Главная > GÜNDƏM > "Üçüncü və daha ciddi devalvasiyaya hazırlaşmalıyıq"-Əli Kərimli

"Üçüncü və daha ciddi devalvasiyaya hazırlaşmalıyıq"-Əli Kərimli


27-12-2015, 22:15.

AXCP sədri Əli Kərimlinin "facebook"sosial şəbəkəsində manatın ikinci devalvasiyadan sonra ki, durumu ilə bağlı statusunu Uluyol.info oxucularına olduğu kimi təqdim edirik:

 

Manat ikinci devalvasiyadan sonra da ucuzlaşmaqda davam edir. Mərkəzi Bankın devalvasiyadan sonra da manatın kursunu saxlamaq üçün 300 milyon dollar xərcləməyə məcbur olması, bu gün yaşanan dollar qıtlığı, günün sonunda 1 dolların artıq 1.60 manata satılması bilirsiniz, nədən xəbər verir?

Əvvəla, bu o deməkdir ki, manatı artıq indiki məzənnədə də saxlamaq mümkün olmayacaq. Mərkəzi Bankın rezervləri bu gedişlə manatı hətta indiki kursda cəmi 3-4 ay saxlamağa kifayət edər. Hökumət isə rezervlərin tam olaraq tükənməsini gözləməyəcək. Deməli, ikinci devalvasiyanın ağrısını hələ tam hiss etməmiş, üçüncü və daha ciddi devalvasiyaya hazırlaşmalıyıq.

Bəs niyə belə oldu? Manat niyə bu qədər sürətlə iflasa uğrayır? Manatın iflasının iqtisadi səbəbləri haqda son günlər çox yazmışıq. Amma məncə, hazırda manatı iqtisadi səbəblərdən daha çox siyasi və psixoloji səbəblər sıxır. Az-çox pulu olan adamlar gördülər ki, hökumət nəinki böhranı idarə etmək iqtidarında deyil, heç nə baş verdiyini, ölkənin nə qədər dərin böhrana düşdüyünü də anlamayıb. Oturub, ümidlərini ona bağlayıb ki, neftin qiyməti qalxacaq, işlər düzələcək. Vəziyyəti dəyişmək üçün heç bir proqram təklif edə bilmirlər. Manata olan ümidlərin itməsi daha çox hökumətə inamın tam sarsılması ilə bağlıdır. Ekstrimal vəziyyət hakimiyyətin nə qədər aciz və bacarıqsız olduğunu çılpaqlığı ilə ortaya çıxarıb. Ağır iqtisadi böhran şəraitində vətəndaşlar taleyin ümidinə buraxılıb. İnsanlar hökumətin indiki vəziyyətdən çıxış yolu tapa biləcəyinə inanmadığından, əlinə düşən manatı dollara çevirməyə çalışır.

Nə baş verir? Yəni doğrudanmı İlham Əliyevin ətrafındabu böhranı adekvat qiymətləndirib, çıxış yolları təklif etmək iqtidarında olan adamlar yoxdur? Yoxsa, İlham Əliyev özü belə adamları eşitmir?

Hazırda hakimiyyətin bir nömrəli işi dollar ajiotajını aradan qaldırmaq olmalıdır. Onun üçün isə hökumət təcili şəkildə, inandırıcı anti-böran proqramı elan etməli və dərhal da icrasına başlamalıdır. Anti-böhran proqramının əsas tezislərini növbəti yazıda yazacağam.


 

 ULUYOL.İNFO


Вернуться назад