2016-cı ildə istehlak məhsullarının və xidmətlərin qiymətləri
2015-ci ilə nisbətən 12,4%, o cümlədən ərzaq məhsullarının qiymətləri 14,7%,
qeyri-ərzaq məhsullarının qiymətləri 16,7%, əhaliyə göstərilən ödənişli
xidmətlərin qiymətləri 5,8% artıb.
Dövlət
Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin dekabr ayında noyabr ayına
nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 3%, o cümlədən ərzaq
məhsullarının qiymətləri 4,1%, qeyri-ərzaq məhsullarının qiymətləri 2,2%,
əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 2,4% artıb.
Ay ərzində düyünün, unun, qarabaşaq yarmasının, makaron məmulatlarının, mal,
qoyun və toyuq ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, süd
məhsulları, pendir və yumurtanın, kərə və bitki yağlarının, şəkər və şəkər
tozunun, qəhvə, çay və kakaonun, almanın, armudun, heyvanın, narın, bananın,
xurmanın, kivinin, portağalın, naringinin, pomidorun, xiyarın, kələmin, göyərtinin,
çuğundurun, kartofun, soğanın, sarımsağın qiymətlərində bahalaşma, limonun,
yerkökünün, tütün məmulatlarının qiymətlərində isə ucuzlaşma müşahidə olunub.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Dekabr ayında noyabr ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların,
geyim və ayaqqabıların, inşaat materiallarının, mebel və ev əşyalarının,
zərgərlik məmulatlarının, xalça və digər döşəmə örtüklərinin, ev üçün toxuculuq
məmulatlarının, şüşə məmulatları, yemək qabları və əşyalarının, məişət
cihazlarının, televizor, telefon və fotoaparatların, kompüterlərin, dəftərxana
ləvazimatlarının, minik avtomobilləri və onlar üçün ehtiyat hissələrinin
qiymətlərində bahalaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində
ciddi dəyişikliklər baş verməyib.
Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən elektrik enerjisi
təchizatının, respublikadan kənara istirahət turlarının, mənzillərin icarə
haqlarının, məişət cihazlarının, mebel və ev əşyalarının, avtomobillərin təmiri
xidmətlərinin, stomatoloji xidmətlərin, bərbərxana və kosmetik xidmətlərin, ev
və məişət xidmətlərinin, dəmiryol və hava nəqliyyatı ilə beynəlxalq
sərnişindaşıma xidmətlərinin qiymətlərində bahalaşma müşahidə olunub. Digər
ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Uluyol.info
Вернуться назад
|