Главная > Araşdırma > Azərbaycanda üzərində örpəkli qadın şəkli olan alkoqollu içki niyə satılır? - ARAŞDIRMA

Azərbaycanda üzərində örpəkli qadın şəkli olan alkoqollu içki niyə satılır? - ARAŞDIRMA


14-12-2016, 01:04.

Azərbaycanda üzərində örtüklü qadın şəkli olan alkoqollu içki məhsulları satılır.

Apardığımız araşdırma nəticəsində məlum oldu ki, məhsulun sifarişçisi Rusiyanın "Винный Стиль” (WineStyle) şirkətidir. Şirkətin mərkəzi ofisi Moskva şəhərində yerləşir. 

 

Məhsulun istehsalçısı isə "Gilan Holdinq”in sənayə müəssisələrindən olan, 2004-cü ildə Azərbaycanın Qəbələ rayonunda təsis edilmiş "Aqro-Azərinvest" şirkətidir. 

 

"Aqro-Azərinvest” MMC-nin (Qəbələ Şərab Zavodu)  "Винный Стиль” üçün 4 çeşiddə istehsal etdiyi məhsulların içində «Гюзель» (Gözəl) markası da yer alır.

Məhz bu marka adı altında istehsal edilən şüşə və saxsı qablaşdırmada olan şərab növlərinin üzərində yaşmaqlı qadın şəkli yer alır.

 

 

Xatırladaq ki, "Винный Стиль” şirkəti "Aqro-Azərinvest” MMC ilə yanaşı dünyanın bir neçə şərab istehsalçısı ilə, o cümlədən Ermənistanın məşhur Ararat şərab zavodu (Араратский винный завод) ilə əməkdaşlıq edir.

 

Azərbaycan xalqının bir sıra milli dəyərləri var ki, məhz onlar xalqımızın adət-ənənələrini özündə ehtiva etdirir.
Hələ qədim zamanlardan müsəlman xanımları yad kişilərdən üzlərini gizlətmək üçün örtükdən istifadə ediblər. Yaşmaq gözdən başqa demək olar ki, bütün üz cizgilərini gizlətməyə xidmət edərdi. 

Müsəlman qadınların örtüklərinin müxtəlif formaları vardır.  Bir çox müsəlman ölkələrində qadınlar  hazırda niqabdan istifadə etməkdədir. Azərbaycanda muasir dövrdə daha çox islami baş örtüsü kimi tanınan geyim növü hicabdır.

Nənələrimizin örtündüyü yaşmaq, örpək Azərbaycan tarixinin milli geyimləri sırasındadır. Azərbaycan milli geyimləri azərbaycanlıların maddi və mənəvi mədəniyyətini, onlara xas olan xüsusiyyətləri əks etdirir.  Bu onun qədim və milli dəyərlərinin qorunub saxlanılmasında mühüm rol oynayır.

Milli dəyərləri və onları simvolizə edən elementləri təhqir edən şəxs olarsa, bu həmin şəxsin o millətdən olub-olmamasına şübhə yaradır.  Bəs milli geyimlərimizdən hesab edilən yaşmağın şəklini alkoqollu içkinin üzərinə yerləşdimək  o geyimin daşıdığı dəyərlərə və örtü sahiblərinə qarşı təhqir deyilmi?

"Gözəl” adı verilən içkinin üzərindəki yaşmaq şəklinin hansı məqsəd və niyyətlə yerləşdirildiyini bilmək istədik. Buna görə də istehsalçı şirkətlə əlaqə saxlamağa çalışdıq. Lakin zəngimizə cavab verilmədi.

 

Xatun Etibarqızı, hedef14.az

 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Вернуться назад