Главная > Cəmiyyət > Ocağımızın işığını söndürənlər

Ocağımızın işığını söndürənlər


8-12-2016, 23:01.

Turan İsayeva

 

Əvvəllər "ocağının işığı sönsün" demək qarğış idi. İndi o qarğışı göz görə-görə yaşayırıq. Öz əlimizlə ocağımızın işığını söndürürük. Söndürmək məcburiyyətində qalırıq. Yeni "tema" işıq puludur. Dərd desək daha doğru olar yəqin ki. Dərdimiz işıqdı. İşığa and içən millətin işığının kəsilməyi bir millətin faciəsidir.

 

Görəsən neçə məmur axşam yol gedərkən başını qaldırıb millətin pəncərəsinə baxıb? Mən baxdım. Bu gün yarım saatlıq yolda bütün yol kənarı evlərin balkonunu seyr edirdim. Köhnə, yeni fərqi yox idi bütün pəncərələrdə işıq sönmüşdü. Əvvəl elə bildim işıqlar sönüb. Sonradan öz həyətimizə də yaxınlaşanda başa düşdüm ki, kəsilən işıqlar deyil, ümidlərdir.

 

Bir təbəqə millət (ki bu ölkənin təxmini səksən faizini təşkil edir) evində qaranlıqda oturur. İşığını yandırsa yeməyindən olacaq, yeməyi də kəssə acından öləcək, onsuz da ac olan bu millət. O qədər hər şeyə göz yuman millətik ki, o qədər gözümüzü açıb gerçəklərə baxmamışıq ki, bu qaranlığı o qədər də yadırğamayacayıq. Əminəm. Təki "onların" canı sağolsun. Biz soyuqda donub ölsək də olar, yemək yeməsək də, işləməsək də. Biz yəni, siz. Siz yəni övladlarınız. Göz yumduğumuz hər şeyin qaranlığına məhkum oluruq. Belə getsə artıq işıq luks təbəqənin tələbatına çevriləcək və kasıb ailələr gələcəkdə övladlarına "o qədər imkanımız var idi ki, otaqdan çıxanda işığı söndürmürdük" deyəcəklər. Nağıllar dəyişəcək məsəl üçün. Artıq cırtdanın it hürən tərəfi deyil, işıq yanan tərəfi seçmə səbəbi "yəqin bunların imkanı yaxşıdır, gecə vaxtı işığı yanılı qoyublarsa" düşüncəsi olacaq. Vay o gündən ki, gözümün işığı sözü evimin işığıyla əvəz olunsun.

 

 

Uluyol.info


Вернуться назад