Главная > Kriminal > İlahiyatçıya 10 il iş kəsildi

İlahiyatçıya 10 il iş kəsildi


30-12-2016, 18:19.

Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdiri, ilahiyyatçı Elşən Mustafayevə (Mustafaoğlu) 10 il həbs cəzası verildi.

 

Dekabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası belə hökm çıxarıb.

 

Hökmdən əvvəl qapalı məhkəmədə Elşən Mustafaoğlu son sözünü deyib.

 

Bu barədə AzadlıqRadiosu-na ilahiyyatçının vəkili Əfqan Məmmədov məlumat verərək bildirib ki, o, son sözündə iki ildən artıqdır heç bir günahı olmadan həbsdə saxlanıldığını, dövlətə xəyanət suçlamasının qondarma olduğunu deyib. Elşən Mustafaoğlu çıxışının sonunda məhkəmədən bəraət istəyib.

 

Amma məhkəmə qısa müşavirədən sonra onun 10 il azadlıqdan məhrum edilməsinə dair hökmü elan edib.

 

Vəkil Əfqan Məmmədov hökmün qanunsuz və əsassız olduğunu, Elşən Mustafaoğluya verilmiş ittihamın məhkəmədə sübuta yetirilmədiyini deyir. Müdafiəçi hökmdən apelyasiya şikayəti veriləcəyini bildirib: "Bu adam tamamilə günahsızdır. Məhkəmədə dindirilən şahidlərin heç biri onun əleyhinə ifadə vermədi. Ortada heç bir mötəbər sübut yoxdur. Ona görə də bəraət alana qədər bütün mümkün hüquqi vasitələrdən istifadə edəcəyik”.

 

2014-cü il dekabrın 16-da həbs edilən Elşən Mustafaoğlu CM-nin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. İlahiyyatçı məhkəmənin hazırlıq iclasında bildirmişdi ki, MTN əməkdaşları onu həbs edib, ondan Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin, general Rövşən Əkbərovun əleyhinə ifadə almağa cəhd göstəriblər. Tələb olunan ifadəni verməyə razılaşmadığına görə ona qarşı heç bir əsası olmayan ittiham irəli sürüblər.

 

Bundan sonra işin içində dövlət sirri hesab edilən məlumatların olduğunu əsas gətirib, məhkəmənin qapalı keçirilməsinə qərar verilmişdi.

 

Elşən Mustafaoğlu 2001-ci ildə "Mənəvi Saflığa Dəvət" İctimai Birliyini təsis edib. 2005-ci ildən "Yeni Şərq" Elmi Araşdırmalar Mərkəzinin direktoru, ANS-də, İctimai Televiziyada veriliş aparıcısı, Azərbaycan-Amerika Media Akademiyasının direktoru olub.

 

O, Norveçdə elmi layihə üzrə çalışıb, 2014-cü ilin əvvəlində ölkəyə qayıdıb. Həbsindən bir neçə ay öncə isə Qafqaz Müsəlmanları İdarəsi ilə əməkdaşlığa başlayıb və bu qurumda sektor müdiri olub.


Вернуться назад