Главная > Siyasət > Ankara Trampı Güləni Türkiyəyə təhvil verməyə və kürdləri dəstəkləməməyə çağırıb

Ankara Trampı Güləni Türkiyəyə təhvil verməyə və kürdləri dəstəkləməməyə çağırıb


9-01-2017, 18:39.

Türkiyə rəhbərliyi yeni seçilmiş ABŞ prezidenti Donald Tramp administrasiyasının müxalifətçi islamçı Fətullah Güləni rəsmi Ankaraya təhvil verəcəyinə ümid edir. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

 

"Mən Tramp administrasiyasının əvvəlki prezident administrasiyasının səhvlərini təkrarlayacağını düşünmürəm. Biz ABŞ-dan Fətullah Güləni Türkiyəyə təslim edəcəyini gözləyirik", - deyə Çavuşoğlu Ankarada səfirlərin konfransında bildirib.

 

O həmçinin əlavə edib ki, rəsmi Ankara Washington-dan Suriyada fəaliyyət göstərən Kürdlərin Özünümüdafiə Xalq Dəstəsini (YPG) dəstəkləməyəcəyini gözləyir. Türkiyə hökuməti bu dəstəni terroçu təşkilat hesab edir.

 

Nazir həmçinin bildirib ki, Rusiya Türkiyənin əsas iqtisadi müttəfiqi olaraq qalır. Bununla yanaşı nazir rəsmi Ankaranın Ukraynanın və Gürcüstanın ərazi bütövlüyünü tanımaqdan imtina etmək niyyətində olmadığını da qeyd edib.

 

Fətullah Gülən Türkiyədə ölkə prezidenti Rəcəb Tayyip Erdoğandan sonra ikinci nüfuzlu insan hesab edilir. Hazırda Gülən ABŞ-da könüllü sürgün həyatı yaşayır.

 

Türkiyə rəhbərliyi Güləni ölkədə sabitliyi pozmağa cəhddə ittiham edir. Cənab Gülən xüsusilə ötən ilin iyun ayında ölkədə baş verən dövlət çevrilişinə cəhdə təşkilatçılıq etməkdə günahlandırılır.

 

Fətullah Gülən isə bu ittihamları rədd edir. Türkiyə dəfələrlə ABŞ-dan Gülənin onlara təhvil verilməsinə cəhd göstərib.

 

Uluyol.info


Вернуться назад