Главная > Mədəniyyət > Xanım İsmayılqızı :"Tək qalmısan"

Xanım İsmayılqızı :"Tək qalmısan"


8-10-2016, 19:28.

Xanım İsmayılqızı

 

Deyəsən tək qalmısan,
Düşünməyə vaxtın var.
Əgər vaxt verilirsə,
Demək sənin baxtın var.

Tək qal, amma təklənmə,
Heç vaxt küncə sıxılma.
Barmaqla göstərsələr,
Möhkəm dayan, yıxılma.

Sən seçilmiş adamsan,
Nə gəldi seçmək olmaz.
Sənin seçdiyin yoldan
O yana keçmək olmaz.

Bir söz verilib sənə,
O sözün adı - Zülüm.
Bir çox qafiyəsi var,
Çalış olmasın - Ölüm.

Təkliyə şəkk gətirmə,
Hər kəs tək qala bilməz.
Allah sənə bar verib,
Pulla satıla bilməz.

Hamı səndən söz istər,
Sən söz deməyə gəldin.
Bağlı qalan qapını
Açıb, köməyə gəldin.

Damla-damla boşalan,
Damcılarla dolacaq.
Gedən nə, gələn nəsə,
Adına yazılacaq.

Deyəsən tək qalmısan,
Duyğuların incəlir.
Özünlə öz aranda,
Beynin, ruhun dincəlir.

Sən özünü itirmə,
Qorxma ki, qalmısan Tək.
Səni Allah bəyənib,
Sənə uzadıb ətək.


 (27 iyul. 2008)

 

Uluyol.info



Вернуться назад