Главная > Ölkə / GÜNDƏM > “Jurnalistlərin məmurları cərimələtməsi mümkün olmayacaq”-Mehman Əliyev

“Jurnalistlərin məmurları cərimələtməsi mümkün olmayacaq”-Mehman Əliyev


27-12-2015, 17:30.

 

Mehman Əliyev: "Məsələn, Hacıbala Abutalıbov 5000 manat da ödəməyə hazırdır ki, o informasiyaları verməsin...” 

 

Azərbaycanda jurnalistlərin sorğularına cavab verməkdən imtina etməyə, cavabsız buraxmağa və jurnalistə informasiyanın verilməsinə məhdudiyyət qoymağa görə yeni cəzalar tətbiq olunur. Bu, yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsinin 382-ci maddəsində təsbit olunub.

Maddənin birinci hissəsində göstərilir ki, qanunla müəyyən edilmiş müddətdə jurnalist sorğusuna cavab verməməyə görə 200 manatdan 300 manata qədər cərimə tətbiq ediləcək. Maddənin ikinci hissəsində isə deyilir ki, qanunla qorunan informasiyalar istisna olmaqla, jurnalistə informasiyanın verilməsinə məhdudiyyətlər qoymağa və ya informasiya verilməsindən imtina etməyə görə isə 300 manatdan 500 manata qədər cərimə nəzərdə tutulur. Hazırda qüvvədə olan məcəlləyə görə isə bu cərimələr müvafiq olaraq 40 manatdan 70 manata qədər və 60 manatdan 90 manata qədərdir.

Azərbaycan prezidenti tərəfindən təqdim edilmiş yeni İnzibati Xətalar Məcəlləsi Milli Məclisin plenar iclasına tövsiyə olunub və dekabrın 29-da müzakirəyə çıxarılacaq. Məcəllə qəbul olunduğu təqdirdə 2016-cı il mayın 1-dən qüvvəyə minəcək.

"Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, bu qanun işlək olmayacaq. O, öz təcrübəsindən çıxış edərək bu günədək araşdırma yazıları üçün bir neçə dəfə dövlət orqanına müraciət etdiyini bildirdi: "Bu yaxınlarda qanunsuz tikililərlə bağlı bir araşdırma hazırlayırdım. Hacıbala Abutalıbov başda olmaqla, bir neçə qurumun rəhbərinə sorğu göndərmişəm. Amma cavablamadılar. Bu sorğuların cavablandırılmaması ilə bağlı ombudsman Elmira Süleymanovaya da müraciət etmişəm. Ona da deyilib ki, biz artıq cavablandırmışıq. Halbuki ortada heç bir cavab mətni yoxdur. Bu, çox ciddi məsələdir və məcəlləyə dəyişikliklərlə həll olunmur. Hökumət nümayəndələri yeri gəldi-gəlmədi, jurnalistləri qeyri-obyektiv fəaliyyətdə günahlandırırlar. Mən bir sorğuya 2 aya cavab ala bilmirəmsə, necə bütün tərəflərin mövqeyini işıqlandıra bilərəm? Halbuki istəsələr, bu suala 2 dəqiqəyə cavab verə bilərlər”.

Müsahibimiz hesab edir ki, hökumət məmurları üçün pul cəriməsi olduqca kiçik cəzadır. "Onlarçün bu məbləğ qəpik-quruşdur” deyən M.Əliyevin fikrincə, məsələn, Hacıbala Abutalıbovçün pul cəriməsi daha kiçik cəzadır, nəinki həmin məlumatların mediaya açıqlanması: "Hacıbala Abutalıbov hətta 5000 manat da verər ki, o qoyduğumuz suallara cavab verməsin. Digər tərəfdən media məhkəməyə müraciət etməlidir. Məhkəmə buna baxacaq, əlavə sorğu yollayacaq və indiki məhkəmələrin necə ”müstəqil" olması da məlumdur. Bu halda heç bir perspektiv görmürəm. Heç bir KİV bununla məşğul deyil. Ona informasiya verməyən məmurdan məhkəməyə şikayət etmir, tələb etmir. Məhkəmə sistemi də azad deyil. Siyasi qərar olmalıdır. Ciddi mexanizm olmalıdır bunun arxasında".

Sevinc TELMANQIZI-musavat.com

Вернуться назад