Главная > Mövqe > Camal Seyidli: "Kim zəmanət verə bilər ki, ağır cinayət tərkibli əməllər təkcə MTN-də baş verib? "

Camal Seyidli: "Kim zəmanət verə bilər ki, ağır cinayət tərkibli əməllər təkcə MTN-də baş verib? "


1-01-2017, 10:15.

AXCP fəali Camal Seyidli: Azərbaycanda hər dəfə seçkidən sonra siyasi hüquqlar və fəaliyyət azadlıqları ciddi şəkildə məhdudlaşdırılmağa, siyasi rəqiblərə qarşı təqib və təzyiqlər genişlənməyə başlayır.


Bu gün hakimiyyətin güclü görünməsinin səbəbi vətəndaş zəifliyidir. Azərbaycan vətəndaşı ən kiçik hüququnu qorumaqdan belə çəkinir. Hakimiyyət insanlarda qorxu yaradıb. Hamı narazıdır, amma bu narazılıq hökumətə qarşı üsyan və tələb edəcək qədər deyil. Bu məmləkətdə yaşayanlar 10 il ən sərt formada ölkənin milli təhlükəsizliyini təhdid edən, insanları ağlagəlməyən vasitələrlə cəzalandıran Eldar Mahmudov və onun rəhbərlik etdiyi komandasının cinayətlərini sora, cəzalanmasını tələb edə biləcək gücdə deyil.  Hakimiyyət az müddətdə cəmiyyəti kölə vəziyyətinə salıb.

Hakimiyyətin ən yüksək məmurları açıq şəkildə bildirirlər ki, Milli Təhlükəsizlik Nazirliyi özünün bilavasitə funksiyaları ilə məşğul olmaq əvəzinə xalqa qarşı fəaliyyət göstərib. Amma bunu elə təqdim edirlər ki, guya indi bilirlər, bu nazirlik milli təhlükəsizliklə məşğul olmaq əvəzinə biznes strukturuna çevrilib, iş adamlarına divan tuturmuş, şantaj edirmiş, adamların sərvətlərini, var-yoxlarını əlindən alırmış. Kim zəmanət verə bilər ki, ağır cinayət tərkibli əməllər təkcə bu nazirlikdə baş verir?

Ölkədə azad və ədalətli seçkilərin keçirilməsi üçün demokratik şərait yoxdur. Seçki qanunvericiliyi belə seçkilərin keçirilməsinə imkan vermir. Seçki komissiyaları tam olaraq hakimiyyətin nəzarəti altındadır. Bərabərhüquqlu təbliğat imkanları mövcud deyil. Yüzədək siyasi məhbusun olması, seçki kampaniyası dövründə də repressiyaların davam etməsi, söz və ifadə azadlığına qarşı davamlı basqılar, saxtakarlıqların və qanun pozuntularının vüsət alması vəziyyəti bir qədər də ağırlaşdırır.

Azərbaycanda hər dəfə seçkidən sonra siyasi hüquqlar və fəaliyyət azadlıqları ciddi şəkildə məhdudlaşdırılmağa, siyasi rəqiblərə qarşı təqib və təzyiqlər genişlənməyə başlayır. İnsan hüquqları və azadlıqları sahəsində beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəliklər nəzərə alınmadan, açıq-aşkar demokratik dəyərlərə və institutlara qarşı total basqı kampaniyası başladılır. Yerli və beynəlxalq səviyyədə səslənən tənqidlərə baxmayaraq, hakimiyyətin bu günə qədər davam etdirdiyi repressiyalar cəmiyyətdə qorxu yaratmağa, siyasi rəqibləri sıradan çıxarmağa, demokratik azadlıqları zorakı üsullarla boğmağa yönəlib.

Açıq-aşkar görünür ki, ölkədə hüququn aliliyi prinsipi kobud şəkildə  pozulub, qanunlar hakimiyyətin siyasi iradəsinə tabe etdirilib. Belə bir şəraitdə hüquq-mühafizə orqanları və məhkəmələr tərəfsizliyini, müstəqilliyini itirərək hakimiyyətin əlində siyasi repressiya alətinə çevriliblər.

Eyni zamanda, siyasi məhbuslara həbsxanada fiziki zorakılıq göstərilməsi, onların saxlanma şərtlərinin qəsdən çətinləşdirilməsi barədə tez-tez narahatlıq doğuran məlumatlar yayılmaqdadır. Belə görünür ki, hakimiyyət həbsdəki insanlara qarşı bu cür zorakı davranışla ictimai fikirdə cəza mexanizminin qorxu və təsirini artırmağa çalışır.

İnsanların siyasi mövqelərinə, fəaliyyətlərinə və müstəqil düşüncələrinə görə hakim rejimin təzyiqlərinə məruz qalması demokratik seçkilər üçün zəruri olan siyasi fəaliyyət və ifadə azadlığını ciddi şəkildə məhdudlaşdırır. Belə şərtlər altında azad və demokratik seçkilərin keçirilməsi qeyri-mümkündür.
 
Uluyol.info
 


Вернуться назад