Главная > Yazarlar > Susanların jurnalisti olmaq

Susanların jurnalisti olmaq


6-11-2016, 23:55.
Elkin Xəlilov yazır...

Neçə gündür, ən azı Türkiyə Cümhuriyyətinin yaşı qədər tarixi olan "Cumhuriyet" qəzetinin binası önündəki hadisələri izləyirəm. 

Fəthullah Gülən və kürd silahlılarla şübhəli əlaqələri olduğu iddia olunan "Cümhuriyet" qəzetinə  cinayət işi açılıb.

Qəzetin baş redaktoru Murat Sabunçu və yazarlar Güray Öz, Aydın Engin, Hikmet Çetinkaya və Hakan Kara həbs olunublar.

Gün ərzində bir neçə canlı yayım olur. Təəssüflə də olsa, izləyirəm. Bir ölkənin yaşı qədər tarixi olan qəzetin əməkdaşları didərgin salınıb. 

Amma nə yalan deyim, baxdıqca bir az da paxıllıq hissi keçirirəm. Kimlər gəlmir qəzetin binasının önünə: tikintidə işləyən fəhləsi, dönər satanı, aktyoru, yazarı, siyasətçisi, müğənnisi, təqaüdçüsü, tələbəsi...

Bəli, vətəndaşlar qəzetin binası önündə keşik çəkir, dəstək verirlər.  

Repressiyalara baxmayaraq, "Cumhuriyət"çilər də təslim olmur. 

***

Dünən "Sərhədsiz reportyorlar” beynəlxalq media təşkilatı noyabrın 2-də 2016-cı illə bağlı hesabat açıqlayıb. 

180 ölkə arasında, 163-cü yerdəyik. 

Bəli, 163-cü yerdə. 

O yerdə ki, bizdən 2-3 pillə yuxarıda olanlar jurnalisti küçədə edam edirlər: sorğusuz, sualsız. Yəni cəmi bir-neçə addım qalıb. 

***

Qayıdaq "Cümhuriyət"in önünə. Canlı yayımların birində sənətçilərdən biri dedi: "Sənətçi susarsa, sənət ölər". 

Biz də neçə ildir ki, bu ölkədə niyə sənətin olmamasından danışırıq. Sən demə, türk sənətçinin söylədiyi kimi, susublar, nəticədə ölüblər...

Yaşı dövlət müstəqilliyimizdən çox olan "Azadlıq" qəzetinin çapı dayanıb: səbəbsiz, filansız. Bir aydının, bir öndə gedənin səsi gəlmədi. Qəzetin qapadılması ölü sükutla qarşılandı.

Bayaq elə bunu deyirdim: "Cümhuriyət"in önündəki çıxışlar paxıllıq hissi yaradır. Üç gündür qəzet binasının önünü tərk etməyən insanlar varkən təslim olmaq olarmı? Yox, olmaz. Təslim olmayan oxucu naminə jurnalist də təslim olmaz. 

Keşkə bu dəstəyin bir faizini hiss edərdik sizdən...

***

163-cü yer deyib keçməyin. Bir fikirləşin, Əfəndilər! 

Yazılarımızda hərf səhvi axtarmaqdansa, ölkəni tərk edənləri lağa qoymaqdansa, güzgüyə baxın.

Anlayın ki, bu ölkədə jurnalist olmaq, Ərəbistanda ateist olmaq kimidir. 

Burada da yazanların aqibəti eynidir!

Bu ağır durumda, bir də sizin susmağınız var! 

Siz susduqca, bizi öldürürlər! 

Siz susduqca, bizi döyürlər! 

Siz susduqca, sıralarımızı seyrəldirlər! 

Siz susduqca, yazılarımızı doğrayırlar! 

Siz susduqca, bizi həbs edirlər!
 
 
(arqument.az)



Вернуться назад