Главная > Cəmiyyət > Müsavatçılar Almaniyada möhtəşəm aksiya keçirdi-FOTOLAR

Müsavatçılar Almaniyada möhtəşəm aksiya keçirdi-FOTOLAR


17-12-2016, 18:29.

 

Bu gün Almaniyanın Münster şəhərində Müsavat Avropa Koordinasiya Mərkəzinin (AKM) təşəbbüsü ilə "Azərbaycandakı siyasi məhbuslara azadlıq!” şüarı altında aksiya keçirilib.

Bu haqda "Basta”ya AKM-in təmsilçilərindən biri Yafəz Əkrəmoğlu məlumat verib.

Aksiyanın qətnaməsində deyilir:

"Azərbaycanda hakimiyyətin nəzarətində olan məhkəmə orqanları Nida Vətəndaş Hərəkatın üzvləri Qiyas İbrahimov və Bayram Məmmədovun 10 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərarlar çıxarıb. Nidaçı gənclər qanunsuz olaraq narkotik vasitələri saxlama ittihamı ilə məhkum edilsələr də, bu ittihamın uydurma olduğu, onların Heydər Əliyevin Bakıdakı abidəsinin postamentinə yazılan şüarlara görə həbs edildikləri hər kəsə məlumdur.

Biz – Müsavat AKM-in təşəbbüsü ilə keçirilən aksiyanın iştirakçıları, bu hökmləri antidemokratik Əliyev rejiminin gənc fəallara qarşı repressiyaların davamı kimi qiymətləndiririk. Hesab edirik ki, Əliyev rejimi "heykəl məhbusları” Qiyas İbrahimovdan və Bayram Məmmədovdan qisas almaq, fəal gəncləri və bütövlükdə cəmiyyəti qorxu altında saxlamaq məqsədilə bu sifarişli hökmlərin çıxarılmasına rəvac verib.

Aksiya iştirakçıları olaraq Qiyas İbrahimovun, Bayram Məmmədovun və digər siyasi məhbusların dərhal azad edilməsini, ölkədə repressiyalara son qoyulmasını Azərbaycan hakimiyyətindən tələb edirik. Bütün yerli və beynəlxalq ictimaiyyəti Azərbaycanda siyasi məhbusların azadlığı uğrunda daha fəal mübarizə aparmağa çağırırıq.

Münster, Almaniya 17.12.2016″

Aksiyadan öncə Müsavat AKM-in toplantısı da keçirilib. Bu haqda "Basta”ya məlumat verən AKM təmsilçilərindən biri Əli Quliyev bildirib ki, iclasda üzvlük üçün mürəciət edən 10 nəfərin ərizələrinə baxılıb, təşkilatın 32 üzvünə vəsiqələr təqdim edilib.

 

Mustafa Hacıbəyli

Bastainfo.com

 


 

 


Вернуться назад