Главная > Cəmiyyət > "Mən buna pəltək vətənpərvərlik deyirəm"

"Mən buna pəltək vətənpərvərlik deyirəm"


13-10-2016, 20:49.
Son vaxtlar ədəbi dilin normalarına, xüsusən də orfoqrafik qaydalara riayət etməyənlərin sayı günü-gündən artır. Sosial mühitdə isə demək olar ki, dil qaydaları kobud şəkildə pozulur, prinsiplər gözlənilmir. Hətta bu kimi hallara yol verənlər arasında jurnalistlər və yazarlar da az deyil. Düzdür, bir çoxları bunu sosial şəbəkələrin öz istifadəçilərinə sərbəst ifadə imkanı tanıması ilə əlaqələndirir. 

Bəs əslində, necə olmalıdır, ümumiyyətlə, dil qaydalarına əməl etmək vacibdirmi?
 
Arqument.Az olaraq, məhz bu sualla bir neçə yazara müraciət etdik. 

Şair Qəşəm Nəcəfzadə hesab edir ki, dil qaydalarına əməl etmək vacibdir: "Harada olursa, olsun, harda yazılırsa, yazılsın, ən vacib məsələlərdən biri də dilin qayda-qanunlarına əməl etməkdir". 

Yazıçı Şərif Ağayarın bu məsələyə yanaşması bir qədər fərqlidir: "Baxır hansı qaydalar. Məsələn, elə səhvlər var, bağışlanmazdır, eləsi də var, yola vermək olar. Tutaq ki, Saatlını Satlı yazmaq olmaz, amma "amma"nı "ama" yazmaq olar. Yaxud, cümlə bitəndə nöqtə qoymaq vacibdir, ancaq nöqtəli vergül olmasa da olar. Ümumiyyətlə, texniki təchizat durğu işarələrini istisna edir. Mümkün qədər azaltmaq lazımdır və zaman-zaman belə də olacaq. Ancaq bu mərhələli proseslə getməlidir. Fikrin mənasına ciddi xələl gətirən qüsurlara yol vermək olmaz". 

"Riayət etmək yaxşı olardı. Amma nəzərə almaq lazımdır ki, biz sosial şəbəkədən təkcə kompüter arxasında rahat şəraitdə oturub istifadə etmirik axı. Telefonla sosial şəbəkəyə girəndə isə lap çətindir, avtobusda, metroda və başqa situasiyalarda da nəsə yazırsan", - bunu isə yazıçı Mirhehdi Ağaoğlu deyir. 

Yazıçı-publisist Pərviz Cəbrayıl da dil qaydalarına əməl olunmasının vacibliyini vurğulayıb: "İstər sosial şəbəkələr olsun, istər media, dilin qaydalarına əməl etmək hər birimizin başının borcudu. Dil də vətəndi, millətdi və bəlkə də, elə ən böyük vətən-millət dildir. Çünki millət dil açdığı gündən bu günə qədər nə yol keçibsə, nə yaşayıb, nə yaradıb, nə itiribsə, hamısı dilin qatlarında yatır. Bəzən bizə elə gəlir ki, sosial şəbəkələrdə səhv-sühv yazanlar, sadəcə, başısoyuqluq edirlər. Məncə, elə deyil, onların çoxu bu dili bilmir, bildiyi kimi də yazırlar. Problem korrektura xətalarında deyil, adamlar öz dilini bilmir, nə öyrədiblər bu dili onlara, nə onlar zəhmət çəkib öyrəniblər. Universitet bitirib danışıq dili ilə (tələffüz) yazı dilini ayırd edə bilmir çoxu. Bu cür pəltək dillə millət-vətən, hətta dil dərsi keçənlər var. Mən buna pəltək vətənpərvərlik deyirəm. Özünə zəhmət verib dilini öyrənməyən adam nə edə bilər ki, vətən üçün? Sevgilisinə təşəkkür sözünü "tşk" yazmaq kimidir bu. Özünə 5 hərfi yazmağı əziyyət bilir, ancaq təşəkkür edir. O adamın sevgisi əsl ola bilməz. E yerinə Ə, Sh və ya w yerinə ş, u yerinə ü yazmaq nə qədər çətindir ki? Sadəcə, əziyyətə qatlanmaq istəmirlər. Dilinə hörmət qoymayanlardan heç nə gözləmirəm mən. Sevgi çatışmır adamlarda, sevgi!" 

Şair Rasim Qaraca isə sosial şəbəkələrdə dil qaydalarının tələb kimi qoyulmasını mənasız sayır: "Sosial şəbəkələr bir çox insanların yeganə sərbəst məkanıdır, burada qayda-qanunlar qoymaq mənasızdır, mümkün də deyil. Kim nə cür istəyirsə, o cür də yazmalıdır. Məsələn, mən ə hərfindən imtina etmişəm, inanıram ki, gələcəkdə ə hərfi dövrədən çıxacaq". 

Şair-jurnalist Rüfət Əhmədzadənin də bu mövzuda fikirləri maraqlı oldu: "Mən telefonla daxil olarkən, çox vaxt statusları Azərbaycan latın qrafikası ilə yazmıram.Amma çalışıram ki, durğu işarələrinə, cümlə quruluşuna və sözlərin düzgünlüyünə diqqət yetirim. Ölkəmizdə hər şeyə "ayıbdır, camaat baxır" şüarı ilə yanaşanlar düzgün yazmağa da bu şüarla yanaşsalar, daha yaxşı olar".

Arqument.az- Hüseyn Bağırov

Вернуться назад