. 100 minlərlə pul təklif edirdilər. Dedim, satılası daşım
yoxdur. Onlar yadigardır. Hələ də insanlar anlamır ki, belə bir şey yoxdur.
Məndə atamın vaxtından qalan daşlar var ki, içərisində civəsi-filanı olanı
yoxdur. Əslində, onun aşıb – qalxmağının səbəbini belə izah edim. Onu ruslar
xüsusi olaraq, sirk pəhləvanları üçün hazırlayıb. Janqlyorların asan oynada
bilməsi üçün o daşların misli yoxdur.
Onlardan ustad Rəşid Pəhləvanda da olub. Çünki o da sirkdə fəaliyyət göstərirdi.
Qədimi daşlar idi. Axmaqlıq edib, içinə qiymətli nəsə qoyası deyillər ki…”.
Bildirək ki, məsələ ilə bağlı ən çox müraciət olunan pəhləvan Vüsal Cavadovdur.
Hətta iddia edilirdi ki, həmin çəki daşlarından onda olub, ancaq o "ata
yadigarımdır”, deyərək satmayıb. Məsələ ilə bağlı Vüsal pəhləvanın da mövqeyini
öyrəndik. Yeniçağ.Az-a danışan pəhləvan onda elə bir çəki daşlarının
olmadığını dedi:
"Bu barədə camaat hələ də danışır. Amma bizim istifadə etdiyimiz daşların
arasında beləsi yoxdur. Eşitmişəm ki, bu cür daşlara Rusiyada rast gələnlər
olub. Deyilənə görə, bunlar daha çox qədimi daşlardır. O daşların
digərlərindən heç bir fərqi yoxdur: nə ağırlıq baxımından, nə də digər məsələlərdə…
Guya həmin daşları atanda yıxılmır, ayağa qalxır. Düzünü deyim ki, mən
özüm də əslində, o daşları görməmişəm.
Bununla bağlı mənə hətta xaricdən də zəng ediblər. Deyiblər ki, o
daşlardan varsa bizə satın alırıq. 1000 manat, 5 min manat, 10 min manata
qədər müxtəlif rəqəmlər təklif ediblər.
Guya deyirlər ki, içində civə var. Amma civə deyil. Bu barədə internetdə də
oxudum. Nəsə başqa məhluldur. O da çox qiymətlidir. Civəyə aidiyyatı
yoxdur. Bu məhlul da onun aşanda qalxmağına səbəb olur”.
Qeyd edək ki, hətta internetdə də bu daşlardan almaq üçün elanlara rast gəldik.
Ancaq həmin nömrələrlə "vatsap” vasitəsi ilə əlaqə saxlamağın mümkün olduğu
yazılıb. Onlarla əlaqə yaratmağa çalışsaq da alınmadı.
Вернуться назад
|