Главная > Ölkə > Cəbhədə iriçaplı silahlarla atəşkəs pozulub

Cəbhədə iriçaplı silahlarla atəşkəs pozulub


31-10-2016, 14:22.

Azərbaycan Müdafiə Nazirliyi cəbhədə vəziyyətin gərginləşməsi ilə bağlı oktyabrın 31-də məlumat yayıb.

Nazirlik bildirir ki, oktyabrın 30-da axşam saatlarından başlayaraq Ermənistan silahlı bölmələri cəbhənin şimal-qərb istiqamətində Azərbaycan Ordusunun mövqelərini iri çaplı silahlardan atəşə tutub.

Məlumatda qeyd edilir ki, erməni tərəfi 60 millimetrlik minaatanlardan, "AQS-17” tipli avtomatik qumbaraatanlardan və iriçaplı pulemyotlardan istifadə edib.

Azərbaycan Müdafiə Nazirliyi xəbərdar edir ki, qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, son sutka ərzində Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 45 dəfə pozub.

Öz növbəsində, Ermənistan mediası rəsmi mənbələrə istinadən erməni tərəfinin atəşkəs rejiminə əməl etdiyini və Azərbaycan Müdafiə Nazirliyinin məlumatının yalan olduğunu bildirir.

Cəbhədə son gərginlik ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfərindən sonraya təsadüf edir. Həmsədrlər oktyabrın 23-dən 25-dək regionda səfərdə olub və prezidentlərin növbəti görüşü, tərəflərin mövqelərinin dəqiqləşdirilməsi ilə bağlı məsləhətləşmələr aparıb.

Həmsədrlərin regiona səfərinin yekunları ilə bağlı birgə bəyanatında deyilir ki, atəşkəs rejimi haqqında razılaşmaya əməl edilməsi danışıqların davam etdirilməsi üçün çox vacibdir.




Вернуться назад