Главная > Türk Dünyası > Türk birlikləri İstanbulda toplandı- birlik mesajı-FOTOLAR

Türk birlikləri İstanbulda toplandı- birlik mesajı-FOTOLAR


7-10-2016, 11:42.

Akif Nağı: "Qarabağ təkcə Azərbaycanın deyil, türk dünyasının savaşıdır" 

 


Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Türkiyədə görüşlərini davam etdirir. QAT sədri İstanbulda Türk Xalqları Konqresinin təşkil etdiyi konfransa da qatılıb. Musavat.com xəbər verir ki, konfrans iyirminci əsrdə baş verən türk soyqırımlarına, işğal və sürgünlərə həsr olunub. Tədbirdə müxtəlif ölkələrdən, Türkiyə, Bolqarıstan, Azərbaycan və Əfqanıstandan olan türk toplumları, birlikləri iştirak ediblər. 

Bolqar türkləri dərnəyinin rəhbəri Rafet Ulutürk çıxış edərək bolqar türklərinin on illərlə məruz qaldıqları zülmlərdən söz açıb: "Ancaq bolqar türkləri bütün zülmlərə rəğmən, öz haqlarını sonadək müdafiə edə bildilər”.

Əfqanıstanda valilərindən olan Əkrəm Öztürk isə bildirib ki, Əfqanıstan türkləri də türk dünyasının qanayan yerlərindən biridir: "Bütün türk dünyasında acılar, sıxıntılar var. Türk coğrafiyasında yaşanan, bizə qarşı yaşanan zülmləri birləşərək aşacağıq. Bizim birlik-bərabərliyə ehtiyacımız var. Türk dünyasının Türkiyədən ümidi, gözləntisi var. Bir millət olaraq düşmənlərə qarşı birgə hərəkət etmək vacibdir”.

QAT sədri Akif Nağı isə Dağlıq Qarabağ savaşının tarixindən, bölgədə yaşananlardan, ermənilərin işğalçılıq və soyqırım siyasətindən danışıb. Onun sözlərinə görə, türk dünyasının ümumi problemləri özümüzün birgə səylərimizlə həllini tapmalıdır: "Bu gün burada Bolqarıstanda, Əfqanıstanda, həmçinin Azərbaycanda, Türkiyənin özündə mövcud olan problemlər dilə gətirildi. Hər bir problem yalnız birgə səylərlə öz həllini tapa bilər. Razılıqla qeyd edə bilərik ki, Azərbaycana qarşı erməni işğalı artıq br çox türk və islam toplumlarının diqqətindədir. Çoxları bu problemin mahiyyətini bilir və həlli üçün öz yardımını göstərməyə çalışır. Bizim də bir təşkilat olaraq məqsədimiz Qarabağ həqiqətlərini dünyaya çatdırmaqdır. Qarabağ təkcə Azərbaycanın deyil, türk dünyasının savaşıdır". 

Bütöv Azərbaycanlılar Birliyinin rəhbəri Aqil Səmədbəyli də türk dünyasının problemlərindən narahatlığını ifadə edib və vahid birləşdirici liderə ehtiyac olduğunu vurğulayıb.

Bolqar türkü olan keçmiş siyasi məhbus Sabri İsgəndər də həbsindən, həbsdə ona və digər türklərə qarşı edilən işgəncələrdən danışıb.  

Konfransda QAT-ın çəkdiyi "Qarabağ həqiqətləri” adlı film də nümayiş etdirilib. Konfrans zamanı həmçinin bolqar türkü olan rəssamın Bolqarıstandakı etnik təmizləmə siyasətini özündə əks etdirən rəsmləri sərgilənib. Embiya Çavuşun həmçinin Azərbaycanda baş verən qətliamları özündə əks etdirən üç əsərinin olması barədə də məlumat verilib. Türk dünyası mədəniyyət və insan haqları dərnəyinin rəhbəri Celal Öcal bolqar türklərinə qarşı edilən dəhşətləri şəkillərlə anladıb. 

Röya-Musavat.com

 














Вернуться назад