Главная > Kriminal > DTX-dan nəşriyyatda əməliyyat: daha bir “reket baş redaktor” həbs edildi

DTX-dan nəşriyyatda əməliyyat: daha bir “reket baş redaktor” həbs edildi


6-12-2016, 23:17.

Bu gün axşam saatlarında Dövlət Təhlükəsizlik Xidməti (DTX) çoxsaylı qəzet, jurnal və saytların yerləşdiyi "Azərbaycan” nəşriyyatında daha bir əməliyyat keçirib.

Əməliyyat zamanı "Azərbaycan” nəşriyyatının 8-ci mərtəbəsində özünə bir neçə otaq kirayələmiş "Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyev DTX əməkdaşları tərəfindən qandallanaraq, aparılıb.

Hələlik hər hansı rəsmi açıqlama verilməsə də, ilkin ehtimallara görə, Habil Vəliyevin həbsi bir neçə gün əvvəl DTX-nın jurnalist adı altında vətəndaşlardan şantaj və təhdidlə pul tələb edən dəstənin zərərsizləşdirilməsi üçün başlatdığı əməliyyatın davamıdır.

Xatırladaq ki, yayılan məlumatlara görə, bu gün həbs edilən Habil Vəliyevlə bir neçə gün əvvəl həbs edilən "Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev arasında "birgə əməkdaşlıq”dan əlavə, həm də kirvəlik münasibətləri olub, hər ikisi uzun müddət böyük bir "reket jurnalist şəbəkəsi”nə başçılıq edib.

Onu da xatırladaq ki, Habil Vəliyevin rəhbərlik etdiyi qəzetin adı bir neçə dəfə Azərbaycan Mətbuat Şurasının "qara siyahısı”na salınıb və naməlum səbəblərdən çıxarılıb. Hətta "reket baş redaktor”un buna etiraz olaraq, Mətbuat Şurasının iclas salonuna belində silahla girdiyi, Şura rəhbərliyini kompromatlarla təhdid etdiyi haqda da o vaxt xəbərlər yayılmışdı. Çox maraqlı idi ki, onunla bağlı çoxsaylı şikayətlərin olmasına baxmayaraq, barəsində bu günədək hər hansı tədbir görülmürdü. Bildirilirdi ki, hər iki "baş redaktor” MTN-nın həbsdə olan keçmiş generallarının şantaj şəbəkəsində xüsusi yer alan isimlərdir və açıqca himayə olunurlar…

Son iki əməliyyatdan görünür ki, DTX bu şəbəkənin kökünün kəsilməsi istiqamətində hərəkətə keçib.//strateq.az


Вернуться назад