Главная > Araşdırma > Sovet respublikalarının müstəqillik tarixi

Sovet respublikalarının müstəqillik tarixi


18-10-2016, 16:28.
Dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda danışan prezident İlham Əliyev deyib ki, 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini elan edən müttəfiq respublikalar arasında sayca 13-cü olub.

Novator.az bununla bağlı arayış hazırlayıb.

1922-ci ildə yaradılmış SSRİ-yə dağıldığı 1991-ci ilə qədər Rusiya və daha 14 respublika daxil olub: Estoniya, Latviya, Litva, Moldova, Belarus, Ukrayna, Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan.

Sovet İttifaqından ayrıldığını bəyan edən ilk respublika Litvadır. 1990-cı il martın 11-də respublika Ali Soveti Litvanı müstəqil dövlət elan edib.

Latviya parlamenti SSRİ-dən ayrılmaq haqqında qərarı 4 may 1990-cı ildə çıxarıb.

Estoniyanın dövlət müstəqilliyi Ali Sovetin 8 may 1990-cı il qərarı ilə bəyan olunub.

1990-cı il avqustun 23-də Ermənistan Ali Soveti müstəqillik prosesinin başlanması haqqında bəyannamə qəbul edib. 1991-ci il sentyabrın 21-də müstəqillik referendumu keçirilib.

1991-ci il aprelin 9-da Gürcüstan Ali Soveti dövlət müstəqilliyi haqqında akt qəbul edib.

Ukraynanın dövlət müstəqilliyi Ali Radanın 24 avqust 1991-ci il aktı ilə bəyan olunub.

Belarus parlamenti dövlət müstəqilliyini 25 avqust 1991-ci ildə elan edib.

Moldova parlamentində müstəqillik haqqında bəyannamə 1991-ci il avqustun 27-də qəbul olunub.

Özbəkistan və Qırğızıstan dövlət müstəqilliyi aktını 31 avqust 1991-ci ildə qəbul ediblər.

Tacikistanın dövlət müstəqilliyi 9 sentyabr 1991-ci ildə bəyan olunub.

Türkmənistan 27 oktyabr 1991-ci ildə müstəqillik elan edib.

Qazaxıstan 1991-ci il dekabrın 16-da müstəqil dövlət elan olunub.

23 sentyabr 1989-cu ildə Azərbaycan Ali Soveti respublikanın suverenliyi haqqında konstitusiya qanununa səs verib.

1991-ci il avqustun 30-da Azərbaycan parlamenti Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması haqqında bəyannamə qəbul edib. Oktyabrın 18-də qanunverici orqan dövlət müstəqilliyi haqda konstitusiya aktına tərəfdar çıxıb. Dekabrın 29-da dövlət müstəqilliyi haqda konstitusiya aktı referendumla təsdiqlənib.

Ölkədə dövlət müstəqilliyi günü oktyabrın 18-də qeyd olunur.

Вернуться назад