Главная > Cəmiyyət > Qorxma, tarix yaz!

Qorxma, tarix yaz!


3-12-2016, 00:35.

 İlhamə Novruzova

 

Dəyərli qadın kolleqalarım! Sizdən dəstək gözləyirəm! Bu gecə saat 00.00-dan etibarən #qorxma_tarix_yaz haştaq altında ilk yazını mən paylaşıram. Qadınlara qarşı zorakılıqdan, onun nə üçün belə vüsət almağından çox danışırıq, yazırıq, göstəririk. Ancaq zaman-zaman özümüz də buna məruz qalırırq. Lakin SUSURUQ! Gəlin qarşıdakı 1 həftə ərzində biz-media mənsubları, facebook istifadəçiləri olan xanımlar, uşaqlar - QORXMADAN ÖZ TARİXİMİZİ YAZAQ! Lütfən 1 cümlə ilə belə olsa, yazın və bu haştaqla paylaşın. Dəstək vermək istəyən, bunu qlobal kampaniyaya çevirmək istəyən hər kəsi sabah - dekabrın 3-də Park Bulvar AVM-in I mərtəbəsində saat 15.00-16.00-a dək gözləyirəm! 


Mən qorxmadım! Başqa kim var?


"Düz 15 il əvvəl...Axşam vaxtı...Evimdəydim...Və o balışı sifətimə qoyub, var gücü ilə sıxırdı və təpikləyirdi böyrəklərimi - mən çapalayana qədər. Çox qorxurdum, ölmək istəyirdim, özümə hər dəfə söz verirdim ki, müticəsinə sonumu gözləyəcəyəm. Amma vecsiz özünüqoruma instinktlərimiz... Axırda məcbur edirdi məni "burax, xahiş edirəm, yazığam, vurma" - deməyə. Balışı götürəndə onun məmnunluqdan və içkidən qıpqırmızı olmuş sifətini, mənfur təbəssümünü görməmək və həmişə dediyi "Ay axmaq, başa düşmürsən, mən səni necə istəyirəm, səni heç kim məndən çox sevməyəcək" - sözlərini eşitməmək üçün hər şeyi verməyə hazır idim. Amma çıxış yolu yox idi. Mənim üçün yox idi... mən 11 ildir ki, manyakla bir evi, bir yatağı bölüşürdüm... Hətta iş yoldaşlarım belə nələr yaşadığımdan xəbərsiz idilər.

Məni çox xoşbəxt qadın sayanlar, hətta qibtə edənlər çox idi. Üzümə deyirdilər: "necə bəxtəvərsən, gül kimi ərin, 2 uşağın, evin-eşiyin..."


Bu mən idim - İlhamə Novruzova - mediada o zaman kəskin yazılarıyla, məğrur görünüşüylə tanınan biri. Əslində heç kim... Çünki o heçliyə doğru gedirdim. İşlədiyim redaksiyaya, sonradan televiziyaya qara eynəklə gəlməyimi, həmişə ciddi, qapalı kostyumlar geyindiyimi bəziləri "farmazonluq" sayırdı, yaman forsludur, işə də eynəklə gəlir, bizi saymır... - deyirdilər. Biçarələr, nə bilərdiniz ki, bəxtəvərlik oxuduğunuz mən sizinlə salamlaşmırdım ki, səsimin ağlamaqdan tutulduğunu eşitməyəsiniz... eynəyim gözümün altındakı göy ləkələri, kostyumum və şərfim isə bədənimin göyərtilərini gizləmək üçün idi. Amma elə istəyirdim ki, bircə nəfər bu maskaların arxasındakı MƏNi hiss etsin, qəlbimdəki göynərtiləri, oranı tamam zəbt etmiş qançırlara azacıq da olsa məlhəm qoysun. Yox idiniz ki... heç kim yox idi...

15 il keçib. Yenə də İlhamə Novruzovayam. Ancaq daha eynək taxmıram. Həyat və yaşadıqlarım qəlbimdəki çəhrayı arzuları pərdələyən qara eynəyimi də yoxa çıxardı. İndi əksinədir. Qapqara xəyallarıma, zil qara görüntülərə azacıq rəng qatmaq üçün özümə eynək almışam - açıq çəhrayı rəngdə. Çox dəyişmişəm. Kim nə deyirsə-desin, qadına təkbaşına ayaq üstə qalmaq, həyatla çarpışmaq, kişi lobbiçiliyinin pik nöqtəsində duran və "mental" kişi dəyərləriylə idarə olunan məmləkətdə saf qadın xəyalları quraraq, pak arzulara dalaraq, yaşamaq çətindən çətindir.


Mən vurulduqca, vurmağı öyrəndim. Halbuki sevilməyi öyrənməliydim...

 

Uluyol.info

 


Вернуться назад