Главная > Təhsil / Cəmiyyət > Finlandiyada bütün fənlər ləğv edilir- bizdə də ola bilərmi?

Finlandiyada bütün fənlər ləğv edilir- bizdə də ola bilərmi?


11-11-2016, 01:36.
Azərbaycanda şagirdlərin dərs yükünün həddindən artıq çox olması valideynlərin, hətta müəllimlərin belə zaman –zaman narazılığına səbəb olub. 

Kitabların, fənlərin çoxluğu uşaqlarda zehni yorğunluq və qavrama çətinliyi yaradır. Müəyyən fənlərin çıxarılması məsələləri illərdir gündəmə gəlsə də reallaşmayıb. Ancaq Finlandiya bu sahədə bir ilkə imza atır. Belə ki, Finlandiyada bütün fənlər ləğv edilir. Finlandiyanın təhsil sisteminin dünyada ən qabaqcıllar sırasında olması, təhsilin qiymətləndirmə reytinqlərində bu ölkənin ən prestijlilərin TOP-10 siyahısına daxil olması hər kəsə məlumdur. Ancaq yerli dövlət başçıları bununla kifayətlənmir və məktəb sistemində əsl inqilab etməyi planlaşdırırlar. məmurlar bütün dərs fənlərini ləğv etmək fikrinə gəliblər: nə fizika olacaq, nə riyaziyyat, nə ədəbiyyat, nə tarix və nədə ki coğrafiya. 

Helsinkinin Təhsil Departamentinin başçısı Maryo Killonen bu reformaları belə şərh edir: "Məktəblərdə tədris köhnə dəbli yolla keçirilir. Bu sistem 90-ci illər üçün yaxşı idi, lakin ehtiyaclar indi dəyişib və biz XXI əsr üçün yeni bir şey kəşf etməliyik”.

Ayrıca dərs fənləri yerinə fənlərarası formatda hadisələr öyrəniləcək. Məsələn, İkinci Dünya Müharibəsi həm tarix məzmunda həm coğrafi, həm də riyazi tərəfdən tədqiq ediləcək. "Kafedə iş” kursunun təlimi zamanı isə şagirdlər ingilis dili, iqtisadiyyat və kommunikativ bacarıqlar haqda kompleks biliklər əldə edəcəklər. Bu sistem 16 yaşdan başlayaraq yuxarı sinif şagirdləri üçün nəzərdə tutulur. 

İdeyaya görə, məktəbli özü hansı hadisəni öyrənəcəyini seçir. Bu da onun gələcəkdə hansı yolu seçməyindən asılıdır. Beləliklə, yeniyetmə: "Bu mənə lazımdır?”, "Nə üçün mən bunu öyrənməliyəm?” kimi əbədi suallardan azad olacaq. Dəyişikliklər "müəllim-şagird” ənənəvi formatına da aiddir. Məktəblilər parta arxasında oturub həyəcanla lövhə qarşısına çağıracaqlarını gözləməyəcəklər. 

Bunun yerinə balaca qruplar arasında qurulan əməkdaşlıqda problemlər müzakirə ediləcək. Fin təhsil sistemi komandada işləməyi həvəsləndirir və buna görə də, dəyişikliklər müəllimlərin işinə də təsir göstərəcək. Helsinkinin 70 faiz müəllimləri artıq yeni sistem üzrə informasiyanı çatdırmaq üçün təlim keçiblər. Eyni zamanda onların maaşları da artacaq. Təhsil sisteminin tam yenilməsi 2020-ci ildə gözlənilir.

Maraqlıdır, Azərbaycanda nə vaxtsa bu sistemə keçə və ya fənlərin sayında azalma baş verə bilərmi?

"XXI əsr” Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyev bildirdi ki, yaxın gələcəkdə dərsliklərin fənlərarası yanaşma yönümlü yazılması bizdə də olmalıdır: "İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı şagirdlərin təhsil nailiyyətlərinin qiymətləndirilməsi üzrə Beynəlxalq proqram (PİSA) həyata keçirir. Tədqiqatın əsas məqsədi 15 yaşlı şagirdlərin cəmiyyətin həyatında fəal iştiraka hazırlığını yoxlamaqdır. Şagirdlərin təhsil nailiyyətlərinin tədqiqatı 3 əsas istiqamət üzrə aparılır. "oxu savadı”, "riyazi savad”, və "təbiət elmlərindən savad”. Burada əsas diqqət şagirdlərin qeyd olunan sahələr üzrə mühüm anlayışları başa düşməsinə, metodları mənimsəməsinə, qazandıqları bilikləri müxtəlif həyat situasiyalarında tətbiq etmək bacarıqlarının yoxlanılmasına yönəldilir. Fin uşaqları artıq neçə illərdir ki, bu yarışma üzrə aparıcı yerləri tuturlar. Bu ölkədə orta məktəb müəllimlərinə geniş səlahiyyətlər verilib. Onlar tədrisin keyfiyyətinə cavabdehlik daşıyırlar. PİSA üzrə aparıcı yer tutan ölkənin şagirdlərinə tədrisin fənlərarası formada qurulması çətinlik yaratmayacaq. Çünki bunun üçün müəyyən əsaslar var.  "Bu mənə lazımdır?”, "Nə üçün mən bunu öyrənməliyəm?” kimi suallara cavab tapmaq hər ölkənin təhsil sisteminin qarşısına qoyula bilməz. Təbiət elmlərinin tədrisində də fənlər arası yanaşma olduqca vacibdir. Fizikanın kimya və biologiya ilə əlaqəli öyrədilməsi uşaqlarda elmi təfəkkürün inkişafına səbəb ola bilər. Yaxın gələcəkdə dərsliklərin fənlərarası yanaşma yönümlü yazılması bizdə də olmalıdır. Fənnin ayrıca tədrisi uşaqlarda əyani təsəvvürlərin genişlənməsinin qarşısını alır. Bizim müəllim hazırlayan ali məktəblərimiz fənlərarası yanaşma paradiqmasına yetərincə diqqət yetirmirlər. Bunu özü prosesi xeyli ləngidir”.

Azad Müəllimlər Cəmiyyətinin sədrin Məlahət Mürşüdlü bildirdi ki, Azərbaycanda bunun baş verməsi üçün illər lazımdır: "Azərbaycanda bu proses baş verə bilməz. Çünki cəmiyyət, məktəblər buna hazır deyil. Adicə kurikulmların təlimlərinə başlayanda nə qədər təpkilər oldu. Hətta bəzi mütəxəssislər də bunun əleyhinə çıxdı və çıxmaqdadır. Bizim təhsil sistemimiz buna hazır olmalıdır. Cəmiyyət hazır olmalıdır. Finlandiyada təhsil nəinki Avropanın dünyanın ən qabaqcıl təhsil keyfiyyətləri baxımından irəlidə gedən ölkədir. Bunlar zamanında bu gün ki, addımı atmaq üçün müəyyən tədbirlər, layihələr həyata keçiriblər. Bu gün Azərbaycan bu sistemə keçə bilməz. Buna illər lazımdır Çünki dediyim kimi alt yapısı olmadan müəyyən bir proqramın, layihənin həyata keçirilməsi uğursuzluğa uğrayır. Azərbaycanın hazırkı təhsil proqramının ağırlığı danılmaz faktdır. Bu istiqamətdə tədris planların addımlar atılır. Məsələn dərslərin blok şəklində verilməsi, dekorativ dərslər deyirik, bu təhsilin məzmununda özünü göstərir. Bu 80-ci illərin axırı, 90-cı illərin əvvəllərində elə bir dərslik meydana çıxdı ki, orada fizika, coğrafiya, kimya ilkin olaraq blok şəklində bir fənn adı altında, insan adlanır bu fənn tədris edildi. 6-cı sinifdə onu sınaqdan çıxarmaq istədilər. Sözsüz ki, o dərslikləri deyəcək müəllimlər də tapılmadı. 1 il güc bəla ilə bir adam tapdılar ki, 3 predmeti bir arada eyni səviyyədə bilib tədris edə biləcəkdi. Bunu sonradan aradan götürdülər. Yəni bu gün biz fizika, riyaziyyat, kimya kimi qohum fənlərin blok şəklində verilməsi üçün müəllim hazırlığı lazımdır. Bu gün biz tapa bilərikmi ki, bir müəllim eyni səviyyədə blok şəklində fizika, kimyanı tədris edir. Yəni ki, addımlar bu istiqamətdə atılır. Çox təəssüf ki, bəzən də lazımı, vacib fənlər ixtisara salınıb. Məsələn Konstitusiya kimi bir fənnin öyrədilməsi orta məktəblərdən götürülüb. Bundan başqa İnsan və Cəmiyyət fənni, hansı ki, insanın şəxsiyyət kimi yetişməsində bu fənlərin tədrisi vacibdir və mühüm əhəmiyyət kəsb edir”.


Günel MANAFLI, musavat.com


Вернуться назад