Главная > Aktual > Hizbullahın liderinin sirli ölümündə Obama izi

Hizbullahın liderinin sirli ölümündə Obama izi


16-01-2017, 20:06.

Hizbullahın əsas liderlərindən olan İmad Muqniyə ABŞ Prezidenti Barak Obamanın gizli əmri ilə öldürülüb.

Bu barədə informasiyanı "Vaşinqton Post” qəzeti və "Nyus Vik” jurnalı ortaq apardıqları araşdırmadan sonra yayıblar. Araşdırmaya əsasən, Obama prezident kimi Ağ Evdə fəaliyyətə başladıqdan bir ay sonra ona Hizbullah liderinə qarşı əməliyyat keçirilməsi üçün xüsusi plan təqdim edilib. Obama bu plana razılıq verilib. Plana əsasən, Muqniyə Mərkəzi Kəşfiyyat İdarəsi və MOSSAD təşkilatının ortaq fəaliyyəti nəticəsində qətlə yetirilməli idi.

Qeyd edək ki, Muqniyə Hizbullahın əsasını qoyanlardan biri hesab edilirdi. O, ABŞ Federal Təhqiqat Bürosunun ən çox axtardığı 25 terrorçudan biri sayılırdı. Muqniyə ölümünə qədər bir sıra teraktlara imza atıb. Belə ki, o, Beyrutdakı Amerika Konsulluğunun partladılmasında (63 ölü – red.), Beyrutdakı sülhməramlıların kazarmasının partladılmasında (58 fransız və 241 ABŞ əsgəri ölüb – red.), Buones Ayresdəki Yəhudi Mədəniyyət Mərkəzindəki teraktda (86 ölü – red.) iştirak edib.

Muqniyə 2008-ci ildə Dəməşqdə İran səfirliyindəki tədbirdən qayıtdıqdan 11 saat sonra qətlə yetirilib. İndiyə qədər onun ölümünə görə məsuliyyəti heç kim üzərinə götürməyib. İran mənbələri bu hadisənin arxasında MOSSAD-ın olduğunu desə də, Fransanın "Le Fiqaro” qəzeti bu işi Suriya kəşfiyyatının törətdiyini bildirib. Fransız qəzeti buna səbəb kimi Muqniyənin Suriya ordusunun generallarını öz təsir dairəsinə salmaq istəməsini göstərib.

ABŞ isə Muqniyəni Əl Qaidə lideri Üsamə Ben Ladenlə əlaqədə şübhəli bilir. Vaşinqtonun iddiasına görə, Müqniyə İran hakimiyyəti ilə Əl Qaidə arasında əlaqəni təmin edib. ABŞ Müqniyənin 1993-cü ildə Ben Ladenlə görüşərək, sonuncunu "yeraltı savaş” strategiyası ilə tanış etdiyini bildirib.//axar.az




Вернуться назад